BİŞKEKDƏ İNQİLAB BAŞLAYIB – Eks-prezident həbsxanadan azad edilib (FOTO,VİDEO)

DÜNYA Əsas Manşet
Spread the love

Qırğızıstanın paytaxtı Bişkekdə onminlərlə etirazçı parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün küçələrə çıxıb və dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butılkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan çox davam edib.

Bəzi milis əməkdaşları binanı tərk edib. Bununla yanaşı, qeyd edilir ki, binada əməkdaşlar və deputatlar yoxdur.

Etirazçılar həmçinin həbsxanalara hücum ediblər. Bunun nəticəsində Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad olunub.

 

 

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəi sürülüb və o, azadlıqdan məhrum edilib. Almazbek Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.

Atambayevin ardınca etiraz aksiyasının iştirakçıları Qırğızıstanın sabiq baş naziri Sapar İsakovu da həbsxanadan azad ediblər. “Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun vəkili Zamir Jooşev bildirib.

“Sapar İsakov bu gün azad edilib. O, azadlıqdadır”, – Jooşev deyib.

 

 

İsakov Atambayevin hakimiyyəti dövründə Nazirlər Kabinetinə başçılıq edib. O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) respublikanın keçmiş Baş naziri Sapar İsakovu muzeyin yenidən qurulması zamanı dövlət büdcəsinə 1,4 milyon ABŞ dolları məbləğində zərər vurmaqda ittiham edib.

 

 

Ölkə parlamenti 2017-ci ilin yekunlarına görə, Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı İsakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Ölkə tarixində ilk dəfə hökumətə etimad göstərilməyib.

Ən son məlumata görə etirazçılar Bişkek meriyasının binasını ələ keçiriblər. Həmçinin parlamentin binasında yanğın törədilib.

Ölkədə faktiki olaraq hakimiyyət çevrilişi baş verir.


Dunyanısəsi.info