Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

DÜNYA Əsas Manşet
Spread the love

Bu il Azərbaycanda Qurban bayramı iyulun 9-u və 10-na təsadüf edir.

Qeyd edək ki, Qurban bayramı və ya Dini qurban kəsmə bayramı – islam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Qurbankəsmə ayini təmiz şəraitdə, münasib yerlərdə icra edilməlidir. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Keçinin və qoyunun yaşı bir ilə yaxın, öküzün və inəyin bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür – bir hissəni qurban sahibi özünə götürür, digər hissə fəqir və kasıb ailələrə göndərilir, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi islamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrətin (Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin islam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Bu haqda Quranda yazılıb.

Həmçinin qeyd edək ki, islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Bayramınız mübarək!