“Azərbaycana mənfi təsirləri olacaq” – İraqdakı “alovlanma” nələrə yol aça bilər?

Manşet SİYASƏT
Spread the love
İraqın paytaxtı Bağdadda dövlət binaları və xarici diplomatik misisyaların yerləşdiyi qapalı “yaşıl zona” adlı əraziyə 5 raket atılıb. Raketlərdən 3-ü Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bağdaddakı səfirliyinin ərazisinə düşüb. Xəsarət alanlar barədə məlumat verilməsə də, səfirliyin əməkdaşlarının təxliyə olunduğu bildirilir. 
Vaşinqton qüvvələri İraqdan çıxarmayacağını bildirsə də, ötən həftə Davosda İraqın kürd liderləri ilə görüşən ABŞ prezidentinin gündəmində Ərbil və ətrafında yeni hərbi bazalar qurulması ilə bağlı danışıqların aparıldığı iddia olunurdu. Ehtimal ki. Vaşinqton Bağdadda vəziyyətin gərginləşəcəyi halda hərbi gücünü Ərbilə köçürmək variantı üzərində işləyir. Bu isə İraqda qarşıda ciddi gərginlik və yeni xaos olma ehtimalını gücləndirir.
Bəs görəsən, bu baş verənlər İraqda yenidən “alovlanma” yarada bilərmi? Ümumiyyətlə, sözügedən bölgənin yenidən alovlanmasının Azərbaycana hansı təsirləri ola bilər?
Bu suallarımıza cavab tapmaq üçün Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu hadisə bəzi radikal qüvvələr tərəfindən iranlı general Qasım Süleymaninin ölümünə cavab olaraq yerinə yetirilmiş ola bilər. Lakin itki olmadığına görə, həm İran, həm də Amerika öz soyuqqanlılığını qoruyacaq:
“Bilirsiniz “yaşıl zona” Bağdadda qorunan bir ərazidir. Orada dövlət binaları, səfirliklər yerləşir. Amma məsələ burasındadır ki, artıq “yaşıl zona” xaricində paytaxtda problemlər yaşanır. Həmin ərazi xaricində Bağdadın təhlükəsizliyini qorumaq da çox çətindir və o ərazilərdən “yaşıl zona”ya da müəyyən hücumlar keçirirlir. Ola bilsin ki, hansısa radikal qruplar Qasım Süleymaninin ölümünə cavab olaraq belə aksiya keçiriblər, bu cür addım atıblar.
Amma inanmıram ki, İran özü hazırda ABŞ-a hücum etmək, zərbə endirmək haqqında ciddi düşünsün. Çünki Amerikanın özü cavab aksiyası keçirə bilər. Hətta Tramp demişdi ki, İranın 52 məntəqəsini vura bilərik. Ona görə də, İran ehtiyatlı yanaşmalıdır, soyuqqanlı olmalıdır. Təsadüfi deyil ki, İraqda Amerikanın hərbi bazası vurularkən orada heç bir amerikalı hərbiçi yox idi və itki olmadı. Amma İraqda, Bağdadda İrana bağlı güclər var. Onlar müstəqil qərar verib raket zərbəsini həyata keçirə bilər. Amerika yenidən deyə bilər ki, bu hücumun arxasında İrana bağlı qüvvələr dayanır. İtki olsa, Amerikanın buna cavabı olacaq. Məndə olan bilgilərə görə, itki olmayıb. Bu baxımdan Amerika da İran kimi öz soyuqqanlılığını qorumağa çalışacaq”.
Politoloq İraqın məcburən Amerikaya bağlı olduğunu və belə bir şəraitdə ABŞ hərbi bazalarının ölkədən çıxmayacağını söyləyib:
“İraq parlamentinin bir qərarı oldu ki, Amerika bazaları ölkədən çıxarılsın. Amma İraq hökuməti bu qərarı yerinə yetirməyə də bilərdi. Orada Amerikanın hərbi bazaları var və oranı asanlıqla tərk etməyəcək. Tam əksinə, Amerika İraqda daha da güclənəcək. Baxmayaraq ki, İraq tərəfi Qasım Süleymaninin Amerika tərəfindən öldürülməsini tənqid etdi, amma İraq prezidenti çox rahat halda Davosda Trampla görüşdü. Hazırkı halda İraq Amerikaya məcburən çox bağlıdır. Səddam Hüseyin devriləndən sonra Amerika İraqda yerləşib.
Düzdür, İranın da İraqa təsir imkanları çoxdur. Amma Amerikanın hərbi bazaları var və onlar İraqdan çıxmayacaq. Sadəcə Qasım Süleymanidən sonra bir qərar verilməli idi və İraq emosional şəkildə o qərarı verdi. Bu, Amerikanın İraqı tərk edəcəyi anlamına gəlməz”.
E.Şahinoğlu Amerika və İran arasında ciddi qarşıdurma yaranmasa, bu hadisələrin Azərbaycana ciddi təsir etməyəcəyini də vurğulayıb:
“Bu hadisənin Azərbaycanla elə də bağlılığı yoxdur. Düzdür, İranla Amerika ərazisində müharibə başlasa, Azərbaycana mənfi təsirləri olacaq. Amma hələ bu istiqamətdə ciddi addım atılmır. Qasım Süleymaninin ölümündən sonra gərginlik yarandı. Lakin onlar arasında böyükmiqyaslı hadisələr olana kimi Azərbaycanı ciddi nəsə gözləmir”.