Azərbaycanda çörək bahalaşacaqmı?

İQTİSADİYYAT Manşet
Spread the love

Dünəndən etibarən sosial şəbəkələrdə müəyyən ticarət şəbəkələrində çörəyin və un məmulatlarının bahalaşması haqda xəbərlər tirajlanır. Hərçənd virtualaz.org saytının müxbirləri bir çox mağazalara və supermarketlərə baş çəkiblər və qiymətlərin hələ dəyişmədiyinin şahidi olublar.

Məlum olduğu kimi Azərbaycanda çörəyin və un məmulatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, dünya bazarında buğdanın və unun qiymətindən asılıdır. Bəs Azərbaycan istehsalçıları başqa qonşu ölkələrdə olduğu kimi çörəyin qiymətini artıra bilərmi? Bazarın qanunlarını heç kim dəyişdirə bilməz, Azərbaycan hökuməti isə onsuz da uzun müddətdir çörəyin qiymətini sabit saxlamağa çalışıb, bunun üçün qiymət siyasətinə təsir göstərən bütün alətlərdən istifadə edib.

Azərbaycan istehsalçıları hələ qiymətləri artırmağa tələsmir…

Bəli, çörəyin bahalaşması haqda belə həyacan dünya bazarlarında buğdanın qiyməti ilə bağlı yaranmış situasiya barədə redaksiyamızın hazırladığı məqalələrdə də hiss edilirdi. Qlobal buğda qıtlığı aparıcı taxıl məhsullarının qiymətinin artmasına gətirib çıxarıb.

Azərbaycan hökuməti qiyməti sabit saxlamaq üçün bütün mümkün addımları atıb. 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb, hansı ki, bu subsidiya  58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaq olub. Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində dha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır.

Belə görünə bilərdi ki, bütün bu tədbirlər qiyməti sabit saxlamaq üçün kifayət edəcək. Lakin hökumət artan bazar tələbatına cava olaraq əlavə tədbirlər də gördü. Belə ki, subsidiyaların orta aylıq idxal hesabatları əsasında yeni mexanizmlər üzrə ayrılması və paylanması prosesi başladı.  2021-ci il fevralın 1-dən noyabrın 1-nə qədər un istehsalı ilə məşğul olan  37 təsərrüfat subyektinə 35,7 milyon manat ödənilib. Ötən ilin sonlarından başlayaraq isə bu məbləği 39 milyon manata çatdırmaq proqnozlaşdırılırdı. (Son statistika məlum səbəblərdən hələ yoxdur,-red.) İl ərzində ödənilən subsidiyanın məbləği 74,7 milyon manat təşkil etməli idi.

Lakin təəsüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir. Axı bunun qarşısını necə alasan ki, hazırda Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyadan idxal edilən ərzaq buğdasının tonu 338 dollardır. Nəticədə daxili bazarda qiymətlər bütün proqnozlara görə, əhəmiyyətli ölçüdə artmalıdır. Belə ki, 50 kiloqramlıq unun topdansatış qiyməti 35,9 manata (tonu 718 manat) çatmalıdır. Bu isə ənənəvi 500 qramlıq çörəyin qiymətinin 50 qəpiyə, 650 qramlıq çörəyin isə 65 qəpiyə qalxması deməkdir. Çörəyin bahalaşması əlbəttə, qlobal pandemiya və ərzaq böhranı şəraitində yaxşı heç nə vəd etmir. Lakin dünyada qiymətlərin bu cür artmasından sonra da çörək Azərbaycanda bir çox ölkələrə, o cümlədən qonşu ölkələrə nisbətən daha ucuz olacaq.

Məsələn, həmin 500 qramlıq çörək Gürcüstanda Azərbaycan valyutası ilə hesabladıqda 0,57-0,66 manat, Rusiyada 1 manat, Ukraynada 1,26-1,46 manat, Qazaxıstanda 0,51-0,56 manat, Ermənistanda isə 0,81 manatdır…