“Azərbaycan polisinin Şuşada, Xankəndində asayişi təmin edəcəyi günlərin arzusu ilə yaşayırıq…

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

“Bu saatlarda həyatlarını riskə ataraq bizi, sağlamlığımızı qoru¬maq üçün əllərindən gələni edən hər bir polis əməkdaşı, zabiti bu xalqın övladlarıdır… “

Bu gün – 2 iyul ölkəmizdə polis işçilərinin peşə bayramıdır. Azərbaycan polisi yaranmasının 102-ci il-dönümünü qeyd edir.
Bu münasibətlə sabiq polis polkovniki,  ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini, Şuşa və keçmiş Ağdərə rayonlarının polis rəisi kimi çalışmış Qarabağ müharibəsi veteranı, polis polkovniki Sadir Məmmədov ürək sözlərini Moderator.az  oxucularıyla bölüşüb:
«Polis adı mənim üçün gerçəkdən çox dəyərli və əzizdir. Gənclik illərimdən ömrümün 47 ilini daxili işlər orqanlarında  xidmətə həsr etmişəm. Azərbaycan milisinin, polisinin  Qarabağ müharibəsinin  faciəli günlərində yaşadıqlarının, qəhrəmanlıqlarının da şahidi olmuşam. Odur ki, 102 illik tarixi bir yol keçmiş milli polisimizin həm ağrılı-acılı, həm də xoş, sabit günləri mənim üçün başqa bir anlam kəsb edir… 
 
Dünən torpaqlarımızın keşiyində dayanan, şəhidlər verən Azərbaycan polisi  bu günkü ağır pandemiya dönəmində xalqımızın asayişi ilə yanaşı, həkimlərimizlə çiyin-çiyinə onun sağlamlığı keşiyində də dayanır. Onu da anlamaq lazımdır ki,  bu saatlarda həyatlarını riskə atıb bizi, sağlamlığımızı qoru¬maq üçün əllərindən gələni edən hər bir polis əməkdaşı, zabiti bu xalqın övladlarıdır…  
 
Azərbaycan polisinin hazırda fəaliyyətdə olan, eləcə də təqaüddə, istefada olan hər bir əməkdaşını bu bayramımız münasibəti ilə ürəkdən təbrik edir onlara şəxsi və ictimai fəaliyyətlərində, iş başında yeni-yeni uğurlar diləyirəm.
 
Bu günlər ən böyük arzumuz odur ki, tezliklə  Ali Baş Komandan İlham Əliyevin əmri ilə Milli Ordumuzun azad edəcəyi torpaqlarımızda: Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, Ağdamda…, keçmiş Dağlıq Qarabağ adlanan bütün torpaqlarımızda asayişin təmin olunmasının general-polkovnik, hörmətli Vilayət Eyvazov başda olmaqla yenidən Azərbaycan polisinə həvalə edildiyi günləri görək…”