Azərbaycan Ordusunun zabitinin Ali Baş Komandana müraciəti – HƏRBİ HİSSƏ RƏHBƏRLİYİNİN MƏSULİYYƏTSİZLİYİ…

Əsas Manşet HADİSƏ
Spread the love

Tovuz rayonunda yaşayan 2-ci Vətən Müharibəsi veteranı, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Fizulinin azad olunmasına görə, Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilən, 27.10.2020-ci il tarixində Yuxarı Yağlıvənd – Dilağarda kəndləri istiqamətində ağır yaralanan və hal-hazırda ehtiyyatda olan tağım komandiri leytenant Abdullayev Elman Rəhman oğlu təltiflərlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciətini Dünyanınsəsi.Az-a ünvanlayıb.

Müraciəti olduğu kimi təqdim edirik.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə
Surəti  Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova
Cənab Ali Baş Komandan, Sizə müraciət edən 2-ci Vətən Müharibəsi veteranı, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Fizulinin azad olunmasına görə, Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilən, 27.10.2020-ci il tarixində Yuxarı Yağlıvənd – Dilağarda kəndləri istiqamətində ağır yaralanan və hal-hazırda ehtiyyatda olan tağım komandiri leytenant Abdullayev Elman Rəhman oğludur.
Yazıb Sizə bildirirəm ki, mən mövcud problem ilə əlaqədar dəfələrlə araşdırılması üçün  Prezident Aparatına, Baş Prokurorluğa, Müdafiə Nazirliyinə, Ombudsmana müraciət etmişəm. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Hərbi rütbələr və təltiflər şöbəsində qəbulda olmuşam, amma problem öz həllini tapmamışdır. 05.04.2022 tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qəbulunda olmuşam, bildirmişəm ki, 4 medalla (Cəbrayıl, Fizuli, Xocavənd, Vətən Muharibəsi İştirakçısı) təltif edilmişəm,yaralanmışam, amma buna baxmayaraq hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medallarından heç biri ilə təltif edilməmişəm. Bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolum olub. Mənə bildirildi ki, hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən siz Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilibsiniz. Müraciətimdə qeyd etdiyim medallar ilə təltif edilməyim barədə sərəncamın verilməsi haqqında məlumat verilmir. Hərbi hissəyə sorğu göndərildi deyilir və zəfər qazandıqdan bu günə kimi sorğuya müsbət cavab verilmir. Mənim döyüş yoldaşlarımın hamısı könüllülər idi və çoxusu şəhid olub və ya yaralanıb. Digər hərbi hissələrdə hər bir yaralı veteran qeyd etdiyim medallarla təltif edilib. Amma bizim hərbi hissə rəhbərliyi məsuliyətsizlik edərək döyüş yolumuzla maraqlanmadan medallardan bizi məhrum ediblər. Biz isə bu qərarlarla razı deyilik, bunu özümüzə qarşı haqsızlıq hesab edirik. Bizə lazımdır ki, haqq öz yerini tapsın və əsas medallarımız olan hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif edilək. Bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolumuz  olub.  Belə çıxır ki, hərbi hissə rəhbərliyi tərəfindən haqqımıza girib gərəkən medal siyahısında adımızı yazıb göndərmədiklərinə görə biz heç bir zaman qanımız bahasına qazandığımız o torpaqlarda şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medallarını sinəmizə sancıb fəxarət hissi ilə gələcək nəsillərə örnək ola bilməyəcəyik?! Mən könüllü olaraq müraciətim əsasında N saylı nömrəli hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin edilərək aktiv döyüş əməliyyatlarına qoşulmuşam. Bu o hərbi hissə idi ki, 44 günlük Vətən müharibəsində adı dillərdə dastana dönən Bakının Həmləsi adını almış xüsusi təyinatlı əməliyyat taborudur. Bu o hücüm taboru idi ki, cənab Prezident, Ali Baş Komandan 4 dildə jurnalistlər önündə 4 saatlıq çıxışında Füzuli cəbhəsində hücum taborlarının igidliyindən, şücaətindən, cəsurluğundan danışmışdı, amma o igidliyi, şücaəti, cəsurluğu sübut edəcək heç bir təltifimiz yoxdur. Döyüş əməliyyatları zamanı bölük komandiri yaralandığına görə bölüyün hücum əməliyyatına başçılıq etmək əmrini almışam. Fizuli rayonunun Cuvarlı, Zərgər, Qarğabazar kəndində, Məngələnata yüksəkliyindən Yuxarı Yağlıvənd kəndi istiqamətində əks hücum təşkil edərək düşmənin itgilər verərək geri çəkilməyinə müvəffəq olmuşuq. Yuxarı Yağlıvənd kəndində döyüşdə yaralanmışam və müalicə olunduqdan sonra Dilağarda kəndinə qayıdaraq döyüş tapşırıqlarının yerinə yetirilməsinə davam etmişəm. Xocavənd rayonunun Tuğ kəndi, 26.11.2020 tarixində MN, DTX və DİN tərəfindən Xocavəndin Sur kəndində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişəm. 28.11.2020 tarixində Laçın istiqamətində Həkəri çayının sağ sahili boyunca Güləbird, Qazıdərə, Malxələf, Fətəlipəyə istiqamətində əməliyyatlara qatılmışam. Bu gün mənim gözümü bağlasalar belə həmin döyüş yollarını qarış qarış tərəddüd etmədən keçərəm. Çünki, atdığımız hər addımın bir tarixçəsi var.
Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Laçın rayonlarında göstərdiyimiz şücaət, igidlik, cəsurluq, Azərbaycan Bayrağını azad etdiyimiz torpaqlarda sancmaq kimi xidmətlərimiz layiqincə dəyərləndirilmədi. Buna səbəbkar isə hərbi hissə komandiri kapitan Bayram Hüseynov, kadrlar xidmətinin rəisi kapitan Fərzəliyev Dilman və bölük komandiri baş leytenant Xələfli Ülvi olmuşdur. Belə ki, bu şəxslər qeyd edilən ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişlər, amma həm özlərini, həm də öz yaxın ətrafında olan, heç əlinə silah alıb döyüşməyən hərbi qulluqçuları (kadrlar xidmətinin rəisi, əşya xidmət rəisi, Maddi-Texniki Təminat rəisi, maliyyə xidmət rəisi və s. ştatla işləyən hərbi qulluqçular) hansısa maraqların müqabilində orden, medal siyahısına əlavə edərək yuxarı komandanlığa göndərmişlər və həmin hərbi qulluqçuların hər biri hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə,şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif ediliblər. Döyüşlərdə bölmələrimizə rəhbərlik edən könüllü olaraq ehtiyyatdan döyüşlərə qatılmış Qərargah rəisimiz kapitan Şikarov Nəcəf şəhid olduğuna görə təltif siyahısını bu şəxslər öz maraqlarına uyğun dərc etdilər. Şəhid zabit yoldaşım Şikarov Nəcəf olmadığına görə bizim haqqımıza girdilər. Düşünürəm ki, o sağ olsa idi kimin hansı ada layiq olduğunu daha yaxşı bildiyi üçün heç kim diqqətdən kənarda qalmazdı. Mən bir zabit kimi qəbul edə bilmirəm ki, düşmənə bir dənə də güllə atmayan hərbi qulluqçular Cəbrayıl, Fizuli, Xocavənd medalı ilə yanaşı döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif ediliblər amma mən və mənim heyətim olan Həmlə qrupu yalnız Cəbrayıl, Fizuli, Xocavənd medalı və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşuq. Mən və bölməm andımıza sadiq qalaraq vətənimiz uğrunda canımızı qanımızı əsirgəməmişik, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək yuxarı komandanlığa məruzə etmişəm, düşmən ilə qarşı qarşıya vuruşaraq onları məğlub etmişik. Bunu sübut edəcək görüntülər də mövcuddur. Fizuli karyeri adlanan ən qaynar strateji nöqtələrdə hücum əməliyyatı yerinə yetirmişik, nəticədə ağır yaralanmışıq. Laçının azad olunması günü Laçında əməliyyatda olmağıma baxmayaraq Laçının azad olunmasına görə medalı ilə də təltif edilmədim. Bizə lazımdır ki, haqq öz yerini tapsın və əsas medallarımız olan hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə,şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif edilək. Çünki, bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolumuz olub.
Cənab Ali Baş Komandan, xahiş edirəm bu əməllərin araşdırılmasına, hüquqi qiymət verilməsinə, səbəbkarların məsuliyyətə cəlb edilməsinə nail olmaq üçün tədqiqatlara başlanılmasına göstəriş verəsiniz. Həmçinin bizim layiq olduğumuz orden və medallar ilə təltif olunmağımız haqqında sərancam verəsiniz.
Vətən uğrunda döyüşən igid cəsur döyüşçüləri göstərdiyi şücaətlərə görə sağlığında təltif edək”.
Dərin hörmətlə: Abdullayev Elman Rəhman oğlu, 
Tovuz şəhəri, Rövşən Məmmədov 63, 
Tel: 0505273227
25 iyun 2022