
DEPUTAT FAZİL MUSTAFAYA SİLAHLI HÜCUM OLUB – Hazırda əməliyyat olunur (YENİLƏNİR)
Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, deputat hazırda əməliyyat olunur.
Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.
Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.
***
Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir.
Bu barədə “Report”a TƏBİB-dən bildirilib.
“TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur”, – məlumatda deyilir.
***
Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.
“Report”un əldə etdiyi məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.
Qeyd olunub ki, deputatın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.
***
Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.
Polis hadisə yerindədir.
Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb.
Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.
DİN Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.