CAVAD ZƏRİFİN “QIRMIZI XƏTTİ” – Və İranın nifrət doğuran “görməzliyi”

Manşet SİYASƏT
Spread the love

İranın Xarici İşlər naziri Mohəmməd Cavad Zərif özünün Cənubi Qafqaz turnesi çərçivəsində İrəvana işgüzar səfəri zamanı bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü Tehran üçün «qırmızı xəttdir» – bilmirdik, indi bildik və anladıq ki, İran adlı dövlət nə qədər «islam respublikası» imiş. Zərif müəllim onu da bəyan edib ki, Ermənistan və İranın sərhədləri həmişə «dostluq və əməkdaşlıq sərhədi» olub, gələcəkdə də belə olacaq.

Fəqət, bu fikri söyləyərkən, Zərif ağa «həmişə» deyərkən, bu kəlmənin zaman tutumu (neçə il olduğu) barədə susmağa üstünlük verib. Axı Ermənistan adlı dövlətin tarixi heç 100 il də təşkil etmir (Ermənistan adlı dövlət 1920-ci ildə özü də tarixi Azərbaycan torpaqlarında yaradılıb – Zərif də bunu bilməmiş deyil).

Gələcəkdə necə olacağı barədə qəti fikir söyləmək hamı üçün, o cümlədən, Zərif üçün də kifayət qədər çətin məsələ olsa da, bu barədə «ikiüzlü» mövqedən çıxış etmək İran dövlətinin «islam respublikası» mahiyyətindən xeyli uzaq olduğunu göstərir…

İrəvanda donuz kababı udub, «tut arağından» əməlli-başlı keflənən Zərif ağa görün, daha nə deyib: «İran bütün ölkələrin ərazi bütövlüyünün müdafiəsinə böyük əhəmiyyət verir, hörmətlə yanaşır və onu izləyir ki, bütün xalqların dini və başqa hüquqları həmişə qorunsun. Bizim üçün «qırmızı xətt» Ermənistan respublikasının ərazi bütövlüyüdür ki, bunu biz, açıq şəkildə ifadə etmişik» – Zərif erməni həmkarı Ara Ayvazyanla görüşünün gedişində bildirib.

Bu məqamdə, diqqəti Zərifin davranışındakı bir neçə məqama yönəltmək ehtiyacı yaranır.

Birincisi, Ermənistanın ərazi bütövlüyünün müdafiəsi məsələsidir ki, çox yersiz görünür. Nədən ki, əslində «çör-çöpdən quraşdırılmış» erməni dövlətinin ərazi bütövlüyünə heç bir təhdid olmayıb və indi də yoxdur. Baxın, Ermənistanın qonşularına – Azərbaycan, Gürcüstan, Türkiyə və İran. Bu dövlətərin heç biri Ermənistan respublikasının ərazisinə heç bir iddia irəli sürməyb, əksinə, ermənilər Türkiyəyə, Gürcüstana və Azərbayana qarşı ərazi iddiası ilə çıxış ediblər, bu məqsədlə Azərbayanın ərazisinin 20 faizini işğal edib, 30 il ərzində viran qoyublar. İndi mösyö Zərif bütün ölkələrin ərazi bütövlüyünə hörmətdən dəm vurur. Belədə, sual yaranır: bəs, İran Azəbaycana olan bu erməni təcavüzünü nədən görməzliyə vurur? Hansı haqla Zərif ağa ölkələrin ərazi bütövlüyünə hörmətdən «basıb-bağlayır» – erməninin xoşuna gəlmək üçünmü?! Otuz ildir ki, Azərbayan torpaqlarının işğalını görməzliyə vuran İran hansı əsasla iğalçı dövlətin – Ermənistanın ərazi bütövlüyünün müdafiəsinə qalxıb, bu riyakarlığını «qırmızı xətt» adlandırır?!

Anaq iranlı diplomat Zərif «ağa» bunlarla da kifayətlənməyib, Qarabağ müharibəsindəki insan itkilərinə görə ermənilərə başsağlığı verib və qeyd edib ki, ermənilər üçün humanitar problemlərin həlli istiqamətində iş aparılmalıdır. Amma bu zaman, Zərif ağa nədənsə Qarabağ müharibəsinin başvermə səbəblərinə, bölgədə humanitar problemlərin yaranmasına səbəb olan erməni siyasətini görməzliyə vurub. Əslində, bölgəni fəlakətə sürükləmiş Ermənistanın ziyankar (faşist) davranışını görməzliyə vurub da, indi onun düçar olduğu problemlərin həllinə yadımçı olmağı bəyan edən Zərif, gerçək mənada Ermənistanı «müftəxorluğa» sövq etmiş olur və erməniləri gələcəkdə də işğalçı siyasəti davam etdirməyə şirnikdirir.

İstər-istəməz düşünməli olursan – İranın bu «qayğıkeşliyi» təkcə erməniyə məhəbbətdənmi qaynaqlanır? Bu da var, amma yeganə səbəb deyil və İranın «erməni sevgisi» dolaysı ilə həm də Bütöv Azərbaycan perspektivinə «nifrətdən», qorxudan qaynaqlanır. Yoxsa ki, Azərbayanın işğal olunmuş ərazilərində məscidlərin, dini-mədəni abidələrin və müsəlman yaşayış məskənlərinin dağıdılmasına özünü islam respublikası adlandıran «molla dövləti» bunca etinasız yanaşmaz, işğalçını «dost» adlandırmazdı.

Zərif və onun kimi digər iranlı «mollalar» bilməlidirlər ki, Azərbaycan insanı irandakı fars-molla rejiminin gerçək mahiyyətindən, pərdəarxası siyasətindən xəbərdardır və bilir ki, tarixən ilk erməni katolikosunu məhz fars keşişi xaç suyuna salıb!

Mirzə AĞ