Dövlət Agentliyi Mingəçevirdəki tibb işçilərinin etirazı ilə bağlı məlumat yaydı

Hit ÖLKƏ
Spread the love

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə müddətli əlavənin verilməsi barədə  rəsmi məlumat yayıb.

Dünyanınsəsi.Az-a göndərilmiş həmin məlumatı təqdim edirik:

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib:

  1. Tibbi  profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif)  maaşının 3 misli məbləğində

Məlumat üçün bildirək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilir:

  • tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;
  • təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri;
  • tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər;
  • COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;
  • COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri.
  1. Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində
  2. Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində

Nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması ilə əlaqədar “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilmiş məlumata görə təcili tibbi yardım üçün gün ərzində ümumilikdə 5 briqada ayrılır. Hazırda Mingəçevir şəhərində yeni növ koronavirus infeksiyasına yoluxma sayı aşağı səviyyədə olduğu üçün koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik 1 briqada cəlb edilir. Həmin briqadanın işçilərinin aylıq vəzifə (tarif) maaşlarına cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilir.

Digər xəstəliklərlə bağlı gündəlik çağırışların sayının 80-120 arası olması nəzərə alınaraq, qalan 4 briqada təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərlə (infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, zəhərlənmə və s.) bağlı çağırışlara gedir. Həmin işçilər koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmədikləri üçün onların aylıq vəzifə (tarif) maaşlarına müddətli əlavə tətbiq edilmir.

Məlumat üçün bildirək ki, əhalinin sağlamlığı və təhlükəsizliyi məqsədilə tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlilik qaydasında hazırlanan qrup əsasında cəlb edilirlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir.

Nəzərinizə çatdırırıq ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən məlumata əsasən müəyyən şikayətli (məsələn, hərarət) xəstələrlə təmasda olan, eləcə də təcili tibbi yardım avtomobilinin təmizlənməsində iştirak edən işçilər də iddia edirlər ki, onlara da müddətli əlavələr tətbiq edilməlidir. Həmin işçilərə dəfələrlə xəstəxana rəhbərliyi tərəfindən lazımi açıqlamalar verilib və mövcud vəziyyət izah olunub. Bildirilib ki, hər şikayəti olan xəstə koronavirus infeksiyasına yoluxmuş hesab edilmir, eyni zamanda təcili tibbi yardım avtomobilləri dezinfeksiya olunduqdan sonra işçilər tərəfindən təmizlənilir.
Qeyd edək ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən əməkdaşlar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavənin ödənişi mütəmadi qaydada həyata keçirilir.

Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün həmin şəxsin kimliyinin qeyd olunması xahiş olunur.

Xatırladaq ki, fevral ayının 10-da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinin-Təcili Tibbi Yardım xidmətinin  əməkdaşları  COVİD-19-a görə ödənilən əmək haqlarının kəsilməsi ilə bağlı etiraz edərək ölkə rəhbərliyinə videomüraciət etmişdilər.

Dünyanınsəsi.Az