Belarus Kremlin nəzarətindən çıxarsa…

Əsas Manşet SİYASƏT
Spread the love

Belarusda prezident seçkiləri dövründə, xüsusən də bundan sonra politoloqlar israrla qeyd edirdilər ki, Minskə təzyiqlər artarsa, bu, onu Kremlin ağuşuna sürükləyəcək.

Bu proqnoz hələ də öz qüvvəsində qalır. Amma düşünmürük ki, o, hətta prezident Aleksandr Lukaşenkonun ürəyindən olsun, çünki o, daim Moskva ilə siyasi məsafə saxlamağa çalışırdı ki, ölkəsinin sərbəst və müstəqil Belarusbaşısı ola bilsin.

Amma indi elə vəziyyət yaranıb ki, Belarusla bağlı birmənalı proqnoz vermək qəti mümkün deyil. Zahirən belə bir təsəvvür yaranır ki, Avropanı və ABŞ-ı qıcıqlandıran Lukaşenkonun öz həddini tamamilə aşmasıdır.

Di gəl, ABŞ-da yeni hakimiyyət gələndən sonra hamı Vaşinqtonun Rusiyaya hansı bir səmtdən təzyiq göstərəcəyini təxmin etməyə çalışırdı.

Ağla gələn ən əsas istiqamətlər Belarus və bir də Mərkəzi Asiya idi. Minsk ona görə vacib istiqamət hesab elilir ki, o, slavyan respublikasıdır və Rusiyanın geosiyasi ambisiyalarına müəyyən, hətta konkret bir məzmun verir – daha doğrusu, Ukrayna Rusiya geosiyasi müstəvisini tərk edəndən sonra Belarus Moskvanın sonuncu ümid yeri hesab edilir.

Mərkəzi Asiya ölkələri də Rusiya üçün çox vacib bir geosiyasi seqmentdir. Amma Kreml onlara Belarusa etibar etdiyi qədər etibar edə bilmir. İş o yerə çatıb ki, Moskva Türk Şurasına üzv olmaq sevdasına düşüb. Bunu elə bu yaxınlarda Rusiyanın xarici işlər naziri cənab Sergey Lavrov özü bəyan etdi. Bir anlığa xəritəni gözünüz önünə gətirin. Belarus və Mərkəzi Asiya! Bunlar da Rusiyadan ayrılarsa Moskva hansı məzmunda qalacaq? Onun geosiyasi ambisiyaları gülüş doğurmayacaqmı? Məsələ də bundadır ki, doğuracaq. Bəzən bizdə elə bir təsəvvür yaranır ki, SSRİ-nin süqutundan sonra ABŞ və onun Avropa müttəfiqləri heç nə etmir, əllərini əllərinin üstünə qoyub gözləyirlər. Bu zahirən belə görünür. Əslində isə ABŞ və onun Qərbdəki müttəfiqləri çox sistemli iş görürlər. Vaxtilə Zbiqnev Bjezinskinin kitabından oxuyanda ki, Kiyevsiz Moskvanın geosiyasi ambisiyaları bir heçdir, buna elə də məna vermirdik, çünki o vaxt rəngli inqilablar hələ kobzarların ölkəsinə bir yol tapmamışdı. Amma indi Ukrayna haradadır?
Odur ki, nəticələrlə bağlı tələsmək lazım deyil. Güman ki, Qərb bu dəfə Belarusu hədəfə götürəcək, çünki Lukaşenko artıq hamını bezdirib və bu adam qocaldıqca siyasəti daha eybəcər forma alır. Bəli, bütün Avropanı ideal demokratiya vadisi adlandırmaq hələ tezdir, amma indiki Belarus Avropanın adına ləkədir.

İyun ayının ortalarında ABŞ və Rusiya prezidentəri görüşməlidir. Siyasi müşahidəçilər və təhlilçilər indi diqqətlə bu məsələni araşdırmaqla məşğuldurlar. Bayden və Putin dil tapacaqmı, ortaq məxrəcə gələcəkmi?

Biz yaxın vaxtlarda bunu da biləcəyik. Hələliksə onu deyək ki, ABŞ Rusiya ilə danışıqlar tonunu yüksəltməli, formatı isə kiçiltməlidir. Özünüz deyin: ABŞ-ın və NATO ölkələrnin qarşısında Rusiya nədir? ABŞ soyuq savaş bitəndən sonra da ətalət üzrə Rusiya ilə keçmiş SSRİ kimi davranmırmı? O, hələ də qeyri-formal olaraq Moskvanı keçmiş SSRİ gücündə və miqyasında görmürmü? Əslində isə Rusiya İrandan və Şimali Koreyadan yalnız özünün nüvə başlıqlarının sayı ilə fərqlənir. Elə buna görə də ABŞ və müttəfiqləri Moskvaya münasibətlərini özlərinin hərbi doktrinalarında nəzərdə tutulan kimi qurmalıdır.

İnşallah ki, Belarus və Mərkəzi Asiya da Moskvanın nəzarətindən çıxandan sonra Rusiya o qədər kiçiləcək ki, onu hətta real rəqib gözündə görməyə ehtiyac qalmayacaq. O vaxt Rusiya ya “üzdəniraq dövlət” kimi qalacaq, ya da ki, öz vəziyyətini təhlil edib dünyanın normal dövlətləri cərgəsinə qatılmaq üçün yollar arayacaq…