Avropa Məhkəməsi Azərbaycan əleyhinə yeni qərarlar verəcək-Bakıda onları niyə həll etmək mümkün olmasın…

Manşet
Spread the love

Vəkil: “Xəstə olanda mollanın yanına gedirik, bəs molla xəstə olsa, kimin yanına getsin?”

Martın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar elan edəcək. İşlərə baxdıqca isə haqlı sual ortaya çıxır: Azərbaycan məhkəmələri bu işləri niyə Avropa Məhkəməsinin icraaatına getməyə şərait yaradıblar? Məsələn, hətta xuliqanlıqla bağlı məhkəmə qərarından narazılıq son nəticədə Avropa Məhkəməsinin baxış predmetinə çevrilib. Azərbaycan bu səbəbdən şikayətlərə görə ilk beşlikdədir. Siyasi məsələrlə bağlı şikayətləri haradasa başa düşmək olar, amma xuliqanlıq və torpaq, mülkiyyət araşdırmaları niyə Bakıda öz ədalətli həllini tapmasın?

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, ilk növbədə ədalətli məhkəmə araşdırması hüququ kağız üzərində deyil, reallıqda təmin edilməlidir: “İlk növbədə hakimlərin müstəqilliyi təmin edilməlidir. Digər məqam da odur ki, bu işlərdə əsas yük yuxarı məhkəmə instansiyalarının üzərinə düşür. Çünki yuxarı instansiya aşağı məhkəmə instansiya məhkəmələrinin səhvlərini düzəltmək üçün yaradılıblar. Bunlar baş vermədiyinə görə illərdir ki, problemlər çözülmür. Məhkəmələrin bu şəkildə fəaliyyəti ümumilikdə bütün ölkəyə çox ciddi ziyan vurur. Məhkəmələrin ədalətsiz, qanunlardan kənar qərarlarından biznes mühiti də olduqca ağır zərbələr alır. Bu da ölkədə iş yerlərinin açılmasına, bizneslərin böyüməsinə əngəllər yaradır. Aydın məsələdir ki, iş adamları məhkəmə sistemi ədalətli olan, qanunlarla çalışan ölkələrə yatırım etməyə üstünlük verirlər. Arxayındırlar ki, hər hansı bir problem yaranacağı təqdirdə məhkəmələdən ədalətli qərar alacaqlar. Ölkəmizin inkişafı məhkəmə sisteminin qaydalar deyil, qanunlar əsasında çalışmasına bağlıdır”.

Vəkil Cavad Cavadova xəbərdarlıq edilib

Cavad Cavadov

Vəkil deyir ki, Azərbaycan məhkəmələrinin dəyişməsi üçün ortaya çox ciddi siyasi iradə qoyulmalıdır: “Hakimlərə təzyiq imkanları sıfıra endirilməlidir. Onlara zəng edib təzyiq edən hər bir şəxs tutduğu vəzifədən asılı olmayaraq ən sərt şəkildə cəzalandırılmalıdır. Hüquq- mühafizə orqanlarının fəaliyyətinə nəzarət gücləndirilməlidir. Azərbaycanda hər bir sahədə islahat yuxarıdan aşağıda doğru aparılır. Məhkəmələrlə bağlı da ciddi islahatlara ehtiyac var. Belə davam edəcəksə, bu gün ölkəmizin əleyhinə çıxarılan qərarların sayı hər ötən gün daha artıq olacaq. Yuxarıdan deyilməlidir ki, düz işləyin. Bu cür göstəriş olmayacaqsa, məhkəmələr dəyişməyəcək. Məhkəmələr yükn altına tək girə bilməyəcək. Bu gün məhkəmələrdə durum məşhur deyimdəki kimidir: “Xəstə olanda mollanın yanına gedirik. Bəs molla xəstə olsa, kimin yanına getsin?”

Tanınmış vəkil Elçin Sadıqov da həmkarının hakimlərin müstəqilliyinin təmin edilməsi ilə bağlı fikirləri ilə razırıdır. O, Musavat.com-a deyib ki,hakimlərin hüquqa uyğun qərarlar qəbul etməsi müstəqlilliklərindən keçir: “Hakimlərin müstəqilliyi təmin ediləndən sonra onlar vətəndaşların əleyhinə qərarlar verməyəcəklər. İcra hakimiyyəti və yaxud qanunverici orqandan hər hansı bir çəkinmələri olmayacaq.Problemin əsas hissəsi də bu şəkildə həll edilə bilər”.

Tanınmış vəkil Elçin Sadıqov prezident İlham Əliyevə müraciət etdi | Xural  qəzeti

Elçin Sadıqov

Vəkil düşünür ki, Azərbaycan məhkəmələrinin hakimləri Avropa İnsan Haqları Konvensiyası ilə bağlı maarifləndirilməlidirlər: “Bu, çox önəmli məsələdir. Müstəqilik təmin ediləndən sonra maarifləndirmə yolu ilə hakimlərin Avropa standartlarını tətbiq etməsini də həyata keçirmək olar. Bu gün bəzi hakimlər Avropa Məhkəmələrinin qərarlarına istinad edirlər. Hiss olunur ki, hakimlər eyni hissədə istinad edirlər, bu da tamamilə yalnış bir mövqedir. Hakimlər daimi öz üzərilərində işləməlidirlər”.

Vəkil deyir ki, bu gün Azərbaycan hakimləri icra hakimiyətlərindən, məhkəmə sədrlərindən asılı vəziyyətdədirlər: “Bu gün Azərbaycan məhkəmələrində məruzə sistemi var. Bu cür praktika heç bir Avropa dövlətində yoxdur. Hakim düşündüyü, qanunlara müvafiq qərar verməlidir. Təəssüf ki, Azərbaycanda hakimlər qərar verməzdən əvvəl vəzifədə qalmasını düşünməli olur. Hesab edirəm ki, hakimlərin müstəqilliyi təmin edilməyincə, Azərbaycan məhkəmələrində durum dəyişməyəcək”.

20 yaşlı Avropa Məhkəməsi: KİMLƏR VƏ NECƏ MÜRACİƏT EDƏ BİLƏR?

Vəkil Məhkəmə-Hüquq Şurasının faəliyyətinin hiss edilmədiyini də bildirib: “Məhkəmə Hüquq Şurası vətəndaşların müraciətləri ilə bağlı hər hansı bir əhəmiyyətli araşdırma aparmır”.

Elçin Sadıqov hakimlərin müddətsiz seçilməsinin tərəfdarıdır. Deyir ki, bu halda hakimlərin işdən çıxarılmaq qorxusu olmayacaq: “Bu gün Azərbaycanda tətbiq olunan sistem elədir ki, hakimlər daim asılı vəziyyətdədirlər. Onlardan tələb edilən qərarı verməyəcəkləri təqdirdə, yenidən seçilməyəcəkləri problemi yaranır. Azərbaycanda hakimlərin fəaliyyəti qiymətləndirilir və bu qiymətləndirmə əsas götürülərək hakimin fəaliyyətinə xitam verilir. Heç bir hakim də bilmir ki, faəliyyətinə nə vaxt xitam veriləcək. Bu absurd bir yanaşmadır. Məhkəmə-Hüquq Şurası tamamilə icra hakimiyyətindən formalaşmış qurumdur, rəhbəri də icra hakimiyyətinin nümayəndəsidir və onlar məhkəmələrin fəaliyyətini qiymətləndirirlər. Düşünürəm ki, bu tamamilə yolverilməz sistemdir. Nəticəsi də göz qabağındadır”.

Paşinyanın Tovuz təxribatını törətməsində əsas məqsəd... - Hüquqşünasla  MÜSAHİBƏ

Əliməmməd Nuriyev

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, bəzi problemlər olsa da, Azərbaycanda məhkəmə-hüquq islahatları davam edir: “Bir çox hakimlərin fəaliyyətlərində qüsurların qalması hələ də davam edir. Məhkəmə sisteminin müstəqilliyi çox vacibdir. Bu müstəqilliyin təmin olunması üçün də ədalətli qərarların qəbulu, ölkədə sosial ədalətin təmin edilməsi olduqca vacibdir. Məhkəmə hakimiyyəti hakimiyyətin qollarından biridir. Digər hakimiyyət qollarının səhvlərinin aşkar edilməsi məhz məhkəmə hakimiyyətinin səlahiyyətləri çərçivəsindədir. İşlərə baxarkən qanunazidd hərəkətlər üzə çıxan kimi buna müvafiq addımlar atırlar. Bu baxımdan məhkəmə hakimiyyətinin məsuliyyəti daha böyükdür. Mübahisələrin sonuncu həlli məhkəmə hakimiyyətidir. Son illərdə bu hakimiyyət ciddi tənqid obyektlərindən biri olub. Məhkəmə-Hüquq Şurasının son illərdə apardığı fəaliyyət məhkəmə hakimiyyətinin müstəqil olmasına, ədalətsiz qərarlarına qəbul edilməməsinə, məhkəmə sisteminin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə ciddi töhfələr verib. Bütün bunlar elə həyata keçirilir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gəlməsin”.