“Cənab prezident, dəmir yumruğunu Niyazi Bayramovun da başına vur!”- Gəncə səhiyyəsi çöküb

Manşet ÖLKƏ
Spread the love

Tarixən elə bəlalar, elə xətalar, elə xəstəliklər var olub ki, adəm övladı özünün və cəmiyyətin səlamətliyi naminə ondan qaçmaqla da qurtuluşa varmayıb. Əksinə, adəm övladının bütün vücudu əsrlər, qərinələr ötdükcə saysız-hesabsız mikrob və bakteriyaların yaşayış məskəninə çevrilib.
Elmi kəşflər təzəcə anlayıb ki, insan orqanizmi bəzi azar-bezarla qucaqlaşmaqla ona gücü yetməyib, bədən təbiətdən gələn çox şeyi dəf edə bilməyib, başqa canlı orqanizmlərlə yaşamağa məhkum edilib. Nə hansısa virusu salamlamaqla, nə də onu qovmaqla ibtidai insan modelinin işğalı durdurula bilməyib…

Müasirliyin sehrində belə üz-gözünə maska taxmaq, əlcək geyinmək kimi primitiv izolyasiya ilə də o “işğalçı”lardan gizlənə bilməzsən, səni hər halınla tanıyıb haqlayar onlar. Tıpkı bütün dünyanı və bizi əhatə edən və gündəlik həyatımıza izinsiz siraət edən koronavirus pandemiyası kimi…
Bildiyiniz o bəd şey indi şeytanın ən qorxulu və hiyləgər “ölüm əsgəri”dir.
Bu gözəgörünməz koronavirus – “lənətlənmiş ölüm əsgəri” üçün təbii ki, nə şərəf, nə də ləyaqət anlayışı yoxdur. O əvvəlkilər kimi bizə özü ilə birləşmək vəd eləmir, öldürmək üçün çarpışır. Onun öz fərasətilə qazandığı “taxt-tac”ı var, o varlı-kasıb demədən istənilən insanın immunitetini test edərək zəifləri öz qurbanlarının sırasına düzəcək nüfuzdadır. O infeksion virus bu cahanda hər gün can alır, Azərbaycanımızın şəhər və rayonlarında da durmadan minlərlə insanı hədəf edir. Əcaib-qəraib düşməni ram etməyimiz üçün isə yeganə çıxış yolumuz həmrəylikdir – virusa inananlar və gücünü umursamayanlar mütləq və hamılıqla, ağıllıca və inamla ona qarşı savaşa qatılmalıdır!
Savaşdan söz düşmüş ikən, Qarabağ uğrunda qalib ayrıldığımız “44 günlük” VƏTƏN SAVAŞIMIZ bitər-bitməz koronavirusa kütləvi yoluxma statistikası acı fəsadları ilə birlikdə Azərbaycanın pandemik bir savaş içərisində olduğunu təkrarən yadımıza saldı. Xəstəxanalara müraciətlər gözlənilən limiti yenə ötdü, çarpayılar doldu, virusoloji müayinələrin gündəlik sayı pik həddə yüksəldi, apteklərdə adi vitamin və reseptsiz dərmanların qıtlığı bu sahənin acgöz monopolistlərini belə qorxutdu. Tomoqrafik testlərə və rentgen müayinə üçün növbədə dayananlar dövlət vəsaiti hesabına xarici ölkələrdən alınmış və xəstəxanalarda quraşdırılmış aparatları (MRT və KT-ləri – O.N) dədə malları kimi qamarlayan rüşvətxor doktorların tamahını və güzəranını xəstələrin hesabına xeyli yaxşılaşdırdı. Laboratoriyalardan, analizatorlardan, özəl hastanələrə ödənişin yüksəkliyindən danışmağına da heç dəyməz..
İndi ölkəmizin hər yanında, xüsusən paytaxt Bakıda və Gəncədə koronavirusa yoluxub ev şəraitində və xəstəxanalarda ağırlaşmış vəziyyətdə müalicə alan minlərlə vətəndaşımız var. Onların sırasında ölümlə çarpışanlar, süni nəfəs aparatına qoşulanlar, adi dərman almağa pulu çatmayıb qızılını-torpağını satanlar da yetərincədir. Allah bu virusun cəngində dünyasını dəyişənlərə rəhmət eləsin, xəstələrimizə acil şəfalar versin, vicdanlı həkimlərimizə və tibb bacılarımıza tanrı yar və yardımçı olsun.
Bilməyən qalmayıb ki, bu ölkədə vacib problemlərin həlli yüksək səviyyəli inzibati müdaxilə və ən ali idarəçiliyin iradəsindən birbaşa asılı haldadır. Amma cəmiyyətin marifləndirilməsi və pandemiya əleyhinə sərt qadağaların tətbiqi mövcud durumdan müsbət çıxış yolu olsa da tapşırıqların icrasında aşağı ranqlıların bacarıqsızlığı və harınlığı, vətəndaşlarımıza laqeyid münasibətləri nəticələri eybəcər şəkilə salır.
Rüşvətxorluq və korrupsiya, əksər məmurların şəxsi varlanmaq eşqi isə bu ölkənin ən ibtidai probleminin həllinə belə imkan vermir. Bəzən kadrların düzgün seçilməməsi, xüsusən də ləğvi labüd yerli icra hakimiyyətləri başçılarının dost-aşna naminə kürsü təyinatları da süni faciələrə yol açır.
Yuxarıda qeyd etdiklərim paytaxt Bakıdan fərqli olaraq bölgələrimizin şəhər və rayonları üçün daha xarakterikdir. Qərb bölgəsinin mərkəzi Gəncə şəhəri isə heç mübaliğəsiz bəzi özbaşınalıqlarla lap “xariqələr” yaradır.
Bu yazımda təbii ki, ölkənin ikinci azman şəhərinin birinci şəxsinin idarəçiliyinə uzanan digər qüsurları şərh etməyəcəm. Şəhəri başına alan koronavirus bəlası ilə mübarizədə prezidentin səlahiyyətli nümayəndəsi Niyazi Bayramovun və komandasının səriştəsizliyinə və şəxsi seçimlərinə dayanan davranışlara diqqət çəkməyə çalışacağam.
Beləliklə, düz bir ildir ki, Gəncə əhli də dünyanın bir parçası kimi pandemiya ilə mücadilə edir. Ümumdünya Səhiyyə Təşkilatının və qabaqcıl dünya ölkələrinin tövsiyyələri və təcrübələri, “TƏBİB” kimi fəaliyyəti qarışıq qurumun əmrləri bu şəhərdə də formal icra edilir.
Təəssüflə etiraf edilməlidir ki, bütün şəhər pandemiya ilə mübarizədə xeyli uduzur. Yoluxma sayı ölkənin bütün şəhər və rayonlarını da geridə qoyur. Bu acı reallığa əsas səbəb isə insanların diqqətsizliyindən daha çox şəhər səhiyyəsinin başbilənləri tərəfindən çökdürülməsidir. Ona görədir ki, Gəncədə korona qorxusundan xəstəxanalara, poliklinikalara pasient inamı və məmnunluğu sıfırlanıb. Bəli, bu ağır ittihamı yerində və dəqiqliklə səsləndirirəm!
Xatırlayırıq ki, Gəncənin icra başçısı gələr-gəlməz 2018-ci ilin oktyabrında şəhər səhiyyəsinin başına elə birini gətirdi ki, tanıyanlar bu təyinatı qınadı. Təyinatına qədər Abbas Səhhət adına 1 saylı Gəncə şəhər xəstəxanasında baş həkim kimi çalışmış Nazim Əhmədovun portretini çizən əksər media onu “top atəşi”nə də tutdu. Amma, çifayda, durmadılar – sanki yararsız bir vaqon lokomotivə beləcə qoşulub uğursuzluğa doğru yön almalıydı…
Şəkildəki – Nazim Əhmədov

Hazırki səhiyyə uzmanının 2014-2018-ci illər ərzində dəfələrlə “töhmət” və “şiddətli töhmət” alması, adamın yarıtmaz və rüşvətə meyilli olması təbii ki, Niyazi Bayramovu maraqlandırmamışdı. Sabiq baş həkimin xidməti və icra intizamını bilə-bilə pozan davranışlarının hazırki postunda da həvəslə təkrarlaya biləcəyi başçını düşündürməmişdi. İcra başçısı öz yaxınına məsul kürsünü peşkəş edərkən Əhmədovun xəstəxanada daxili təhlükəsizlik qaydalarını pozmaqda, təsərrüfat fəaliyyətindəki kobud nöqsanlar buraxmaqda, doğuş zamanı bir neçə ana-uşaq ölümləri və digər yarıtmaz fəaliyyətlərdə adının əbəs yerə hallanmadığını, dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə uyğun olaraq cəzalandırılmasını eşitmək belə istəməmişdi. Başçı Əhmədovlarla dostluğunu qosqoca Gəncənin səhiyyə səlamətliyinə olan vacib hökuməti maraqlarına əsir etmişdi. Nəticədə, Gəncə səhiyyəsi son 2 ili daha da tənəzzülə uğradı, narazılıqlar artdı, əvvəlki illərdən daha çox stasionar və digər təyinatlı xəstələrə ayrılan pulsuz dərmanların oğurlanmasına, həkimlərin hər vəchlə pasientlərdən rüşvət almalarına münbit şərait yaradıldı. Başçı özünü biruzə verməsə də, dostu N.Əhmədovun varidatı əvvəlki illərə nisbətən sürətlə artdı.
İndi də, ən həssas bir dönəmdə yenə Nazim Əhmədov idarəçiliyi Gəncədə meydan sulayır. Pandemiya ilə mübarizə də sanki korrupsiya burulğanına dönüşdürülüb, kimlərsə fürsət deyib yaxşıca pul qazanır. Bəli, səhərdən axşamacan öz iş otağında mürgü vurub yuxusunda da rüşvətlə əlləşən tabeli şəxslərin süstlü həvəsləri koronavirus bəlasından daha qorxunc və üfunətlidir. Şəhərdə pandemik durum demək olar ki, tibbi nəzarətdən çıxıb, yalnız şəxsi nəzarətə keçib.
Hazırda TƏBİB-in təlimatı ilə Gəncədə Abbas Səhhət adına 1 saylı xəstəxana, eləcə də Gəncə Dəmiryol xəstəxanası koronavirus xəstələri üçün ayrılıb. Xəstəxanalarda çarpayılar tamamən dolub. Vəziyyətə nəzarət şəxsi maraqlarla kənardan, telefonla və tapşırıqlarla idarə edilir.

Təsadüfi deyildir ki, bir neçə gün öncə Nazim Əhmədovun və icra başçısı Niyazi Bayramovun təqdimatı ilə şəhərin Abbas Səhhət xəstəxanasına direktor göndərilən Bədhaş Nəbiyev də birincilərin təlimatdankənar istəklərilə iş yerinə yetirir. Ötən gün elektron KİV-lərdə yayımlanan xəbərdə də deyildiyi kimi, həmin səhiyyə ocağında xəstələrə qarşı hədsiz diqqətsizlik var, dərmanlar nədənsə çatışmır. Ölüm ayağında olan sadə və kasıb xəstələrin reanimasiyaya yerləşdirilməsi, müayinə və müalicələri süni əngəllidir. Məlumata görə, Bədhaş Nəbiyev digər yüksək vəzifəli şəxslərin telefon zəngləri və başqa maddi standartlarla reanimasiyaya yerləşdirilməli olan koronaviruslu xəstələri ayırd edə bilir. Yoxsa, ağırlığından asılı olmadan 100-lərlə pasient öz evində allaha sığınıb sağ qalacağına inanır.
Xəstəxanada pulunun və “day-dayısı”nın hesabına palatada tək qalan pasientlər də var. Xəstəxanada natəmizlik və palatalardakı soyuqluq, eləcə də adi isti-soyuq suyun olmaması da adi problem olaraq qalır.
Xatırlanası haldır ki, korona bəlası elə bu ünvandan yayılıb şəhəri başına alıb.
Böyük ehtimalla, indi Gəncədə koronavirusa yoluxmuş və müalicəyə ciddi ehtiyacı olan şəxslər barədə Gəncə İHB-də və Səhiyyə İdarəsində zəruri məlumatlar yoxdur. Nə Nazim Əhmədovu, nə də şəxsən Niyazi Bayramovu sakinlərinin qayğısına qalan kimi xarakterizə edəcək az adam tapılar indi bu şəhərdə.
Hələ bir neçə gün əvvəl Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin morqda dəyişik düşdüyünə dair yayılan məlumatlara və şikayətlərə nəzər salanda Gəncədə xəstələrə qarşı hansı diqqətsizliyin vüsət aldığını anlamaq çətin deyil.
Əldə etdiyim səhih bilgini də hamı ilə bölüşməliyəm. Son bir neçə ildə bütün şəhər xəstəxanalarının faktiki boş (sənədlərdə ilboyu dolu-O.N) palata və çarpayılarına “saxta epikriz” eşqilə axın yaradılıb.
ƏƏSMN-nin təsdiqlədiyi məlum qanunvericiliyin tələbi ilə əlilliyi olanların ildə azı bir dəfə stasionar müalicəyə cəlbi Nazim Əhmədovun və həkim əsabələrinin varlanmasına yaxşı güzəran yaradıb. Xəstəxana üzü görməyənlərin “şirinlik”ləri ilə gündəlik maliyyə məsrəflərindəki “pripiska” isə yəqin ki, TƏBİB üçün də xeyirli avantaj sağlayır.
Təkcə son aylarda 3 saylı Gəncə şəhər xəstəxanasının şöbələrində müxtəlif diaqnozlarla 150-300 manat müqabilində EPİKRİZ alan insanlar cərrah-həkim işləmiş baş həkim, məhz Nazim Əhmədovun dostu Qafar İbrahimovun timsalında özbaşına səhiyyə xidmətlərinə alqış deyirlər. Bunun əksi, həqiqi xəstələrin “yerimiz yoxdur!” bəhanəsilə stasionardan kənarda saxlanması rüşvətxor ağxalatlıların “hippokrat andı”na “zülmət” və lənət yağdırır…
Şəraitsiz uşaq xəstəxanalarında da Əhmədovun köhnə qvardiyanın baş həkimlərindən formalaşdırdığı idarəçilik də biabırçılıq nümunələri ola bilər. Təftiş edilərsə, uşaq xəstəxanalarında da şıdırğı “EPİKRİZ ALVERİ” üzə çıxar.
Şəhər poliklinikalarının və sahə həkimlərinin fəaliyyəti də axsaq durumdadır. Onların da ilkin və təkrar əlilliyin təyinatı üçün sistemə müraciətlər yükləmələri maddi marağa və “Qorzdrav”dan verilmiş xüsusi tapşırıqlara əsaslanır. Saxta əlil etdiklərinin qarşısını müvəqqəti dayandırsalar da, proses davam edir. Poliklinikalar digər işləri – koronavirusla mübarizəni isə onsuz da yerinə yetirmirlər, eləcə kağıza yazılı qalır. Nə isə…
Gəncə səhiyyəsinin digər problemlərindən növbəti yazımda da yazacağam. Hələlik, sonda 44 günlük savaş dövründə qalib ali baş komandanımız, prezident cənab İlham Əliyevin hər çıxışında hirslə düyünləyib havada yellətdiyi, düşməni qorxudan O “dəmir yumruğu” yadıma düşdü. O yumruq idi ki, müzəffər ordumuza güc və qüdrət gətirdi, Paşinyanları torpaqlarımızdan “iti qovan kimi” də qovdu!

Məncə siz də razılaşarsınız – cənab İlham Əliyev dəmir yumruğunu artıq tənbəl və öz səlahiyyətlərinə səthi yanaşan Niyazi Bayramov və Nazim Əhmədovkimilərin də başına vurmalıdır. Yoxsa, çətin ki, vicdanları və şərəfli missiyaları yuxuya dalmışlar oyana və koronavirus bəlası Gəncədən tez ayrıla…
Qəti əminəm ki, möhtərəm prezidentimizin yumruq zərbəsi passiv icra başçısını və Gəncənin ərköyün doktoru Əhmədovu səksəndirər, onlara faydalı dərs olar. Dövlət ərkanını unudanlara əslində millətin bir qulluqçusu olduqlarını xatırladar.
“Cənab prezident, dəmir yumruğunu Niyazi Bayramovun da başına vur!” – Gəncə səhiyyəsi çöküb !!!
Koronavirusa qarşı mübarizə naminə…
Osman Nərimanoğlu
Dünyanınsəsi.Az