Azərbaycanda uşaqlar da peyvənd olunsunmu?

Əsas Manşet ÖLKƏ
Spread the love

Uşaqlar arasında yoluxma sayının qlobal artımı fonuda Avropa mütəxəssisləri xəbərdarlıq edir: əgər pandemiyanı kütləvi vaksinasiya ilə dayandırmaq mümkün olmazsa, o, “delta” ştammına çox həssas olan uşaqlar və yeniyetmələr arasında da yayılmağa başlayacaq.

Bununla əlaqədar Ümumdünya səhiyyə təşkilatı (ÜST) uşaqların da COVID-19 virusundan peyvənd olunmasını zəruri sayıb və Fransa, Almaniya, İtaliya, Macarıstan, ABŞ, Sinqapur, İsrail və digər ölkələrdə BioNTech/Pfizer peyvəndindən istifadə edilməklə 12 yaşdan yuxarı yeniyetmələrin  kütləvi vaksinasiyasına başlanılıb.

Yeri gəlmişkən, Pfizer şirkəti ABŞ-ın ərzaq və medikamentlərin keyfiyyəti məsələləri üzrə İdarəsinə (FDA) və Avropa dərman vasitələri agentliyinə (EMA) təsdiqlənmək üçün yeni peyvənd təqdim edib ki, o da 5 yaşdan yuxarı uşaqların vaksinasiyası üçün nəzərdə tutulub. 

Ölkəmizdə uşaq və yeniyetmələrin vaksinasiyasına başlanılacaqmı sualı ilə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazova müraciət etdik.

– Məlumdur ki, bizdə koronavirusdan vaksinasiyanın aşağı yaş həddi 18 yaşdır, – Eyvazov bildirdi. – Yaşlılardan fərqli olaraq, uşaqlar xəstəliyi daha yüngül keçirir, onlarda ağırlaşmalar, deməli həm də xəstəxanaya yerləşdirmək tələbatı daha az olur.  Bildiyiniz kimi, kütləvi vaksinasiya şəraitində total karantinin tətbiqi və uşaq bağçalarının, orta və ali məktəblərin bağlanması üçün əsas göstərici klinikaların reanimasiya şöbələrinin kovidli xəstələrlə dolma faizidir.  Yaxşı ki, 2020-ci ilin dekabrından fərqli olaraq hazırda bu cür axın yoxdur.  Deməli, uşaq və yeniyetmələrin kütləvi vaksinasiyasına kəskin zərurət də yoxdur.

– Bəs uşaqlar yüngül və hətta simptomsuz formada xəstələnəndə koronavirusun yayılmasına şərait yarada bilərlər…

– Bu, həqiqətən belədir. Ancaq əgər valideynlər peyvənd olunubsa, kovidlə yüngül xəstələnirsə, uşaqları peyvənd etdirmək nəyə gərək?  Biz hazırda uşaqların kütləvi vaksinasiyasına başlamaq, məktəbləri bağlamaq və distant təhsilə keçmək üçün səbəblər görmürük, məktəb və bağçalarda vəziyyəti sərt epidemioloji nəzarətdə saxlamağa imkan yaradan lokal profilaktik ölçülərə üstünlük veririk.

– Bəs risk qrupunda olan, xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlar?

– Təbii, Azərbaycanda koronavirsla mübarizəyə cavabdeh olan strukturlar tərəfindən bu cür hallarda vaksinasiya məsləhət görülür, çünki bu, uşaqların sağlamlığı üçün vacibdir. Ancaq mütləq valideynlərin razılığı olmalıdır.

– Niyə bizdə uşaqların ekspress-test yolu ilə kütləvi müayinəsi aparılmır?

– Virusa yoluxma faktını bir neçə dəqiqə ərzində müəyyənləşdirməyə imkan yaradan bu cür müayinə yalnız ekspress-testlər istehsal olunan dövlətlərdə aparılır. Onlar istehsal olunmayan ölkələrdə isə Polimeraz zəncirvari reaksiya (PZR) testi tətbiq olunur…

* * *

Redaksiya Azərbaycanın baş infeksionistinin möqeyini uşaqların vaksinasiyası səviyyəsinə görə hazırda dünya lideri olan İsrailin nümayəndəsinin mövqeyinə qarşı qoymaq qərarına gəldi. Bizim xahişimizlə vəziyyəti pediatriya və immun sistemin xəstəlikləri sahəsində aparıcı mütəxəssis, Yerusəlimdəki Yəhudi universitetinin tibb fakültəsinin klinik bazası olan “Xadassa” tibb mərkəzinin şöbə müdiri Yakov Berkun şərh etdi.

Berkun bildirdi ki, İsraildə 12-15 yaşlı uşaqların vaksinasiyası 2021-ci ilin iyunundan aparılır, yuxarı yaşlı yeniyetmələrin vaksinasiyasına isə daha əvvəl başlanılıb.

Hazırda İsraildə 12-16 yaşlı yeniyetmələrin 50 faizi, 16 yaşdan yuxarı israillilərin isə 80 faizdən çoxu peyvənd olunub. Onların arasında xüsusi olaraq əlavə təsirlər müşahidə edilməyib.  Oğlanlarda bir neçə gündən sonra keçib gedən yüngül miokarditin ayrı-ayrı halları qeydə alınıb (250 min peyvənd olunan yeniyetmədə 5-6 fakt).

Professor qeyd etdi ki,  peyvənd olunan uşaqlar peyvənd olunmayan yaşıdlarına nisbətən koronavirusla 40 dəfə (!!) az xəstələnir.  Onun sözlərinə görə, BioNTech/Pfizer şirkəti 5-12 yaş arasındakı 3 min uşağa peyvəndin təsirinin nəticələrini dərc edib və burada peyvəndin yüksək effektivliyi, əlavə təsirlərinin yoxluğu qeyd olunub. Hazırda isə İsrailin Səhiyyə nazirliyində  5 yaşdan başlayaraq uşaqları peyvənd etmək üçün FDA-nın peyvəndi nə vaxt təsdiqləyəcəyini səbirsizliklə gözləyirlər.

Yakov Berkun İsrail məktəblərində kovidlə mübarizədə tətbiq olunan müdrik taktikadan da danışdı – bütün valideynlərə infeksiyanı aşkarlamaq üçün pulsuz ekspress-testlər paylanıb və onlar uşaqlarını bir neçə gün ərzində test edərək nəticə müsbət olanda həkimlərə xəbər verirlər.  Nəticədə uşaq yoluxubsa, məktəbə gəlmir və bütün sinfi qapatmağa da ehtiyac qalmır. Beləliklə, xəstə uşaqlar karantində qalır, sağlamlar isə təhsilə davam edirlər.  Valideynlər heç də həmişə uşaqları vaxtında test etməsə belə, yeniyetmələr arasında kovidlə kütləvi yoluxmalara artıq rast gəlinmir.

Professor Berkununun sözlərinə görə, yaşlı əhalinin 90 faizinin peyvənd olunduğu İsraildə “Kovidlə həyat” şüarı qəbul edilib və bu, insanların pandemiya şəraitində normal yaşayışını təmin edir.  Təsadüfi deyil ki, hətta sonuncu dalğa zamanı da dövlət lokdaun və karantin məhdudiyyətləri tətbiq etmədi.

 

Eyni zamanda Berkun qeyd edir ki, kovid pandemiyasının birinci dalğası istisna olmaqla bütün dalğaları məhz körpələrdən başlayıb, sonra isə böyüklərə və qocalara keçib. Həkimlər əvvəlcə əmin idilər ki, uşaqlar ümumiyyətlə yoluxmurlar, ancaq sonra onların fəal şəkildə yaşlıları yoluxdura bildikləri bəlli oldu və yalnız bundan sonra yeniyetmələri peyvənd etdirmək qərarına gəlindi.

Peyvənd olunmamış xəstə uşaqlarda əsasən 10 yaşında bəzən ağır iltihabi sindrom müşahidə olunur, orqanizmin ürək-damar və digər sistemləri zədələnir, habelə trombozlar və arterial təzyiqin hətta şok səviyyəsinə qədər enməsi baş verə bilir, –professor Berkun deyir. Bildirir ki, indiyədək təkcə Yerusəlimdə 80-ya yaxın bu cür hal qeydə alınıb. Uşaqlarda ağır iltihab sindromuna 1:800 nisbətində rast gəlinir.

Qeyd etmək zəruridir ki, onların müalicəsində “ağır preparatlar” – steroidlərin yüksək dozası, venadaxili immunoqlobulinlər və s. tətbiq olunur. Təkcə “Xadassa” klinikasında kovid ağırlaşmaları olan 40-a yaxın uşaq müalicə alıb.  Bir sözlə, əgər əvvəllər kovidli uşaqların asan müalicə olunduğu söylənilirdisə, hazırda vəziyyət daha mürəkkəb görünür.  Bizim passiimizdə təəssüf ki, vəfat etmiş bir və ekstrakorporal membran oksigenasiyasına qoşulmuş iki körpə var…”

Professor Berkunun sözlərinə görə, uşaqlarda kovidin gedişatı prosesi əvvəllər fərz olunduğundan daha mürəkkəbdir. İsrailin Səhiyyə nazirliyinin məlumatına görə, uşaqların 5 faizində “lonq kovid”ə rast gəlinir – bu vaxt uşaqda xəstəlikdən sonra bir neçə ay ərzində yorğunluq, sinir pozuntuları, diqqətin toplanması ilə bağlı problemlər, əzələ ağrıları və s. müşahidə olunur.

Ümid edirik ki, Pfizer təsdiqini alacaq və balaca uşaqların da vaksinasiyası kampaniyasına başlamaq olacaq, – Yakov Berkun deyir. – Mənim 13 yaşlı böyük nəvəm ölkədə peyvənd olunan ilk yeniyetmələrdən biridir.  İndi isə ən balacanı, 6 yaşlı nəvəmi peyvənd edəcəyik. Şəxsi nümunə ilə valideynləri uşaqların peyvənd olunmasına qarşı çıxmamağa inandırmaq istəyirəm. Bizim təşkilatın həkimləri KİV və sosial şəbəkələr vasitəsilə izah etməyə çalışırlar ki, uşaqların sağlamlığı üçün immun müdafiə necə əhəmiyyətlidir, yalnız bu üsulla məktəblərin bağlanmasının və onlayn-təhsilə keçidin qarşısını almaq olar. Əks halda uşaqlar aylarla dörd divar arasında qalmağa məcbur olacaq, onların təhsilə marağı itəcək, psixoloji məyusluq əlamətləri, apatiya, piylənmə yaranacaq…

Yakov Berkunun fikrincə,  uşaqları peyvənd etdirmək vacibdir.

“Mən hər gün dəhşətli iltihab sindromu olan xəstə körpələri görürəm, – Berkun deyir. – Təsəvvür edin, gözünüzün qarşısında uşağın təzyiqi qəfil düşür, ürəyi dayanır, şok yaranır… Miokardit kimi əlavə effektə hətta 10 min uşaqdan birində rast gəlinsə belə, mən yenə də uşaqların peyvənd olunmasını məsləhət görürəm…”

Dunyaninsesi.Az