Belə getsə ABŞ səfiri dayanmazsa, Azərbaycan Minsk Qrupu formatını tərk edəcək…

DÜNYA Manşet
Spread the love

İran və ABŞ Ermənistana münasibətdə heyrətamiz üslub birliyi nümayiş etdirir. Teokratiya və demokratiya dünyanın müxtəlif nöqtələrində uzun onillər boyu qarşıdurmadan sonra Cənubi Qafqazda ümumi təmas nöqtəsi tapıb. Vaşinqton və Tehran yıxılmış Ermənistanı birgə səylərlə və inadla ayağa qaldırmağa çalışır.  Baxmayaraq ki, Ermənistanı indiki miskin vəziyyətə mühakimə ayıqlığını itirmiş siyasətçilərin müştəbehliyi və tərsliyi gətirib çıxarıb.

Ermənistan sağlam məntiqə zidd olaraq və sanki dəyişikliklərin ilk küləyi ilə yox olub gedən “miatsum” ideyası yolunda həyatlarını itirən minlərlə döyüşçünün xatirəsini təhqir edərək öz müstəqilliyinin uğurlarını bayramla qeyd edir.  Göz yaşı içində gülüşdür, ancaq Yerevan qəzetlərinin qışqıran baş məqalələri ümumxalq utanmazlığının ali dərəcəsi ilə heyrətləndirir: “Yerevanın mərkəzində dronların şousu təşkil olunub”.  Bu oyuncaqlardan fərqli olaraq, Türkiyə və İsrailin dəhşət saçan dronlarının zərbələri altında ayaqlarının altını görməyən siyasətçilərin populist şüarları ilə özgə torpaqlarına soxulan minlərlə erməni həlak olub.

Elə eyni məqsədlə buxovlanmış teokratiya və demokratiya da həmin siyasətçilərdən birini, Ermənistanın baş naziri Nikol Paşinyanı ayaqda saxlamağa çalışır.  Həmin məqsəd – Azərbaycanın artan nüfuzunun qabağını almaqdır.

Teokratiya və demokratiya əl-ələ verib Paşinyanı ayaqda saxlamağa çalışır…

 

Qonşu İranın qardaş köməyindən ruhlanan erməni siyasətçiləri müharibənin bitməsindən sonra daha çox erməni hökumətinin rəsmi nümayəndəsi sifətində çıxış edən ABŞ-ın Ermənistandakı  səfiri Linn Treysinin yeni bəyanatından vəcdə gəliblər.  Treysinin sözləri onlara balzam kimi təsir edərək Paşinyanın ürəyinə yağ kimi yayılıb.

Treysi Putinlə razılaşmayaraq açıq-aydın bəyan edib ki, Dağlıq Qarabağ problemi hələ də tənzimlənməyib və Vaşinqtonun bu istiqamətdə uzun müddət işləməsi lazımdır.  Ancaq səfir kiminlə və necə işləməyə hazırlaşır?  Artıq mininci dəfə təkrarlamaq lazım gəlir ki, Azərbaycanın ərazisində Dağlıq Qarabağ adında coğrafi və inzibati məfhum yoxdur.  Əvəzində isə az sayda erməninin də yaşadığı bölünməz, vahid və tarixi Qarabağ var. 

Ermənistan hər iki ölkənin ictimaiyyəti tərəfindən təslim aktı kimi qəbul olunan Moskva sülh  razılaşmasına öz imzasını atıb.  Müharibənin bitməsi qaydalarına və dinc dövrün qanunlarına görə Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması və yekun sülh müqaviləsinin imzalanmasına hazırlıq ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur.  Müharibədən sonrakı dövrün bu konseptual məsələlərinin həlli iki ölkənin hökumətləri və prezidentləri arasında danışıqlar mövzusu ola bilər. Azərbaycan danışıqlar prosesinin bu ssenarisinə tamamilə hazırdır. Bakı danışıqları günü sabah bərpa edə bilər.

Linn Treysi vəziyyəti gərginləşdirir: münaqişəni qızışdırır və separatizmi alovlandırır

 

Ancaq Linn Treysinin əsassız və mövzusuz bəyanatları bölgədəki onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir, belə ki, erməni siyasi elitasında revanşizmi açıq-aydın körükləyir və separatçılığın yeni ocağını alovlandırır.

Vaşinqton hansı məqsədi güdür?  Bir qədər sönmüş etnik-siyasi münaqişəni yelləmək?  Gecikmiş və indi də uzaqlaşan qatarın son vaqonuna tullanmağa çalışan Tehranın bölgəyə yolunu açmaq?  Və yeni vəziyyətdən öz təsirini genişləndirmək üçün yararlanmaq?  Treysinin qızışdırıcı bəyanatları özfəaliyyət və ya saymazlıq deyil, söhbət Zimbabve, yaxud Nikaraquanın diplomatından yox, ABŞ səfirindən gedir. Treysi  Dövlət Departamentinin yolladığı tezisləri səsləndirir və münaqişənin bitmədiyinə dair hamını usandırmış fikirləri təkrarlayır.

Sual yaranır: bölgədə Minsk Qrupunun həmsədri və BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi fəaliyyət göstərən ABŞ-a  bu 30 il ərzində özünün beynəlxalq aləmdə danılmaz nüfuzundan istifadə edərək dondurulmuş münaqişəni əritməyə, problemi BMT-nin qətnamələrinə və beynəlxalq hüquqa uyğun həll etməyə kim mane olurdu?  Axı ABŞ Minsk qaşığını hər cür saxta parlaqlıqla örtərək hər dəfə məzmunsuz danışıqların alternativinin olmadığını təkrarlayırdı.

 

Amerikalı həmsədrlərin bir məqsədi vardı: münaqişəni “konservləşdirmək”…

 

Vaşinqton,  xüsusən də onun demokratlardan ibarət administrasiyası daha çox bütün isteblişmenti öz torları ilə sarmış nüfuzlu və zəngin amerikalı ermənilərin “uzaq körpə Artsax” haqqında romantik uşaq arzusunu əzizləməklə məşğuldu. Amerikalı diplomatların və ya siyasətçilərin dilindən erməni ekspansionizmini pisləyən, qınayan  və hətta razılaşmadıqlarını bildirən bir kəlmə də səslənmədi.  30 ildə bir kəlmə də!  Yalnız təqaüdçü Kerri Kovanonun nizamsız xatirələri və istefada olan Ceyms Uorlikin mənasız öyüd-nəsihətləri… Bütöv şəhərləri, tarixi mədəniyyəti, dini abidələri yer üzündən silmiş işğalçı rejimin ünvanına bircə ittiham da səslənmədi …

Və budur, Vaşinqton diplomatiyasının siyasi fəaliyyətsizliyi və sinizmi səbəbindən yaranmış müharibə bitəndən bir il sonra ABŞ-ın Ermənistandakı səfiri ultimativ şəkildə Azərbaycana Qarabağın tənzimlənməsinin 15 il əvvəlki müzakirəsini sırıyır!  Yəni, ABŞ səfiri Azərbaycanı Vaşinqtonun münaqişənin lap əvvəlindən görməzdən gəldiyi problemlərin müzakirəsinə cəlb etməyə çalışır.

Suriya faciəsindən, Livan dramından, İraqdakı hərbi cinayətlərdən, Əfqanıstandan biabırçı qaçışdan, üstəlik ən yaxın müttəfiqi Parisin kürəyinə xaincəsinə zərbədən  sonra Vaşinqton yeni dünyadakı rolunu yenidən gözdən keçirməliydi, çünki amerikalıların Yaxın Şərqdə törətdikləri yanğından sonra təkcə liberal imperiyanın əvvəlki əzəməti laxlamayıb, həm də onlar Qafqaz bölgəsinin işlərinə müdaxilə etmək üçün mənəvi hüququ tamamilə itiriblər.

Əgər ABŞ hökuməti bu yanaşmadan əl çəkməzsə, Azərbaycan ATƏT-in Minsk Qrupu formatında görüşlərdən tamamilə imtina edəcək.  Həm də bütün səviyyələrdə. Vaşinqtonda bu müraciəti qeyri-rəsmi xəbərdarlıq kimi qəbul edə bilərlər…

Dünyanınsəsi.Az