“BAŞA DÜŞMÜRƏM, NƏ İZAHATI?!” – Samir Şərifov yeni deputatları tənqid etdi (Yenilənib)

İQTİSADİYYAT Manşet
Spread the love

“2019-cu ildə rayonların gəlirləri çox olduğuna görə, öz xərclərini təmin edə bilmişdi”. APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, niyyəti, məramı xoş olan adam bu hesabatda istənilən cavabı tapa bilər: “Təqdim edilən hesabatlarda hər bir məsələ ilə bağlı olduqca geniş izahat verilib. Burada qənaətlərlə bağlı hansı pis niyyət ola bilər? Məsələn beynəlxalq tədbirlərin hansısa təxirə salınıbsa, onun xərclərinə qənaət edilib. Deputatlar büdcə kəsrinin azalmasını tənqid edirlər. 2 milyard manatdan çox kəsr il ərzində 200 milyona düşüb. Bunun nəyi pisdir? Burada yeni seçilmiş deputatlar deyir ki, hesabatda izahat yoxdur. Başa düşmürəm, nə izahatı?! Kimsə özünü yenidən təsdiq etmək istəyirsə, bunu edə bilər. Mən onları pandemiya dövründə də qəbul etməyə hazıram. Bizə məktub da göndərə bilərlər”.

Samir Şərifovun yeni deputatlarla bağlı fikirlərinə millət vəkili Etibar Əliyevin münasibətini soruşduq.

E.Əliyev bildirdi ki, yeni seçilmiş deputatlardan heç biri özünü təsdiq etmək üçün çıxış etməyib. “Maliyyə Nazirliyinin hesabatına gəldikdə isə, yalnız Erkin Qədirli çıxış etdi. Onun çıxışı da özünü təsdiqetmə məqsədi daşımırdı. Ümumiyyətlə, Samir Şərifov bugünkü iclasda aqressiv təsir bağışladı. Görsənir ki, tənqidə dözümü çox zəifdir”, – millət vəkili qeyd etdi.