Avropa İttifaqına məsləhət: “Qarabağa dair məsələlərdə Moskva ilə işləmək lazımdır…”

Hit QARABAĞ
Spread the love

 

Qarabağ müharibəsinin başa çatmasından sonra yaranmış yeni status-kvo beynəlxalq oyunçular üçün münaqişə tərəfləri ilə qarşılıqlı vasitəçilik fəaliyyəti üçün az yer qoyur. Bununla belə Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında gərginliyin yumşaldılması üçün ünsiyyətə dəstək verməlidir.

Virtualaz.org xəbər verir ki, Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu özünün son hesabatında belə tövsiyə ilə çıxış edib. Avropa beyin mərkəzinin təhlilçiləri hesab edirlər ki, real irəliləyişin əldə edilməsi üçün stimullar da işlənib hazırlanmalıdır. Amma bunun üçün Moskva ilə işləmək lazım gələcək, çünki yerlərdə onun sülhməramlıları dayanıb və məhz Moskva münaqişə tərəflərinə ən böyük təsir rıçaqlarına malikdir.

 

 

Hesabata əsasən Avropa İttifaqı və onun üzv dövlətləri Yerevanı və Bakını müharibəsonrası məsələlərin həlli, o cümlədən sərhədlərin demarkasiyası barədə danışıqlara başlamağa çağırmalıdır. Təşkilatın hesabatına əsasən Brüssel və Avropa İttifaqına üzv dövlətlər Azərbaycanla Ermənistan arasında incəliklə düşünülmüş məkik diplomatiyasını davam etdirməlidir.

Hesabatda qeyd olunur ki, uzun illər ərzində Brüsselin Qarabağ münaqişəsinə dair danışıqlardakı rolu məhdud xarakter daşıyırdı, çünki Avropa İttifaqı formal olararq Minsk Qrupunun üzvü deyildi. Bu gün isə Bakının Minsk Qrupunun fəaliyyətindən faktiki imtina etməsi, onun fəaliyyətini aktual hesab etməməsi Avropa İttifaqının iştirakının əhəmiyyətini artırır. “Brüsselin Bakı və Yerevanla birbaşa əlaqələri məsələn, bu ilin iyun ayında 15 erməni əsirin ermənilər tərəfdən minalanmış ərazilərin bir hissəsinin xəritəsinə dəyişdirilməsinə imkan verdi”, – hesabatda deyilir.

 

 

Lakin hesabat müəlliflərinə görə, Avropa İttifaqının iştirakı Bakının Minsk Qrupu ilə işləməkdən imtina etməsi nəticəsində yaranan boşluğu doldurmur. Brüsselin Bakı və Yerevanla münasibətləri gələcək müzakirələrdə Minsk Qrupunun rolunun müəyyən edilməsinə də kömək edə bilər.

Hesabatda deyilir ki, Moskvanın bu münaqişədəki rolunu, o cümlədən vasitəçi və sülhyaratma missiyasını nəzərə alaraq Avropa İttifaqı Rusiya ilə sıx əməkdaşlıq etməlidir. “Xoşbəxtlikdən Rusiyanın və Avropanın maraqlarının toqquşduğu bir çox regionlardan fərqli olaraq Rusiya Qarabağ məsələsində Qərb ölkələri ilə əməkdaşlıq etməyə hazırdır”, – təşkilat vurğulayır.

Hesabata görə Avropa İttifaqı Rusiyaya Bakı və Yerevanı sərhədlərin demarkasiyasına dair danışıqlara sövq etmək işində də kömək etməlidir.

Dunyaninsesi.Az