Damlanın fanatları

Hit ŞOU
Spread the love

Sosial şəbəkədə önümə bir paylaşım çıxdı, İsfəndiyar kişinin sözü olmasın, əhvalım qarışdı. Bu nəydi?

Keçək mətləbə. Demək, yazıçı Qan Turalın paylaşdığı şəkil müğənni Damlanın paylaşımının skrinşotudur.

Şəkildə görünür ki, bir gənc adam (oğlan, ya qız olduğu o qədər də aydın deyil) sol qolunun iç tərəfinə bıçaqla D A M L A hərfləri çərtib, sonra eyni qayda da ölümsüzlük işarəsi də həkk edərək işarə verib ki, fanatı olduğu müğənnin yolunda intihar etmək niyyətindədir və artıq hazırdır (Şəkil 4-cü abzasla 5-cinin arasında olacaq).

Bu şəxs kimdirsə, sol qolunun şəklini müğənni Damlaya göndərib, o da həssas və ürəyiyuxa qadın olaraq həyəcanlanıb ki, birdən fanatı özünə bir şey edər, götürüb sosial şəbəkədə həmin şəkli aşağıdakı sözlərə müşayiət etdirərək paylaşıb: CANIM DAMLA FANLARI SİZİ BELƏ GÖRMƏK İSTƏMİRƏM. CAN ALLAHIN ƏMANƏTİDİR.BELƏ ETMƏKLƏ MƏNİ ÜZÜRSÜNÜZ.MƏN HAMINIZI SEVİRƏM.BU FANATIMLA MÜTLƏQ GÖRÜŞƏCƏM. (Orofoqrafiya və seçdirmələr olduğu kimi saxlanılıb).

265369757_3070251809929632_2059647414254807303_n.jpg (41 KB)

Görürsünüzmü, bir zamanlar ABŞ-da, Avropada dəb olan fanatizm xəstəliyi artıq bizə də gəlib çıxıb. O vaxtlar gənc insanlar Elvis Preslidən, Uitni Hyustondan, Madonnadan, Maykl Ceksondan, Dalidadan, Co Dasendən, nə bilim, son vaxtlar Castin Biberdən, Şakiradan ötrü əldən gedəndə, bu adamların konsertlərinə xeyli təcili tibbi yardım briqadaları cəlb olunanda (tez-tez fanatların ürəyi gedirdi), görüntülərə baxıb deyirdik, bunlar dəlidirlər, gicdirlər, nədirlər, niyə belə edirlər. Şübhələnirdik ki, bunlar ellikcə narkomandırlar, yoxsa ağıllı adam belə hərəkət etməz.

Gerçəkdən də biz, ağır-ağır oturub və ya talvarda mütəkkəyə dirsəklənib muğamata qulaq asan, düşüncələrə dalan adamlar belə canfəşanlığı, çığırışmanı, bayılmaları anlamırdıq, qəbul edə bilmirdik. Əslində bizimkilər də musiqi fanatıydı. İndinin özündə bir hünərli oğlan Gəncəbasarın qərbində girsin çayxanaya, saza bir söz desin, görüm. Adamı yortarlar. Yaxud Qarabağda muğamata ilişəni şiltim-şiltim edərlər. Abşeronda meyxanaya ağız büzəni elə edərlər ki, büzmə funksiyasına cavabdeh olan əzələlərində qopma əmələ gələr. Yəni bu da bizim musiqi fanatikliyidir.

Amma ta Damladan ötrü yox də. Nə oxuyur, nə ifa edir? Şəxsən mən özüm onu yalnız məşhur videosuna görə tanıyıram, onda da dedilər, özü deyil, sadəcə, ona oxşayan başqa qadındır. Vəssalam.

Damla stadionları dolduran Britni Spirsdirmi, əndamı və istedadıyla milyonların qəlbini fəth edən Merilin Monrodurmu? Deyil. Mikrofonu götürüb yanıqlı-yanıqlı, ah-nalə dolu səslə nəsə oxuyur, Allah canını sağ eləsin, qoyun oxusun, pulunu qazansın, ta bu cür palaz-plintus səviyyəsində olan ifadan ötrü qolunuzu, qıçınızı niyə bıçaqla yazırsınız?

İndi sosial şəbəkədə bu şəkli görən oxucuların bir xeylisi bunu səylik, dəmşalaxlıq, səviyyəsizlik, axmaqlıq, başıxarablıq adlandırır. “Damladan ötrü özünü öldürən atası”yla bağlı fikir bildirənlər də var. Əksəriyyət bu fikirdədir ki, nəinki Damladan ötrü, hətta Beyonsdan, Rihannadan ötrü də özünü öldürməyə dəyməz.

Əslində müğənni xanım özü də, yazdığına görə, çox üzgündür, deyir, belə şey eləməyin. Ancaq o, “bu fanatmla mütləq görüşəcəm” deməklə yekə bir kampaniyaya start vermiş olub. İndi həmin o səy fanat kimi digər gicqulular da biləklərini zədələyib uzanacaqlar ki, Damla bunların ziyarətinə gəlsin, öpücükdən-zaddan bir şey versin.

Damla da tək qadındır, necə eləsin, necə çatdırsın, hansı fanatının könlünü oxşasın? Çətindir. Onu da başa düşmək lazımdır.

Oxumuş adamlar isə deyirlər ki, bu mənəvi aşınmanın, deqradasiyanın, psixoloji sapıntıların məhsuludur. Nə bilim, vallah. Hər nədirsə, səfeh işdir. Əgər müğənninin oxuduğu mahnının sözləri fanatları mütəəssir edirsə, onu bir şair yazıb, yox, mahnının melodiyasi sevən qəlbləri ehtizaza gətirirsə, onu da bəstəkar yazıb. Bəlkə Damlanın vücudu fanatları dəli edir? Ay sizin zövqünüzə quzu kəssinlər, şəhərdə ondan gözəl 1 milyon xanım var…

Özünüzü ələ alın, balalar, bıçağınızı qoyun çibinizə, köynəyinizin qolunu da o vaxt çırmayın ki, nəsə ciddi bir iş görəcəksiniz.