Bakı erməni snayper qadını niyə ölkəsinə göndərdi?

Manşet MÜSAHİBƏ
Spread the love

Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın əsirlikdən azad edilib, ölkəsinə göndərilməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Buna görə hakimiyyəti tənqid edirlər.

Onun buraxılmasını Rusiyanın və digər dövlətlərin istədiyi deyilir. Bəllidir ki, dövlət bəzən bu cür durumlarda davranışı ilə bağlı cəmiyyətə ətraflı, detallı bilgi verə bilmir. Bunu isə əllərində bayraq edib iqtidarın üzərinə gələnlər var.

Bəs gerçək durum necədir? Maral Nacaryan buraxılmasa, onunla bağlı proseslər necə ola bilərdi?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu məsələyə bu cür şərh verdi: “Ölkəmizə qarşı terror aktları həyata keçirmək üçün ərazilərimizə daxil olan hər bir şəxs mütləq cəzalandırılmalıdır. Ancaq biz bilirik ki, hər bir yanaşmada müxtəlif mövqelər ola bilər. Azərbaycanda araşdırmalar hərtərəfli gedəndən sonra terrorçulara qarşı müxtəlif cəzalar tətbiq oluna bilər. Amma nəzərə almaq lazımdır ki, hazırda vəziyyət bir qədər fərqlidir. Azərbaycan ərazi bütövlüyünü təmin edib və ərazimizə daxil olan şəxs ikinci ölkə vətəndaşıdır. Ona görə də, burada məsələyə yanaşma beynəlxalq münasibətlər kontekstində olmalıdır. Belə şəraitdə hər hansı bir fərqli qərarın qəbul edilməsi mümkündür.

Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da  artıracaq

Hikmət Babaoğlu: “Belə şəraitdə hansısa fərqli qərarın qəbul edilməsi mümkündür”

Biz bilirik ki, beynəlxalq münasibətlərdə humanist dəyərlərə önəm verilir və bu istiqamətdə münasibətlər qurmaq daha asan olur. Azərbaycanın verdiyi hər hansı bir qərar ümumi qərar olur. Burada heç bir təhdiddən və ya hansısa münasibətdən söhbət gedə bilməz. Azərbaycan daim humanist dəyərlərə sadiq qalan bir ölkədir. Onun üçün də bu çərçivədə müəyyən addımlar ata bilər. Düşünürəm ki, baş vermiş hadisəni bu konteksdə qiymətləndirmək lazımdır”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli: “Elə reallıqlar var ki, dövlət və vətəndaş prizmasından yanaşanda başqa məsələlər ortaya çıxır. Vətəndaş haqlı olaraq cinayət törədən əsiri cinsindən asılı olmayaraq, terrorçu hesab edir və bir terrorçu əsirin ölkəsinə göndərilməsini qəbul etmir. Azərbaycan ərazisində erməninin nə işi var? Gəlibsə, demək terrorçudur. Ancaq dövlətin yanaşması və dünyanın reallıqları var. Bəzən elə addımlar atılır ki, sonralar Azərbaycan dövlətinə faydalı olur. Elə məsələlər də olur ki, o informasiyalar cəmiyyətə verilmir. Bir müddətdən sonra vətəndaş həmin addımın ölkə üçün faydasını görür. Narazı olanlar iki qrupa bölünür. Bir qrup doğrudan da narahat olub, dövlətini, vətənini düşünür, xalqını sevir və bundan dolayı narahatlığını ifadə edir.

Emin Həsənli: “Bəzən elə addımlar atılır ki, sonralar Azərbaycan dövlətinə faydalı olur”

Amma digər qrup bu məsələdən istifadə edib, öz məqsədlərini güdür və hakimiyyətin üzərinə gəlirlər. Bu da heç bir halda doğru bir yanaşma kimi qəbul oluna bilməz. Həssas olmaq lazımdır. Xüsusilə, siyasətçilər bu məsələləri daha anlayışla qəbul etməlidirlər. Bilinməlidir ki, ortada Azərbaycan dövləti üçün maraqlar var ki, bu məsələ belə həll olundu. Ümumiyyətlə, son illərdə görürük ki, sonucda Azərbaycan dövlətinin maraqlarına uyğun addımlar atılır.

Xatırlayırsınızsa, ötən il may ayında Şuşada andiçmə olanda bir qrup insanımız haqlı narahat idi ki, Paşinyan kimdir ki, gəlib Şuşada andiçmə təşkil edir. Bir qrup isə hay-həşir salırdı ki, ora niyə raketlə vurulmur, diversiya qrupu göndərilmir, hanı xüsusi təyinatlılarımız, ordumuz? Amma sonradan hər kəs gördü ki, dövlətimizin səbri əsassız deyilmiş. İndi baxın, may ayında Şuşaya raket atmağımız yaxşı idi, yoxsa noyabr ayında oranı bütünlüklə azad etməyimiz? Yaxud Ramil Səfərovun məsələsini xatırlayaq. Çoxları deyirdi ki, dövlət heç bir iş aparmır. Amma nəticədə sonuc başqa cür oldu. Belə misalları xeyli çəkmək olar. Zaman-zaman Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun addımların atıldığını görürük. Reallıqlar var ki, biz onu nəzərə almaq zorundayıq. Onu da bilmək lazımdır ki, bu cür qərarlar hərtərəfli təhlil olunduqdan sonra verilir. Hər kəsdən informasiyalı dövlətdir, onun üçün də qərarlar ölçülüb-biçilir. Belə nümunələr dünyada az olmayıb. Qardaş Türkiyəni misal çəkə bilərik. İsrail-Fələstin arasında münaqişədə belə hallar olub. Amerikanın İraqdakı əməliyyatları zamanı da biz belə halların şahidi olmuşuq. Əksər müharibələrdə belə faktlar baş verib. Türkiyədə PKK-nın törətdiyi terror aktları, cinayətləri məlumdur. Orada bəzən dövlət oturub onlarla danışıqlar aparır. Dövlətin maraqları olur ki, güclənməsi üçün bəzi addımlar atsın”.

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Elxan Şahinoğlu: “Mənim də bu suala cavaba ehtiyacım var”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu istiqamətdə yaranan sualların cavabsız qaldığını söylədi: “Jurnalist dostlarım livanlı snayper qadının niyə azad edilməsi barədə mənə suallar verirlər. Mənim də bu suala cavaba ehtiyacım var. Rəsmi açıqlama yoxdur. Əlbəttə, dövlətlərarası münasibətlər naminə Livan rəhbərliyinin və Rusiya Federasiya Şurasının xanım sədrinin xahişinın nəzərə alındığı güman etmək olar. Belə hallar başqa dövlətlərin nümunəsində də olur. Ancaq nədənsə həmin Federasiya Şurasının xanım sədri Ermənistanın illərdir ki, Şuşa türməsində girov saxladığı iki vətəndaşımıza görə İrəvana minnətçi düşmədi, halbuki soydaşımızın biri həm də Rusiya vətəndaşı idi”.