DÜŞMƏNİN “QARABAĞ-TELEKOM” STANSİYALARI AZƏRBAYCANIN ƏLİNƏ KEÇİB…” – Ermənilərin daha bir etirafı

Hit QARABAĞ
Spread the love

Ermənistanda Qarabağdakı erməni əsgərlərinin mobil telefondan imtinasına dair çağırışlar çoxalmağa başlayıb.

“Dünyanınsəsi.info” xəbər verir ki, erməni hərbi ekspert, “Razm.info” portalının koordinatoru Karen Vrtanesyan Qarabağdakı ermənilərə xəbərdarlıq edib.

K.Vrtanesyanın fikirlərinə istinad edən “Sputnik Armeniya” yazır ki, artıq Azərbaycan tərəfi üçün Qarabağ ərazisindən Ermənistana yönələn zənglərə nəzarət etmək heç bir problem yaratmır və bu, erməni əsgərləri üçün olduqca təhlükəlidir.

Hərbi ekspert bildirib ki, buna səbəb vaxtilə qondarma rejimin nəzarətində olan ərazilərdə mobil rabitə xidməti göstərən “Qarabağ-Telekom”-un stansiyalarının artıq Azərbaycan ordusunun əlinə keçməsidir: “Müharibə başlayandan sonra “Qarabağ-Telekom”-un sytansiyalarının bir neçəsi düşmənin əlinə keçib. Azərbaycan Hərbi Qüvvələrinin malik olduqları texniki vasitələr “dqr”-dən çıxan bütün zəngləri dinləməyə, nömrənin yerini, zəngin vaxtını, hətta telefonun özünü belə müəyyən etməyə, haraya zəng edildiyinə nəzarət etməyə və s. imkan verir.”

Erməni ekspert əsgərlərə xəbərdarlıq edib ki, zəng edərkən mənsub olduqları hərbi birləşmələrdən 2-3 kilometr uzaqlaşmalı və 2-3 dəqiqədən artıq danışmamalıdırlar. Qalan vaxt isə telefonu söndürməlidirlər: “Düşmən asanlıqla telefonların toplaşdığı yeri 10-30 metr dəqiqliyə qədər müəyyən edə bilir. Bu, meşəlikdə, yaxud hansısa dərədə qeydə alınırsa, deməli oraya xeyli canlı qüvvənin toplaşdığı məlum olacaq. Fikrimcə, hamı bunun nəylə nəticələnə biləcəyini anlayır. Ona görə də bütün telefonlar söndürülməlidir.”

O, hətta bildirib ki, bütün bunlar təkcə smartfonlara deyil, adi telefonlara da aiddir və Azərbaycan tərəfi istənilən telefonla həyata keçirilən mobil rabitəyə nəzarət edə bilir.

Göründüyü kimi, Azərbaycan Ordusu sınıq-salxaq erməni quldur dəstələrini təkcə hərbi texnika və canlı qüvvəyə deyil, mobil rabitəyə də həsrət qoyub. Erməni hərbi ekspertin xəbərdarlığı isə Azərbaycanın işğal edilmiş ərazilərimiz üzərində bütün sahələr üzrə nəzarəti ələ keçirməkdə olduğunun növbəti etidrafıdır.

Dünyanınsəsi.Az