Azərbaycan və Ukrayna liderlərinin görüşünə Pekinin reaksiyası

Kateqoriyasız
Spread the love

Rəsmi Çin  hər iki ölkənin ərazi bütövlüyünün bərpasını müdafiə edir

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri başa çatdı. İki gün davam edən görüşlə bağlı müxtəlif mənbələr, o cümlədən Qərb agentlikləri müxtəlif səpkili xəbərlər yaydı. Bu xəbər isə Çinin “Xinhua” dövlət agentliyinə məxsusdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşündə Çinin vurğu yapdığı məqam hər iki ölkənin ərazi bütövlüyü ilə bağlıdır.

Bütün təzyiqlərə rəğmən cənab İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini bildirdi. Ümumilikdə isə Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünə qarşılıqlı dəstəyini bir daha təsdiqlədi.
“Xinhua” agentliyi yazır ki, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpasının qarşılıqlı şəkildə dəstəklənməsinin bir daha ən yüksək səviyyədə təsdiq olunması xüsusi önəm daşıyır.
“Regional və milli təhlükəsizliyin təmin edilməsi müzakirə etdiyimiz əsas mövzusu idi. Ən əsası isə biz Ukraynanın şərqindəki müharibə və Dağlıq Qarabağ münaqişəsi haqqında danışdıq”
Çinin xəbər agentliyi Ukrayna prezidentinin bu fikrini sitat olaraq təqdim edib.
Cənab Zelenski Ukrayna və Azərbaycanın bu sahədə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda birgə fəaliyyətlərini davam etdirəcəyini söyləyib. “Xinhua” agentliyi belə yazır.
Qeyd edək ki, ərazi bütövlüyü məsələsi Çin üçün xüsusi prioritet təşkil edir. Çünki bu məsələ ilə bağlı bəlli problemləri var. O da sirr deyil ki, Qərb mütəmadi şəkildə bu məsələdən Çinə qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən (Fransa, Rusiya, Böyük Britaniya, ABŞ ilə bərabər) biridir. Təhlükəsizlik Şurasının digər daimi üzvləri dövlətin suverenliyi və ərazi bütövlüyü kimi məsələlərə o qədər də önəm vermirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ancaq Çin bu məsələdə konkret mövqeyə sahibdir. Azərbaycan və Ukrayna kimi ərazisi işğal olunmuş ölkələr üçün isə bu məsələ həyati əhəmiyyət kəsb edir. Göründüyü kimi, Çin üçün də bu məsələ önəmlidir. Elə bu səbəbdən də “Xinhua” agentliyi yaydığı xəbərdə Azərbaycan və Ukrayna liderlərinin hər iki ölkənin ərazi bütövlüyünün bərpası məsələsində ortaq mövqedən çıxış etməsi məsələsini xüsusi ilə qabardır.