Bölgədə geosiyasi dəyişikliklər: “Qafqaz dəhlizi”, yoxsa Zəngəzur dəhlizi? – BİZİM TƏHLİL

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

“Qafqaz dəhlizi” İrəvan-Bakı və Ankaradan keçməklə İrandan Rusiyaya və Avropaya gedən önəmli alternativ nəqliyyat marşrutu ola bilər.

Lakin İrəvan qısa müddətdə olduqca bahalı yol infrastruktur layihələrini başa çatdırmaq məcburiyyətindədir. İran əvvəlcədən razılaşdırmaqla Ermənistan ərazisindən keçən beynəlxalq nəqliyyat layihələrini həyata keçirməkdə qərarlıdır. Bölgədə baş verən hadisələr fonunda qonşu ölkənin yüksək rütbəli rəsmilərinin açıqlamaları bunu göstərir. Məhz burada “Qafqaz dəhlizi” termini xüsusi yer tutur.

Bu yaxınlarda İranın Yollar və Şəhərsalma naziri Rüstam Qasemi Ermənistanla birgə infrastruktur layihələrinin bölgənin tranzit xəritəsini dəyişdirəcəyini bildirib.

O, “Twitter”dəki mikrobloqunda Qafqaz dəhlizinin və Nurduzdan Ermənistana gedən yolun probleminin də həll ediləcəyini yazıb.

İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq şöbəsinin müdiri Vardan Voskanyan bunu İranın Türkiyə və Azərbaycanın təşəbbüsünə verdiyi cavab hesab edir. Çünki “Qafqaz dəhlizi” Zəngəzur dəhlizi adlanan layihəyə qarşı qoyulacaq.

Voskanyan qeyd edib ki, Qafqaz dəhlizi” layihəsi vasitəsilə İran Avropaya yalnız Ermənistan və Gürcüstan ərazilərindən keçməklə daxil olmaq istəyir.

İranlı alim Janna Vardanyan, “Sputnik Ermənistan”a verdiyi müsahibədə, “Qafqaz dəhlizi” termininin siyasi reallıqlar baxımından tamamilə yeni olduğunu deyib.

O, son vaxtlar İranın yüksək rütbəli rəsmiləri tərəfindən geniş istifadə olunmağa başlayıb:

“Bu termin dəhlizin özü ilə bağlı deyil, İranın Bakı və Ankaradan yan keçərək, yalnız Ermənistan və Gürcüstan vasitəsilə Qafqaza daxil olması ilə bağlıdır. Beləliklə, İran tərəfi öz yükdaşımalarının şaxələndirilməsində İrəvanın mühüm rolunu da vurğulayır”.

Məsələ burasındadır ki, İran hazırda Rusiya ilə ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycan vasitəsi ilə həyata keçirir və Avropaya Türkiyədən daxil olur. İrəvandan keçən “Qafqaz dəhlizi”nin işə salınması İrana Rusiya və Avropaya yük tədarükünü şaxələndirməyə imkan verəcək.

Vardanyan qeyd edib ki, İrəvan vəziyyətdən savadlı şəkildə istifadə etməlidir. Belə ki, həm Tatevdən keçən alternativ yol, həm də Şimal-Cənub magistral yolunun cənub hissəsi olan əsas yol qovşaqlarının tikintisini tez başa çatdırmalıdır. Onun sözlərinə görə, Ermənistan ilə İranın fikirləri üst-üstə düşdükcə, ölkə əhəmiyyətli dərəcədə cazibədar ola bilər. Rəsmi Tehran təklif etdiyi dəhlizin detalları haqda məlumat vermir. Ancaq böyük ehtimalla, söhbət coğrafi baxımından daha geniş, lakin “Qafqaz dəhlizi” məntiqi ilə üst-üstə düşən “Fars körfəzi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizindən gedir.

Layihənin təşəbbüskarı İrandır. Rəsmi Tehran beynəlxalq nəqliyyat dəhlizi ideyasını ilk dəfə 2016-cı ildə səsləndirib. Hazırda Ermənistan, Bolqarıstan, Gürcüstan və Yunanıstan bu layihədə iştirak edir. Nəzəri baxımdan, dəhliz İran limanlarını Gürcüstan limanları ilə birləşdirməlidir. Eyni zamanda, mallar Hindistan və Çindən İran limanlarına, oradan isə həm dəmir, həm də avtomobil yolları ilə Ermənistana və Gürcüstana gələ bilər.

Yüklərin Gürcüstandan konteynerlərdə Bolqarıstan və Yunanıstan limanlarına daşına biləcək dəhliz Ermənistan üçün yeni imkanlar açacaq. Bu, təchizatı şaxələndirməyə, İran limanlarından sərbəst istifadə etməyə və mühüm tranzit mərkəzinə çevrilməyə imkan verəcək. Dəhlizdən Rusiya, Ukrayna, Hindistan və bir sıra ölkələr də istifadə edə bilər.

Son zamanlar İranın Azərbaycan və Türkiyə ilə münasibətlərində yaşanan gərginliyin köklü səbəblərini də məhz Cənubi Qafqazdan keçən tranzit nəqliyyat dəhlizlərinə nəzarət uğrunda rəqabətdə axtarmaq lazımdır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “Biz Qafqazda geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik” deməsi rəsmi Tehranın İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqlara qarşı olduğunu bir daha təsdiq edir.

Bölgədə İranın ssenari müəllifliyi ilə yeni geosiyasi qarşıdurma baş verir. İranın Zəngəzur dəhlizinin qarşısını almaq cəhdi yalnız iqtisadi-ticari deyil, həm də geosiyasi maraqlarından irəli gəlir. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda tranzit ölkə kimi əhəmiyyətini artıra bilər. Bu halda Rusiya Azərbaycan üzərindən dəmir və quru yolu ilə Türkiyəyə, oradan isə həm Yaxın Şərqə, həm də Avropaya çıxış əldə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizinə nəzarət Rusiyaya Ermənistana da dəmiryolu və quru əlaqəsi yaratmaq imkanı verəcək. Eyni zamanda, Azərbaycan Çin və Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında yükdaşımalar üçün qısa marşruta çevriləcək.

Bu baxımdan, Türkiyə Zəngəzurdan keçən Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Mərkəzi Asiya və Çin bazarına fəal çıxış imkanı əldə edə bilər. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüşdən sonra iki ölkə arasında yaxın perspektivdə sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizinin açılması qaçılmaz olacaq. Bu isə Ermənistanla Türkiyə arasında barışın yaranması və sərhədlərin açılması deməkdir. Ona görə də İran həm Azərbaycanın, həm də Türkiyənin bölgədəki mövqelərinin güclənməsinə siyasi qısqanclıqla yanaşır.

Türkiyə ilə sərhədlərin açılması və türk kapitalının Ermənistan bazarına daxil olması bu ölkənin geosiyasi vektorunu dəyişə bilər. Belə ki, Ermənistanın blokadada qalması rəsmi İrəvanın İrandan və Rusiyadan asılı qalmasını təmin edir. İran son 30 ildə Ermənistan üçün əsas nəfəslik rolunu oynayıb. Ancaq Azərbaycan və Türkiyə ilə sülhə nail olunması, Ermənistan bazarına İranın nəzarəti itirməsi deməkdir. Hətta gələcəkdə Ermənistanın təbii qazı İrandan və Rusiyadan deyil, Azərbaycandan alacağı istisna olunmur. Bu baxımdan, İran bölgədə yeni geosiyasi dəyişikliklərin baş verməsindən narahatlığını gizlətmir. Lakin son ziddiyyətlərin Ermənistan bazarı uğrunda baş verdiyi o qədər inandırıcı görünmür. Çünki Ermənistanın geoiqtisadi çəkisi böyük deyil.

İran “3+3” formatına qoşularsa, Zəngəzur dəhlizindən istifadə etməklə regional əməkdaşlıqdan böyük fayda götürə bilər. Ancaq İran daha çox Türkiyənin bölgədə siyasi və hərbi fəallığının artmasının qarşısını almağa çalışır. Türkiyənin Cənubi Qafqazda təsirinin artması Azərbaycanın da mövqelərini gücləndirir. Bu isə Güney Azərbaycanda milli oyanışa təsir göstərə bilər. Ona görə də İran “Qafqaz dəhlizi” layihəsini ortaya atmaqla Azərbaycanı və Türkiyəni regional əhəmiyyətli tranzit və kommunikasiya marşrutlarından kənarda saxlamaq istəyir.

İranın bu planı Zəngəzur dəhlizinin açılmasında maraqlı olan Rusiyanın Şimal-Cənub dəhlizinə nəzarət etmək istəklərinə cavab vermir. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu maddəsinə görə, Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməlidir. Lakin Türkiyənin bu dəhlizi vasitəsilə Azərbaycana və Mərkəzi Asiyaya çıxışının artması Rusiyanı narahat edir.

Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada fəallaşması bu bölgələrdə onu Rusiyanın əsas rəqibinə çevirə bilər. Eyni zamanda, Ermənistanla Türkiyə arasında barışığın yaranması Paşinyan hökumətinin Qərbə inteqrasiyası üçün tutarlı arqument yaradacaq. Bu da Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması deməkdir. Ona görə də İranın Türkiyə ilə bağlı mövqeyi Rusiyanın maraqlarına cavab verir. Ancaq Rusiya Türkiyənin dəstəyi olmadan Cənubi Qafqazda əsas söz sahibi olmaq imkanında da deyil.

İran isə Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə Paşinyan iqtidarı arasında mövcud olan fikir ayrılığından bəhrələnməyə çalışır. Çünki Zəngəzur dəhlizinin eksterritorial ərazi kimi Rusiyanın nəzarətində olması Ermənistan hökumətinin narazılığına səbəb olur. Yəni həmin ərazidə Ermənistan qanunları işləmədiyindən Paşinyan hakimiyyəti bu məsələdə Moskva ilə ortaq məxrəcə gələ bilmir.

Lakin Vardanyanın açıqlaması göstərir ki, İran təklif etdiyi layihənin Ermənistan ərazisindən keçən hissəsinin inşasını rəsmi İrəvanın üzərinə qoyur. Ermənistanın isə bunu həyata keçirməyə vəsaiti yoxdur. Paşinyan hökuməti Gorus-Tatev yolunun inşasının oktyabr ayında başa çatacağını vəd etsə də, hələ nəticə yoxdur. Yüksək dağlıq aşırımdan keçən bu yolla TIR-lar vasitəsilə yük daşımaq çətindir. Xüsusilə də qış aylarında qar yağması səbəbindən həmin ərazidən keçid tez-tez bağlanır. Bu baxımdan, İranın təklif etdiyi layihə Avropa şirkətləri üçün cəlbedici görünməyə bilər.

İran “Fars körfəzi – Qara dəniz” nəqliyyat dəhlizini işə salmaq İran üçün heç də asan deyil. Çünki Ermənistan ərazisindən keçən quru yolla yükdaşımalara nəzarət Gorus-Qafan yolundan keçir. Həmin yolun 21 kilometr hissəsi Qubadlı rayonu ərazisindən keçdiyindən yüklərin daşınması üçün İran Azərbaycanla gömrük rüsumlarının ödənilməsinə dair saziş imzalamalıdır. Əks təqdirdə, Azərbaycan yenə də İran maşınlarını buraxmamaq hüququndan istifadə edə bilər. Digər tərəfdən, həmin yüklərin təhlükəsiz Gürcüstana daşınması üçün Ermənistan Qazax rayonunun işğal altında saxladığı kəndlərini azad etməlidir. Əks təqdirdə, Azərbaycan işğal altındakı ərazilərini azad etmək hüququndan istifadə edərək Ermənistanın cənubunu Gürcüstan sərhəddi ilə birləşdirən və işğal altındakı Yuxarı Əskipara və Bağanıs Ayrım kəndləri ərazisindən keçən M4 magistral yolunu bağlaya bilər.

Ermənistanın şimalı və cənubu arasında əlaqənin kəsilməsi İranın “Qafqaz dəhlizi”nin də bloklanması deməkdir. Yəni Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmadan İranın regionu dəyişdirəcək hər hansı bir layihəni işə salması mümkün deyil. Üstəlik İranın beynəlxalq sanksiyalar altında olduğunu nəzərə alsaq, heç də rəsmi Tehran vəd etdiyi qədər azad ticarət əməliyyatları aparmaq imkanına malik deyil. Ona görə də xarici şirkətlərin bu layihəyə ciddi maraq göstərəcəyini söyləmək olmaz.

“Ermənistan Dəmir Yolları” QSC-nin əsas səhmdarı isə Rusiya olduğundan İranın yük daşımalarını dəmiryolu ilə həyata keçirməsi Moskva ilə Tehran arasındakı anlaşmadan asılıdır. Lakin Rusiyanın İrana görə Türkiyə ilə qarşıdurmaya gedəcəyi real görünmür. Digər amil Rusiya və Gürcüstan arasındakı münasibətlərin gərgin olması ilə bağlıdır. Moskvanın Gürcüstanın maraqlarına görə Türkiyə ilə strateji əməkdaşlıqdan imtina edəcəyi inandırıcı deyil.

Müşfiq Abdulla

Dünyanınsəsi.Az