Avropa NATO-ya alternativ ordu yaradır – rusun, yoxsa ingilisin barmağı…

Əsas Manşet SİYASƏT
Spread the love

Avropa Birliyinin (AB) NATO-ya alterantiv ordu yaradacağı barədə müzakirələr son günlər yenidən qızışıb. AB liderləri artıq NATO-ya başqa gözlə baxmağa başlayıblar. İş o yerə gəlib çatıb ki, birlik öz ordusunu yaratmağı müzakirə edir. Bu barədə artıq dünya mediasında yazılar yer almağa başlayıb.

“Haber Qlobal” xəbər verir ki, artıq AB siyasiləri bundan sonra ölkələrinin ABŞ-ın və ya başqa gücün tələbi ilə xarici ölkə torpaqlarında fəaliyyət göstərməsini istəmir.

“May ayında AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin 5 min nəfərlik mobil hərbi qüvvə olaraq yaradılmasını planlaşdıran ”AB ordusu” layihəsi mövcud olub. Bu layihə Brüssel koridorlarında belə müzakirə edilirdi. Əslində belə bir ordunun yaradılması istəyi çoxdan var. Belə ki, Avropanın ortaq ordusunun olmasını daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da irəli sürmüşdü. Makronun bu təklifini Almaniya kansleri Angela Merkel dəstəkləsə də, ölkəsindəki ABŞ əsgərinin varlığına görə dayanmışdı. Amma Merkeli əvəz edəcəyi gözlənilən Armin Laşet Avropa ordusu qurma qərarının amerikalıların öhdəsinə buraxılmayacağını söyləyib. Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer Avropa ordusuna ehtiyac olmadığını, lakin hərbi qərarlarla bağlı ABŞ-la bərabər əsasda danışmağın lazım olduğunu bildirib. Hətta bəzi iddialara görə, Makronun açıqlamalarından sonra Fransada “Sarı jiletlilər” hərəkatının başlanması ABŞ-ın AB-yə cavabı idi.

Bildirmək vacibdir ki, ABŞ ilk başdan bu ideyanın əleyhinə çıxıb. O da məlumdur ki, Rusiya neçə vaxtdır ki, NATO-nun parçalanması və ləğvinə çalışır. Odur ki, daha bir sual var: məsələdə rusun barmağı yoxdur ki? Bu yöndə daha bir diqqətçəkən məqam var. Avroparlamentin ən böyük fraksiyasında-Avropa Xalq Partiyasında bu fikirdədirlər ki, qurumun özünün ayrıca hərbi birləşmələri olmalıdır. O zaman bütün bunların fonunda sual yaranır: NATO ola-ola (Avropa Birliyinin əksər üzvləri bu alyansın da üzvüdür) Avropa Ordusuna nə lüzum? Belə bir ordu mümkünmü? Hədəf nədir, ABŞ hərbi asılılığından qurtulmaqmı?

Əhəd Məmmədli: "Azərbaycan hər yerdə fəaliyyətini gücləndirməlidir"

Əhəd Məmmədli: “Yenidən bu məsələnin gündəmə gəlməsi…”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli tarixə ekskursiya etdi: “Avropa Ordusunun yaradılması ilk dəfə ikinci dünya savaşından sonra səslənib. Avropa Birliyi nəzdində ordunun qurulması Fransanın ideyası olub. ABŞ-SSRİ qarşıdurması dövründə bu ideya dəstək qazanmayıb, çünki NATO var idi və Avropa ordusuna ehtiyac yox idi. Son dönəmlər Fransa və Almaniya tərəfindən Avropa Ordusu mövzusu yenidən gündəmə gətirilir. Bir dəfə bu Fransaya baha başa gəldi. Pandemiyadan əvvəl Makronun Avropa ordusu quracağıq sözlərindən dərhal sonra bu ölkəni ”sarı jiletlilər” hərəkatı bürüdü və sonra da digər Avropa ölkələrinə sıçradı. Mən bu hadisələri təsadüfi saymıram. Fransaya mesaj verdilər ki, Avropa ordusu ideyasından əl çək. Yenidən bu məsələnin gündəmə gəlməsi Avropanın Amerikadan azad olması istəyindən gəlir, səbəb budur. Amma təbii ki, burada Rusiya, Çin, hətta Britaniyanın da əli ola bilər. Kimlərsə Qərbdə AB ilə ABŞ-ı toqquşdurmaq istəyir. Məsələn, bu Rotşildlər ailəsi ola bilər. Bu cür məsələlərə təkcə ənənəvi dövlətlər qarşıdurması prizmasından baxmaq lazım deyil. Həm də son iki yüz ildə Rokfellər-Rotşild rəqabəti gözü ilə də baxmaq lazımdır”.

Mövcud qlobal siyasi münasibətlər sistemi və yeni imkanlar – Azər Hüseynovun  yazısı

Azər Hüseynov: “Amerika 1913-cü ilin mövqeyinə qayıtmalıdır”

Politoloq Azər Hüseynovun da fikirləri diqqət çəkir: “Rusun barmağından daha çox ingilislərin barmağı var. Nə üçün? İngilislər amerikalıların qurduğu bütün təsisatları çökdürür. Avropa İttifaqından çıxmaqla yeni yol açdı. Kim qurmuşdu Avropa İttifaqını? Marşall planı sonrası başlanan proses. NATO-nu kim qurdu? Amerikalılar. Deyəsən, 1966-da Fransa hərbi iştirakdan çıxdı. Niyə? Çünki Avropada iki köklü dövlət var: Britaniya və Fransa. Onlar amerikalılara itaət etmək istəmədi. İndi də Avropa Ordusu ideyası kontinental Avropadan amerikalıları çıxartmaq üçündür. Amerika 1913-cü il mövqeyinə qayıtmalıdır. Bu qlobal ingilis planıdır. Ruslara da sərf edir. Amma Britaniya Amerikadan sonra kontinental Avropada rusları hədəf alacaq ki, onun layihəsində Çinin irəliləməsinə mane olmasın”.

Dunyaninsesi.Az