Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 27 %-ni ödəyir

Hit İQTİSADİYYAT
Spread the love

Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarıstanın tələbatının təxminən 27 %-ni ödəyir və bu ölkədə “mavi yanacağ”la bağlı əlverişli qiymətlərin formalaşması üçün əsas yaradır.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Ötən gün Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) yanvar ayı üçün təbii qazın qiymətini 1 meqavat/saat üçün 179,33 leva (97,74 ABŞ dolları) səviyyəsində təsdiqləyib. Bu da dekabr ayı üzrə “mavi yanacağ”ın qiymətindən düz 22,75 % çoxdur.

Bildirilib ki, Bolqarıstanın enerji holdinqinin törəmə şirkəti olan “Bulgargaz” bu qiymətə olan təbii qazı son tədarükçülərə və istilik enerjisinin istehsalı və ötürülməsi üçün lisenziya almış şəxslərə satacaq.

Bu qiymətlərə Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə uyğun olaraq Azərbaycan təbii qazının bütün razılaşdırılmış həcmi daxildir.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.