BAKI ORTAYA FAKT QOYUR, RUSİYA YENƏ TƏKZİB EDİR – ““İskəndər”dən istifadə olunmayıb və bu, öz təsdiqini tapıb”

Manşet QALMAQAL
Spread the love

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın, ardınca Baş nazir Nikol Paşinyanın etiraflarına, ötən gün isə Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəsmi bəyanatına, həmçinin ortaya təkzibolunmaz dəlillərin, raketin hissələrinin qoyulmasına baxmayaraq, Rusiya yenə də Qarabağ müharibəsində “İskəndər” raketlərindən istifadə olunmadığını bəyan edib.

 

 

“Dünyanınsəsi.info” xəbər verir ki, Azərbaycanın “İskəndər” raketlərinin qalıqlarını nümayiş etdirməsilə bağlı məsələyə münasibət bildirən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov daha əvvəl Rusiya Müdafiə Nazirliyinin “İskəndər” raketlərindən Qarabağ müharibəsində istifadə olunmadığına dair rəsmi bəyanatını təsdiqləyib.

 

 

Peskov deyib ki, Azərbaycan hərbçilərinin “İskəndər”in hissələrini nümayiş etdirməsi yeni xəbər olduğundan, Kremlin bununla bağlı hələ ki, ətraflı məlumatı yoxdur: “Mən bilmirəm ki, hərbçilər tərəfindən (Prezident Putinə-red.) bu məsələ ilə bağlı məruzə edilibmi və onların bununla bağlı detallı informasiyaları varmı.”

Bununla yanaşı Peskov bildirib ki, “İskəndər”lərdən istifadə olunmadığı artıq öz təsdiqini tapıb: “Siz “İskəndər” məsələsini xatırlayırsınız, onlar münaqişə vaxtı istifadə olunmayıb və bu, öz təsdiqini tapıb”. Jurnalistlərin belə olan təqdirdə, Bakının əlinə “İskəndər”in hissələrinin necə düşə biləcəyinə dair sualından yayınan Putinin sözçüsü “belə bir informasiyamız yoxdur” deməklə kifayətlənib.

 

 

Əlavə olaraq bildirək ki, eyni sual ötən gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyana da verilib. Davtyan 2020-ci ilin payızında Dağlıq Qarabağdakı münaqişə zamanı Ermənistan tərəfinin “İskəndər” raket sistemlərindən istifadə etməsi barədə məlumatı təkzib etməyib və yalnız bununla bağlı şərh verməyəcəyini söyləyib: “Heç bir şey deyə bilmərəm, cünki bu məlumatın açıqlanması nəzərdə tutulmayıb”.

Göründüyü kimi, Ermənistanın sabiq və indiki rəhbərliyinin, yüksək rütbəli hərbçilərin, separatçıların nümayəndələrinin etiraflarına, ardınca Azərbaycanın ortaya qoyduğu faktlara baxmayaraq, Rusiya həmişəki ampluasında çıxış edir. Ortada təkzibolunmaz dəlillər ola-ola “İskəndər” raketlərindən istifadə olunmadığını iddia edir. Bunun özü də Rusiyanın gerçək üzünü göstərən hadisədir və Moskvanın Azərbaycana münasibətini, eləcə də Qarabağ münaqişəsində oynadığı rolu bir daha ortaya qoyur.

Dünyanınsəsi.Az