Azərbaycan ATƏT-in Minsk Qrupu ilə bağlı nə qərar verəcək – Bakı üçün seçim anı yaxınlaşır

Əsas Manşet SİYASƏT
Spread the love

 

Görünən budur ki, Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara, yüksək səviyyədə verilən bəyanatlara baxmayaraq, ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdləri davam edir. Bu isə Ermənistanın aylardan bəri əl atdığı təxribatların məqsəd-məramını bir daha ortaya çıxarır.

Bölgədəki sülhməramlılarının fəaliyyəti artıq Azərbaycanda qıcıq doğuran Rusiya bu günlərdə Minsk Qrupundan yeni (?-red.) həmsədrini bölgəyə göndərdi. Hansı ki, rəsmi Bakı 28 illik fəaliyyətsizliyə görə həmsədrləri daim tənqid edib və 44 günlük zəfərdən sonra onların bu bölgədə görünməsinə ehtiyac olmadığını diplomatik şəkildə ifadə edib. Amma hələ ki, “üçlük” müxtəlif yollarla bölgəyə girməyə cəhd göstərir. Azərbacan Prezidenti bir neçə ay öncə həmsədrləri qəbul edərkən onları bura dəvət etmədiyini söyləmiş, eyni zamanda fəaliyyət göstərmək niyyətləri varsa, ortaya təklif qoymağa  çağırmışdı. Amma 30 ilə yaxın müddətdə tənzimləmə üçün normal təkliflərə malik olmayanların indiki durumda hansısa mütərəqqi mövqe sərgiləyəcəkləri real görünmür. Həmsədr ölkələr sadəcə, ermənilərin yanında qərar tutmaq, onları “qorumaq” istəyirlər. Hətta erməni təxribatlarına reaksiya vermədikləri halda, Azərbaycanın öz ərazisində apardığı fəaliyyətə də burun soxma cəhdləri oldu.

Bu günlərdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib. Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi 30 avqustda həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

ABŞ dövlət katibi Entoni Blinken ötən həftəsonu Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyana göndərdiyi təbrik məktubunda yenə “ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların bərpasından”, “Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüddətli siyasi həllindən” dəm vurub, hətta nədənsə, danışıqların başlaması kimi ifadə də işlədib. Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarında həmsədrlərin fəaliyyətini arzuladığını ifadə etmişdi.

Lakin rəsmi İrəvan və himayədarlarının nə deməsindən asılı olmayaraq, Azərbaycanın bu məsələdə mövqeyində hələ ki, ciddi dəyişiklik yoxdur. Rəsmi Bakı hesab edir ki, Qarabağ münaqişəsi həll olunub və regionda bundan sonrakı inkişafla bağlı hansısa təkliflər gözləyə bilərlər.  Bəzi müşahidəçilər qeyd edirlər ki, Rusiyanın yeni həmsədrinin Bakıda yalnız xarici işlər naziri Ceyhun Bayramovla görüşü oldu. Azərbaycan Prezidenti isə onunla görüşə lüzum görmədi. Bu isə həmsədr ölkələrə danışıqlar adı altında yenidən gorbagor olmuş “status” məsələsini  gündəmə gətirməyə icazə verməyəcək mesajı kimi qəbul edilməlidir. Amma göründüyü kimi, son günlər həmsədr ölkə kimi Rusiyanın bəzi dövlət strukturları, o cümlədən Rusiya Müdafi Nazirliyi Qarabağ məsələsində aşkar ermənipərəst mövqe sərgiləyir, “Dağlıq Qarabağ Respublikası” ifadələrini işlədirlər.  Bundan əlavə, rusiyalı həmsədr İrəvanda Qarabağdakı separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan və onun cinayətkar komandası ilə görüşüb. Xatırlayırsınızsa, işğal dövründə həmsədrlər Xankəndiyə tez-tez səfərlər edir və qondarma rejim təmsilçiləri ilə bir araya gəlirdilər.

İndi, 44 günlük müharibədən, Ermənistan sarsıdıcı zərbə alandan, hətta Qarabağdakı azsaylı ermənilər Paşinyanın deputatlarını daş-qalaq etdikdən sonra rusiyalı həmsədr Arutyunyanı qəbul edir, onunla rəsmi şəxs kimi danışır. Diplomat unutmamalıdır ki, A.Arutyunyan barəsində cinayət işi açılıb və İnterpola sorğu göndərilib. İnsan qatili ilə görüş hansı məqsəd güdə bilər? Təbii ki, burada sağlam niyyət ola bilməz. Üstəlik, bu təsadüfi xarakte daşımır, heç şübhəsiz. İstisna deyil ki, bununla Azərbaycana təsir etmək istəyirlər. Aydındır ki, Rusiya da digər həmsədr ölkələri masaya oturtmağa çalışır, bununla da üzərində olan məsuliyyəti bölüşməyə çalışır. Bəs, rəsmi Bakı hansı kontr-addımları planlaşdırır? ATƏT-in Minsk Qrupu nəhayətdə, masaya oturarsa, Bakı ən əsas, status məsələsinin gündəmə gətirilməməsini şərt kimi qoya bilərmi? Türkiyənin danışıqlara cəlb edilməsi alınmasa, Azərbaycan Minsk Qrupundan çıxa bilərmi? Bu qrupa Azərbaycandan, Ermənistandan, həmsədr ölkələrdən savayı, Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya kimi dövlətlər də daxildir. Onlardan birinin prosesdən rəsmi şəkildə çıxması ATƏT-in Minsk Qrupunun dağılması və öz mandatını itirməsi deməkdir…Müzakirələrin yenidən bu nöqtəyə qaytarılması cəhdi açıq hiss olunur. Ona görə də məsələyə siyasi analitiklərin fikirlərini öyrənmək istədik.

Oxu.az - Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror  əməliyyatı keçirəcək” - VİDEO

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa Minsk Qrupunun fəaliyyətə başlamasını və “Dağlıq Qarabağ”ın “statusu”nu müzakirəyə çıxarılmasını istəyirlər: “Bunu Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar da istəyirlər. Rəsmi Bakı isə Qarabağın “statusunu” müzakirə etmək istəmir. Azərbaycan hakimiyyəti eyni zamanda Minsk Qrupunun fəaliyyətinə də ehtiyac duymur. Prezident İlham Əliyevin də mövqeyi belədir ki, münaqişə bitib və “status”a ehtiyac yoxdur”. E.Şahinoğlunun fikrincə, buna baxmayaraq, rəsmi Bakının Minsk Qrupundan imtinası problematikdir: “Rəsmi Bakı Minsk Qrupunun fəaliyyətindən imtina edərsə, həmsədr dövlətlərin təzyiqi ilə üzləşəcək. Ona görə də Minsk Qrupundan imtina etmədən də “status” məsələsini gündəmdən çıxarmaq olar. Azərbaycanın gündəm mövzuları bəllidir: Birincisi, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. İkincisi, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsi məqsədilə danışıqlar başlamalıdır. Üçüncüsü, Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizi açılmalıdır”. Politoloq deyir ki, bu addımlar Azərbaycanla Ermənistan arasında sülhü sürətləndirəcək: “Böyük dövlətlər bölgədə sülh isrəyirlərsə, həmsədrləri “status” müzakirələrindən Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması prosesinə istiqamətləndirmək lazımdır. Əgər həmsdər dövlətlər bu məsələləri Bakı və İrəvanla müzakirə etməyəcəklərsə, Azərbaycanın həmsədrlərlə müzakirə edəcək mövzusu qalmayacaq və onların Bakıya səfərləri nəticəsiz qalacaq”. E.Şahinoğlunun sözlərinə görə, həmsədrlər az qala 25 il ərzində danışıqlar apardılar və Ermənistanı inandırmaq istəmədilər ki, “mərhələli həll” planını qəbul etmək və Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq lazımdır: “Azərbaycan 25 il Minsk Qrupunun səylərinə dəstək verdi, ancaq nəticə olmadı və Azərbaycan məcburiyyət qarşısında müharibə ilə məsələnin böyük hissəsini həll etdi. Həmsədrlər özləri də anlayırlar ki, onlara Azərbaycanda inam yoxdur. Ancaq ABŞ, Fransa və Rusiya həmsədr kimi özlərini buraxa da bilməzlər, yalandan da olsa fəaliyyət görüntüsü yaratmalıdırlar. Eyni zamanda onları Bakıda dinləyənlər də görüntü xatirinə onları qəbul edəcəklər”.

“Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazırdır və bu mövqe dövlət başçımız tərəfindən səsləndirilib”. Report xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşü zamanı söyləyib. C.Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Nazir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü ifadə edib.

Göründüyü kimi, rəsmi Bakı Ermənistanla normal əlaqələr qurmaqda maraqlıdır, elə kommunikasiyaların açılması barədə anlaşma da bunun təsdiqidir. Dövlət başçısı da sülh müqaviləsini imzalamağın zəruriliyindən bəhs edib. Ancaq İrəvan aqressiv tonunu kənara qoymur. Heç şübhəsiz onlar həmsədrlərin ənənəvi dəstək və stimullaşdırıcı mövqeyindən şirmniklənib bu sayaq davranış sərgiləyirlər.

Qafar Çaxmaqlı: “Azərbaycanlılara Ermənistanda muxtariyyət verilməlidir” -  VİDEO

Qafar Çaxmaqlı 

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı təsdiqləyir ki, ATƏT-in Minsk Qrupunun dirçəldilməsi yönündə Azərbaycana basqılar var və bu, açıq görünür:“Bunun irəlidəki aylarda artacağı gözləniləndir. Ermənistan da bütün siyasətini bunun üzərində qurub. Ola bilsin ki, Rusiya ilə digər həmsədr ölkələr arasında  Minsk Qrupunun fəallaşması ilə bağlı rəqabət var, mövqe mübarizəsi gedir, amma bu ölkə təmsilçilərinin son açıqlamaları ondan xəbər verir ki, onlar danışıqlar prosesinin başlamasında həmfikirdirlər.  Onların dilindən tez-tez “Dağlıq Qarabağ Respublikası” ifadəsinin də işlədilməsi göstərir ki, Azərbaycanın “münaqişə bitmişdir” fikrini qəbul etməyəcəklər və hansısa formatda bu danışıqlara başlamağa çalışacaqlar”. Q.Çaxmaqlı hesab edir ki, Azərbaycan sonuna qədər bu danışıqların başlamasına mane olmalıdır: “Bu mümkün olmasa, “status”la bağlı şərtini qoymalıdır. Əvvəlcədən Azərbaycan elan edib ki, burada yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar, onlarla bağlı Azərbaycan Konstitusiyasına uyğun da qərar verilə bilər. Ermənistandakı bəzi siyasətçilər də bunu qəbul edirlər. Bu günlərdə “Alik 1” kanalının rəhbəri,  türkoloq Tatul Hakopyan Ermənistan rəhbərliyinə səsələnərək “Artsax”dakı erməniləri rahat buraxın, onlar Azərbaycanla dil taparlar” dedi və bu Ermənistan cəmiyyətini silkələdi. Bu fikir formalaşmağa başlayıb ki, Ermənistan orada yaşayan əhalinin faciələr yaşamasına imkanlar yaradır”. Politoloq qeyd etdi ki, əslində münaqişə artıq yoxdur, onu süni surətdə yaratmağa çalışılır: “Bu siyasəti önləmək tədbirləri görülməlidir. İndi Minsk Qrupunun həmsədr ölkələrinin dəyişdirilməsi ilə bağlı siyasət də bizə heç nə verməz. Türkiyənin də həmsədr kimi bu danışaıqlarda iştirakına çalışmaq  olar, amma o da nəticə verməyəcək. Çünki Ermənistan buna qarşıdır. Yaxşı olardı ki, Minsk Qrupunu dirçəltmə basqıları artarsa,  Türkiyə Minsk Qrupundan çıxdığını bəyan eləsin.  Minsk Qrupunun dağılması üçün başqa üsullar da fikirləşmək olar.  Minsk Qrupunun üzvü olan ölkələrlə də işləmək olar. Diplomatiyamızın üzərinə çox böyük iş düşür”.

Ekspertimizin Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir. Şübhə etmirik ki, Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsindən sonra bir millətin iki dövləti bütün məsələlərlə bağlı davamlı məsləhətləşmələr aparırlar və düşmənə qarşı vahid konsepsiya ilə fəaliyyət göstərirlər. Elə Laçın dəhlizindəki birgə təlimlər də bunun sübutudur. Ehtiyac yaransa, davamı da gələcək. Həmsədrlərin ermənilərə bunu izah etməsi lazımdır…Ümumi situasiya bunu deyir ki, Azərbaycan ATƏT-in Minsk Qrupu ilə bağlı qərarını verəcək. Hər halda Bakı üçün seçim anı yaxınlaşır.

Dunyaninsesi.Az