Co Bayden “atəş açdı”, Putini düşmən elan etdi: Yeni “soyuq savaş” ABŞ-Rusiya toqquşmasına yol aça bilər

Manşet SİYASƏT
Spread the love

Rusiya prezidenti Vladimir Putinin təhqir olunması Ağ Ev və Kreml arasında hərbi-siyasi toqquşma dövrünə keçid xarakteri daşıya bilər; Bu iki superdövlətin yaxın gələcəkdə müxtəlif savaş poliqonlarında üzləşə biləcəkləri də qətiyyən istisna deyil…

ABŞ-Rusiya qarşıdurması daha gərginləşəcək. Artıq buna hər hansı şübhə yeri qalmadı. Və böyük ehtimalla yaxın gələcəkdə bu iki superdövlət arasındakı siyasi savaşın hərbi faktorlarla yüklənməsinə şahid ola bilərik.

Onu da qeyd edək ki, ABŞ-Rusiya qarşıdurması ilə yanaşı, bu nəhəng ölkələrin prezidentləri arasındakı şəxsi münasibətlər də böyük maraq doğurur. İndiyə qədər bu münasibətlər qətiyyən birmənalı və hamar olmayıb. Həmişə enişli-çıxışlı ünsiyyət örnəkləri diqqəti çəkib.

Rusiya prezidenti Vladimir Putin öz hakimiyyəti dönəmində bir neçə Ağ Ev sahibini yola salmağa nail olub. Onlardan bəziləri ilə qarşılıqlı münasibətlərdə gözlənilməz anlaşma meyilləri də müşahidə edilib. Münasibətlərin gərginlik səviyyəsini daim qoruduğu dövrlər də olub.

1029804289.jpg (30 KB)

Məsələn, ABŞ-ın keçmiş prezidenti, oğul Corc Buş Kreml sahibinə loyal münasibəti ilə seçilirdi. Bu iki dövlət başçısı arasında ABŞ-Rusiya problemlərinin şəxsi münasibətlərin üzərindən nizamlanması cəhdləri ön plana keçirilmişdi. Hətta onlar bir-birini imkan düşdükcə dost adlandırmağa belə, xüsusi həvəs göstərirdilər.

Prezident Barak Obamanın dönəmində isə analoji həvəsə təsadüf olunmadı. Düzdür, prezident B.Obama Rusiya ilə qarşıdurmanın kəskinləşdirilməsinə də xüsusi cəhdlər göstərmirdi. Ancaq Rusiya prezidenti V.Putin ilə mümkün qədər məsafə saxlanmasına üstünlük verirdi.

Prezident Donald Trampın hakimiyyətə gəlişi ABŞ-Rusiya münasibətlərinə fərqli rənglər qatdı. Ağ Ev sahibinin Rusiyadakı biznes yatırımları və ortaqlıqları onu Putin hakimiyyəti ilə səhnəarxası, bir çox hallardasa, pərdələnmiş münasibətlərə sövq edirdi.

Hətta prezident D.Trampın hakimiyyətdə qaldığı 4 il ərzində ABŞ cəmiyyətində onun Rusiyanın seçkilərə kibermüdaxiləsi sayəsində qalib gəldiyi iddia olundu. Və bu günə qədər də həmin iddialardakı həqiqət payı hələ də tam olaraq, aydınlaşmamış qalmaqdadır.

_115261963_p08xlwwg.jpg (53 KB)

Nəhayət, yeni ABŞ prezidenti Co Baydenin hakimiyyətə gəlişi ilə Aş Ev və Kreml arasındakı münasibətlərdə demək olar ki, yeni səhifə açılıb. Ancaq bu səhifədə hələlik o qədər də müsbət qeydlər yer almır. Əksinə, ABŞ-Rusiya münasibətlərinin ifrat şəkildə gərginləşdiyi müşahidə edilir. Hətta yalnız siyasi deyil, həm də hərbi faktorların ön planda yer aldığı qarşıdurma mühiti yaranıb.

Prezident Co Baydenin bütün istiqamətlər üzrə Rusiyanın nsıxışdırılmasında qərarlı olduğu artıq elə bir ciddi şübhə doğurmur. “Novalni qalmaqalı”ndan tutmuş ABŞ-ın patronajlığı altında olan NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyanı açıq mətnlə savaşla təhdid etməsinə qədər davam edən qarşıdurma prosesi artıq nəzarətdən çıxa biləcək səviyyəyə çatmış kimi görünür.

Bu superdövlətlər arasında baş verən sonuncu siyasi insident isə yaxın gələcək üçün olduqca təhlükəli hadisələrin ilkin əlaməti kimi də dəyərləndirilə bilər. Hər halda, prezident Co Baydenin bir müsahibədə Rusiyanın dövlət başçısı V.Putinin ünvanına iki dəfə ardıcıl “atəş açması”nı başqa cür yozmaq bir qədər çətindir.

Ağ Ev sahibi əvvəlcə prezident V.Putini hədələyib. O, bildirib ki, Rusiya prezidenti ABŞ-da 2016-cı ildə keçirilmiş seçkilərə müdaxilə etməsinə görə mütləq cavab verməli olacaq. Bu o deməkdir ki, prezident Co Baydenin Rusiya ilə bağlı, xüsusilə də, Kreml sahibinə yönəlik ayrıca planları var.

1583801396_0_0_2464_1386_1920x0_80_0_0_5bc2418a307ad5b37f8a9d07e06ee6c1.jpg (160 KB)

Əslində, Co Baydenin Rusiya və V.Putin ilə bağlı planlarını təxmin etmək də mümkündür. Belə ki, prezident Co Bayden Rusiyanın öz sərhədləri içərinə sıxışdırlması niyyətində olduğunu qətiyyən gizlətmir. Üstəlik, Putinsiz Rusiya ssenarisinin mövcud olduğu da artıq anlaşılmağa başlayıb.

Bəzi ehtimallara görə, bu ssenari Rusiyada keçiriləcək növbəti seçkilər ərəfəsində işə salınacaq. Və təxminən sentyabr ayında prezident V.Putinin hakimiyyətdən kənarlaşdırılması məqsədilə Rusiyada kütləvi etiraz aksiyalarına, iğtişaşlara cəhd göstəriləcəyi gözlənilir. Yəqin ki, bu, Co Baydenin Rusiya tərəfindən ABŞ-da seçkilərə müdaxilə olunmasına verəcəyi cavab xarakteri daşıyacaq.

Ancaq Ağ Ev sahibinin “Putini qatil hesab edirsinizmi” sualına verdiyi “Bəli, elə hesab edirəm. Putin qatildir” cavabı bütün “qırmızı cizgilər”in aşılması anlamına gəlir. Çünki rəqib dövlət də olsa, onun fəaliyyətdə olan prezidentinin “qatil” adlandırılması beynəlxalq normaların, eləcə də etik qaydaların ən kobud şəkildə pozulması deməkdir. Belə anlaşılır ki, Co Bayden Rusiya prezidentinə qarşı bu yolverilməz ifadə ilə V.Putini özünə şəxsi düşmən hesab etdiyini də biruzə vermiş oldu.

Ehtimal etmək olar ki, bu təhqiramiz ifadədən sona ABŞ-Rusiya münasibətlərində “masaarxası müzakirələr” modeli artıq öz əhəniyyətini ciddi şəkildə itirib. Yəni, bu iki superdövlətin liderlərinin nə vaxtsa, görüşüb, hər hansı problemi müzakirə edəcəyinə inanmaq artıq olduqca çətindir.

Bunun baş verməsi üçün ilk növbədə prezident Co Baydenin rəsmi şəkildə V.Putindən üzr istəməsi lazım gələcək. Halbuki bu, qətiyyən inandırıcı deyil. Ağ Evdə belə geridönüşlərə vərdişli deyillər.

photo_126207.jpg (73 KB)

Üstəlik, Co Baydenin V.Putin haqqında dediklərinin sadəcə, ağızdan qaşırılmış ifadələr deyil, şüurlu şəkildə dilə gətirilmiş təhqir olduğu da diqqətdən yayınmır. Ona görə də, Ağ Ev sahibinin Rusiya prezidentini özünə düşmən elan etdiyini düşünmək tamamilə inandırıcı görünür. Belə anlaşılır ki, bundan sonra ABŞ və Rusiya arasında yalnız qarşıdurmanın kəskinləşməsini gözləmək daha doğru yanaşmadır.

Maraqlıdır ki, Rusiyadan verilən ilkin reaksiyalar da demək olar, adekvatdır. Rusiyanın ABŞ-dakı səfiri artıq Moskvaya çağırılıb. Onun Vaşinqtona geri dönüb-dönməyəcəyi isə hələlik ciddi suallar doğurur.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Ağ Ev sahibinin təhqiramiz açıqlamalarının iki dövlət arasında münasibətlərə təsirsiz ötüşməyəcəyini vurğulayıb. Onun fikrincə, Co Baydenin prezident Putinə qarşı qeyri-etik ifadələri ABŞ-ın Rusiya ilə normal əməkdaşlıqdan imtina etməsi kimi qəbul edilir. Və Rusiya da bundan sonra məhz Ağ Evin bu mövqeyinə uyğun davranmaq niyyətindədir.

Göründüyü kimi, Co Bayden prezident V.Putinin timsalında Rusiyaya qarşı savaş elan edib. Ancaq bu savaşın temperaturu yaxın günlərdə daha aydın şəkildə ölçülə biləcək. Hər halda, ABŞ-ın Rusiyanı silah bazarından kənarlaşdırmaq niyyətinə düşməsi, “soyuq savaş” da daxil olmaqla, daha sərt qarşıdurma dönəminin hələ irəlidə olduğunu göstərir. Bu iki superdövlətin hətta müxtəlif savaş poliqonlarında üzləşə biləcəkləri də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)