Azərbaycan əsgərinə Moskvadan məktub – Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!

Manşet QARABAĞ
Spread the love

Azərbaycan əsgəri, bizi töhmətdən qurtar – Möhtəşəm ithaf

Gözü yolda qalıbdı, Şuşa, Laçın, Kəlbəcər, Dəlidağın başından bir müjdə göndər bəri…
Azərbaycan əsgərinə Moskvadan məktub
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Yurd həsrəti qəlbimi qarsdı, yandırdı, yaxdı,
Qarabağı görmürəm bilirsən neçə vaxtdı,
Gözlərimdən sevincdən qürbət eldə yaş axdı,
Caldığın hər qələbə könlümün şah əsəri,
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Qoy titrəsin düşmənlər sənin sücaətindən,
Sevinim zəfərindən, şanından, şöhrətindən,
Şirin nəğmələr qoşum, danışım qüdrətindən,
Silim ürəyimdəki o nisgili, qəhəri,
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Neçə ildir qurumur anaların göz yaşı,
Dağların həsrətindən yanıb bağrımın başı,
Qurtar qələbə ilə bu döyüşü, savaşı,
Sevinclə, gülə-gülə açım aydın səhəri,
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Qürbətdə haqsızlığa birtəhər gərdim sinə,
Üç rəngli bayrağımı öpürəm dönə-dönə,
Anaların arzusu qıyma gözündə sönə,
Xalqımın ümid yeri, xalqımın pənah yeri
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Qonşu namərd, hiyləgər başımızın bəlası,
Axı hələ bitməyib haqq-ədalət davası,
Yerdə qalmasın daha şəhidlərin qisası.
Qədəmindən gül açsın Qarabağın hər yeri,
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Qanla doyan torpaqda çiçək becər, gül becər,
Sən qələbə qazansan dərdimiz itər, keçər,
Gözü yolda qalıbdı, Şuşa, Laçın, Kəlbəcər.
Dəlidağın başından bir müjdə göndər bəri
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Dünya heyrət içində bizi heyrətdən qurtar
Bu bəladan, bu dərddən, ağır zillətdən qurtar,
Azərbaycan əsgəri, bizi töhmətdən qurtar,
Tariximə həkk elə qələbəni, zəfəri,
Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!
Nəsib Verdiyev,
Dünyanınsəsi.Az