Deputatdan Operativ Qərargahla bağlı TƏKLİF: “Virusoloq, epidemioloq, pulmonoloq, infeksionist, mikrobioloq cəlb edilsin”

Əsas Manşet SİYASƏT
Spread the love
Son vaxtlar Azərbaycanda pandemiya ilə bağlı vəziyyət ciddi narahatlıq yaradıb. Bakı da daxil olmaqla 8 şəhər və rayonda daha 15 günlük xüsusi karantin rejimi elan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva həftəsonu qapanma günlərində müsbət nəticə əldə olunmadığını bildirib.

Daha əvvəl isə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun pandemiya ilə mübarizədə effektsiz nəticənin davam etməsi ilə bağlı çıxışı insanları ciddi narahat etməyə başlayıb.

Xüsusilə sosial şəbəkələrdəki müzakirələrdə Operativ Qərargahda kimlərin təmsil olunduğu maraq doğurub. Belə bir zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tərkibinin dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Cebhe.info-ya açıqlamasında virusla mübarizə prosesinə daha peşəkar mütəxəssislərin cəlb olunmasını vacib sayıb:

“Ölkədə pandemiya ilə bağlı yoluxma və ölüm sayı artıb. Təbii ki, hamı təşvişdədir və narahatdır. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərkibinin dəyişdirilməsi yox, digər peşəkar və tanınmış mütəxəssislərin tərkibə cəlb olunması mümkün ola bilər. Ölkəmizdə epidemiyaya qarşı mübarizəyə Səhiyyə Nazirliyi də qoşulmalıdır və əminəm ki, nazirlik Operativ Qərargahın üzvüdür. İlk günlərdən də gördünüz ki, Səhiyyə nazirinin müavini Viktor Qasımov Operativ Qərargahın üzvü olaraq bu işə cəlb olundu. Demək ki, nazirlik də bu mübarizə prosesində iştirak edir. Amma Azərbaycanda kifayət qədər tanınmış virusoloq, epidemioloq, pulmonoloq, infeksionist, mikrobioloq, genetiklər var. Hansı ki, o mütəxəssislər sırf olaraq virusla mübarizəyə fokuslanmış həkimlərdir. Dünyanın heç bir ölkəsində koronavirusun törətdiyi xəstəliyi bilən yoxdur. Çünki ilk dəfədir bu xəstəlik var. Hətta səhiyyəsi ən inkişaf etmiş ölkələrdə də bu yenidir. Azərbaycanda martdan başlayan pandemiya ilə mübarizə tədbirlərinə və ictimaiyyəti maarifləndirməyə yuxarıda qeyd etdiyim peşəkar mütəxəssisləri cəlb etmək lazımdır. Çünki tanınmış virusoloq, epidemioloq, infeksionistlərimiz birbaşa koronaviruslu xəstələrlə məşğuldurlar. Onlar pandemiya ilə tanışdır və xəstəliyin gedişatını müalicələrdə görürlər. Müalicə zamanı hansı hallar ortaya çıxır, virusa hansı dərmanlar təsir edir və yaxud xəstəliyin müddəti neçə gün çəkir, bütün bunları xəstələrlə hər gün təmasda olan bu cür mütəxəssislərimiz bilir. İctimaiyyətə və mediaya da o mütəxəssislərimizi çıxarmaq lazımdır. Əminəm ki, pandemiya ilə mübarizə tədbirləri və müalicələri TƏBİB-in, yəni bir qurumun monopoliyası altında getmir. Sadəcə olaraq, hər kəsin öz vəzifəsinə görə səlahiyyətləri var”.

Dünyanınsəsi.Az