“AZI 2 MİLYARD MANAT MƏNİMSƏYİB…” – “Bu quldur 9 il əvvəl həbs olunmalı idi”

Hit MÜSAHİBƏ
Spread the love

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun həbsindən danışıb. 

Qeyd edək ki, bir neçə il əvvəl R.Məmmədov keçmiş deputata məxsus şirkətin fəaliyyətini dayandırıb, ona milyonlarla ziyan vurub. İş adamı onun barəsində hüquq-mühafizə orqanlarına, məhkəmələrə şikayət edib. R.Məmmədov da N.Bəydəmirlidən şikayətçi olub, onu cərimələtdirib.

“Dedi, nə səs–küy salmısan, bizə belə tapşırıq verilib, mən də yerinə yetirirəm”

Keçmiş deputat “AzPolitika.info”-ya bildirib ki, DTX-ya zərərçəkən şəxs kimi müraciət edəcək. Onun sözlərinə görə, Azərbaycanda metal sahəsindəki monopoliya 2009-2010–cu illərdə Rasim Məmmədov “Baku Steel Company” MMC-yə icraçı direktor təyin olunduqdan sonra başlayıb: “2012-ci ildə 20-dən artıq metal istehsalçısına qarşı reyder hücumu təşkil olunub, o cümlədən mənim də təsisçisi olduğum “Ataxan Dəmir Sənaye” Türkiyə-Azərbaycan birgə müəssisəsinin istehsal sahəsi zorla dayandırılıb. Rasim Məmmədovun qoçu dəstələri bizi həmin zavodun istismarından məhrum edib. Baxmayaraq ki, həmin gün hüquq–mühafizə orqanlarına zəng edilib, polisə şikayət olunub, onlar da gəlib baxış keçirib gediblər. Müəssisənin fəaliyyəti zorla dayandırılıb, həmin gün direktoru Məmmədovun qoçu dəstələri götürüb apardılar. Ona açıq şəkildə deyilib ki, siz işləməyəcəksiniz. Mən Rasim Məmmədova zəng edib soruşdum ki, bu nə məsələdir, eyni hüquqa malik olan şirkətlər olduğu halda niyə bizim müəssisəni bağladırsız? Qısa dialoqdan sonra telefonu söndürdü, mən məcbur olub ANS televiziyasına, “Azadlıq” radiosuna və digər mətbuat orqanlarına müraciət etdim. Rasim Məmmədov bir neçə gün sonra özü mənə zəng edib dedi ki, nə səs–küy salmısan, bizə belə tapşırıq verilib, mən də onu yerinə yetirirəm. Baxdım ki, bu adamın nə qanundan, nə qaydadan xəbəri yoxdur, ya da özün bilməməzliyə qoyub. Təklif etdik ki, görüşək, danışarıq. Bundan sonra direktor, müəssisənin digər təsisçisi Əhməd Ataxan, Abdulla Əsgərov bir neçə dəfə Rasim Məmmədovla görüşdülər. Sonradan məlum oldu ki, Rasim zavodu qiymətləndirəcək, ona uyğun da pulumuzu verəcək, biz də bu sektordan çıxacağıq”.

“Cəmi 3 gün işləmişdik ki, yenidən həmin qoçu dəstələri gəldi…”

 

 

İş adamı qeyd edir ki, bu təklifi eşitdikdən sonra həmin gün Prezident Administrasiyasına faksla müraciət göndərib. “Tez çatması üçün şikayəti Ramiz Mehdiyevin köməkçisinə çatdırdım. Amma nə Mehdiyev, nə də köməkçisi gəldi. Uzun müddətdən sonra Rasim Məmmədov zavoda görə 5 milyon əvəzinə bizə 700 min manat təklif etdi. Bu təhqir demək idi, mən onunla danışığı dayandırıb, hüquq-mühafizə orqanlarına müraciət etdim. Məhkəmədə 2 ilə yaxın mübarizə apardıq və qətnamə çıxarıldı ki, fəaliyyətimizi bərpa edirik, mühafizə polisi də bizim təhlükəsizliyimizi təmin edəcək. 2014–cü ildə zavodun rəhbərliyini öz üzərimə götürdüm. Çünki əvvəlki direktor Rasim Məmmədovun qoçularının fiziki təzyiqi nəticəsində ölkədən getdi, başqa mütəxəssislər də dağılmışdılar. Biz əlavə vəsait cəlb edərək yenidən müəssisəni işə saldıq. Cəmi 3 gün işləmişdik ki, yenidən həmin qoçu dəstələri gəlib mənimlə görüşüb işi dayandırmağımızı tələb etdilər. Mən mühafizə polisinə tapşırıq verdim ki, həmin adamları çölə çıxarsın və mühafizə idarəsinə zəng edib, kömək istəsin. Binəqədi rayon Mühafizə Polisinin rəisi də daxil olmaqla 20-yə yaxın polis nəfəri hadisə yerinə gəldi. Jurnalistləri də dəvət etdim, gəldilər, video çəkiliş etdilər, amma onlara da fiziki təzyiq göstərdilər. Mənim telefonum əlimdən alındı və polkovnik, mayor və digər rütbəli polislər 3 banditin qarşısından geri çəkilib getdilər. Bizi onlarla baş-başa buraxdılar. Bizim kameralarımız sındırıldı, işçilərimiz məcburən çıxarıldı”, – iş adamı vurğulayıb.

N. Bəydəmirlinin sözlərinə görə, nəticə etibarı ilə nə hüquqi, nə də başqa müstəvidə heç nəyə nail ola bilməyib. Hətta məhkəmə Rasim Məmmədovun təzyiqi ilə ona qarşı sifarişli qərar qəbul edib: “Uzun müddət məhkəmələrdə çəkişdik. Sonra bizə qarşı “qara piar” kampaniyasına start verildi. Təbii ki, bu yazılara görə onları məhkəməyə verdim. Nərimanov Rayon Məhkəməsi Rasim Məmmədovun iş və yaşayış yerini “müəyyən etmədiyi” üzündən dəfələrlə prosesi təxirə saldı, axırda baxılmamış saxladı”.

“Rasim Məmmədov məni 10 min manat cərimələtdirdi”

Nazim Baydəmirli qeyd edir ki, bütün cəhdlərinə rəğmən ədalətə nail ola bilməyib: “2018-ci ildə bu dəfə onu “Facebook” səhifəmdə “monopolist” adlandırdığıma görə məni məhkəməyə verdi. Məndən “Baku Steel Company” üçün 100 min, özü üçün isə 100 manat təzminat tələb etdi.  Nizami Rayon Məhkəməsinin hakimi sifarişlə Rasim Məmmədovun və “Baku Steel Company” MMC-nin hərəsinə 5 min manat təzminat ödəməyim barədə qərar çıxardı. Şikayət verdik, amma əvvəl apellyasiya instansiyası, sonra isə Ali Məhkəmə qüvvədə saxladı. Bütün bunlar Rasim Məmmədovun əllərinin necə uzun olduğunu göstərir. 10 gün əvvəl icra şöbəsindən zəng edirlər ki, sizlə bağlı məhkəmə qərarı var, onu icra etməliyik, Rasim Məmmədova “Facebook”-da monopolist dediyimə görə 10 min manat ödəməliyəm. Təbii ki, dərhal həm Prezidentə, həm də Prezident Administrasiyasının müvafiq şöbəsinə müraciət etdim. Mənə vurulmuş 5 milyon manat zərəri almadığımı, 2012–ci ildən zavodun fəaliyyətinin dayandırılmasını, üstəlik, özümün cərimələnməyimin heç bir hüquqa, ədalətə sığmadığını bildirdim. İşlə bağlı Avropa Məhkəməsinə müraciət etmişdim, amma müraciətim təxminən 1 həftə poçtda qaldı. Ancaq Rasim Məmmədov həbs olunan günü ərizəm Avropa Məhkəməsinə yola salındı”.

“Rasim ən azı 9 il bundan qabaq həbs olunmalı idi”

 

 

Rasim Məmmədovun həbs edilməsinin səbəbi barədə danışan Nazim Baydəmirli deyir ki, o, öz sahiblərinə “atdığı” üçün həbs edilib: “Bu barədə mənim təxminlərim var.  Bu adam müxtəlif maxinasiyalarla öz sahiblərinə “atır”, ona etibar edən adamları aldadaraq vəsaitlərini mənimsəyib, eyni zamanda dövlətdən də pulları qaçırıb. Hesablamalarıma görə, R. Məmmədov 10 il ərzində ən azı 2 milyard manat vəsait mənimsəyib. Onun dəbdəbəli yaşayış tərzi – bahalı evləri, avtomobilləri, xarici səfərləri ilə tez-tez gündəmə gəlməsi bundan xəbər verir. R.Məmmdov qanunsuzluqları ilə ölkədə minlərlə insanı çörəksiz qoyub. Təkcə bizim müəssisəmizdə 250 nəfər işləyirdi. Belə bir quldur əslində ən azı 9 il bundan qabaq həbs olunmalı idi”.

 

Dünyanınsəsi.Az