Bu erməni sevdalısı İrəvandan Xankəndinə gələrsə… -BAKI NƏ ETMƏLİ?

Əsas Manşet QALMAQAL
Spread the love

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dəvətini qəbul edib. “Yeni Müsavat”ın məlumatına görə, Paşinyan Fransanın İrəvandakı səfiri ilə görüşünü şərh edərkən deyib ki, Makron yaxın zamanlarda Ermənistana səfər edəcək. Belə olacağı təqdirdə, Makronun regiona, konkret olaraq, Ermənistana gəlməsi vəziyyətə necə təsir edər? Makron Ermənistana gəlsə, oradan Qarabağın dağlıq ərazisinə getmək kimi bir avantürist niyyətə düşə bilərmi? Yəni Fransa prezidentinin ayağını Xankəndinə qoyması mümkündürmü? O zaman Azərbaycanın məsələyə münasibəti necə olmalıdır?

Ümumiyyətlə, Fransa son günlər yenidən aktivləşməkdə və Ermənistanı Azərbaycana qarşı qızışdırmaqdadır. Bunu düz bir il öncə – Tovuz hadisələri zamanı da edirdi. Çoxsaylı iddialara görə, 2020-ci ilin iyulunda Ermənistanı Azərbaycanla hərbi münaqişəyə qaldıran və məhz Tovuzdan keçən beynəlxalq axın xətlərini hədəfə aldıran Fransa prezidenti olub. Fransa səfirinin Şuşaya getməkdən imtinası da göstərir ki, ermənilərə dəstəyi gizlətmirlər.

Eləcə də ABŞ Ermənistanın yanında olduğunu hiss etdirməkdədir. Dövlət katibi Entoni Blinkenin Paşinyana zəngi, “əsirlər” mövzusuna toxunması onu deməyə əsas verir ki, iki həmsədr ölkə Minsk Qrupunun qayıdışına nail olmağa, habelə, Ermənistanı tək qoymadıqlarını göstərməyə çalışırlar. İndi isə Makron Ermənistana gedir və onun İrəvandan verəcəyi bəyanatlar şübhəsiz ki, Qarabağla bağlı olacaq. Yada salaq ki, Paşinyan iyunun 1-də Fransada səfərdə olmuşdu. Makron görüşdə “Azərbaycan qoşunu Ermənistan ərazisindən çıxmalıdır” kimi gülünc bəyanat vermişdi. Həmin ərəfədə sərhədlərin delimitasiyası işlərinə başlanırdı. Bu dəfə də Makronun cığal, qərəzli açıqlamalar verəcəyi istisna olunmur. Deyəsən, Parisdə vurulan şillədən istəyir.

Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin sözlərinə görə, Fransa və digər Minsk Qrupunun həmsədr ölkələri 30 ildə münaqişənin həlli üçün heç bir addım atmayıblar: “Əgər 44 günlük müharibə olmasaydı, Minsk Qrupu yenə prosesi uzadacaqdı. Müharibədən sonra isə Makron ”Dağlıq Qarabağın statusu” haqda cəfəng bəyanatlar səsləndirir. Fransa “erməni soyqırımı” məsələsində də Ermənistanın yanında dayanır. Bütün bu faktlar təsdiqləyir ki, Paris rəsmiləri Fransadakı erməni lobbisinin əlində alətə çevriliblər. Həmçinin Paşinyanın yenidən hakimiyyətə gəlməsində də Fransanın açıq dəstəyi göz önündədir”. Siyasi şərhçinin fikrincə, Makron İrəvanda Fransa-Azərbaycan münasibətlərinə xələl gətirəcək bəyanatlar səsləndirsə, təbii ki, Bakı adekvat reaksiya verməli olacaq: “Azərbaycan Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir. Fransa yenə qərəzli, bitərəfli mövqe sərgiləyərsə, ilk növbədə Bakı-Paris əlaqələrinə pislik edəcək”.

Siyasi ekspert Ramiyə Məmmədova isə düşünür ki, Makronun Ermənistana səfəri təsadüfi deyil. Onun sözlərinə görə, bu səfər Qərbin İrəvana son günlər artan dəstəyinin fonunda baş verir: “Paşinyanın seçkidə qələbədən sonra ilk rəsmi səfərini Rusiyaya etməsi göstərdi ki, Moskvaya böyük qardaş kimi biət edir. Eyni zamanda Avropadakı əsas dayağı olan Fransanın liderinin onun dəvətini qəbul etməsi əsas yaradır ki, seçkidə qələbədə bu ölkənin ciddi dəstəyi olub. Paşinyan erməni xalqını inandırır ki, həm Rusiya, həm Fransa, həm ABŞ onların yanındadır. Makron da Cənubi Qafqaz siyasətində mövqeyini aydın şəkildə nümayiş etdirir. Qlobalistlər hər yerdə bir-birini dəstəkləyirlər.

Makronun vasitəsilə Paşinyan həm erməni cəmiyyətinə, həm əleyhdarlarına, həm də xarici qüvvələrə arxasında böyük gücün olduğunu göstərmək istəyir. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Ermənistanda siyasi sabitlik hələ də bərqərar olmayıb. Bu mənada Paşinyanın ən azından daxili siyasi mühitdə mövqelərini gücləndirmək üçün belə bir səfərə ehtiyacı var. Təbii ki, Makronun Ermənistana səfəri həm də xarici qüvvələrə, xüsusilə də Kremlə verilən bir mesajdır. Yəni Paşinyan Fransanın timsalında Qərbin Ermənistanı dəstəklədiyi təsəvvürünü yaratmağa çalışır. Rəsmi Parisin açıq-aşkar ermənipərəst siyasəti Bakı ilə mövcud soyuqluğu artıracaq”.