Avropa İnsan Hüquqları Məhkəməsi Əvəz Zeynallının və Qənimət Zahidin hüquqlarının pozulmasını tanıyıb

Manşet SİYASƏT
Spread the love

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 4 şikayət üzrə qərarı elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağəliyev Turan-a bildirib ki, iddiaçılar ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasının tanınmasını istəyiblər.

Əsasən Əvəz Zeynallının şikayətində “Xural” nəşrində dərc olunan yazılara görə cərimələrlə bağlı ifadə azadlığının pozulmasından danışılıb.

İki yazıda KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru, hazırda mühakimə olunmuş Vüqar Səfərli tənqid edilib. Onun iddiası üzrə “Xural” 5000 min manat cərimə olunub.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, hökumət ərizəçiyə 6 min avro kompensasiya ödəməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarı “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin xuliqanlıq ittihamı ilə həbs olunması ilə bağlıdır.

Cinayət işinə görə, 2007-ci ildə Zahid guya  vətəndaş Sevgiladə Quliyevaya xəsarət yetirib. Yerli məhkəmələr Zahidi günahkar bilərək 4 il azadlıqdan məhrum ediblər. 2010-cu ildə əfv edilib.

Avropa məhkəməsi Zahidin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını tanıyıb və ona 6 min avro kompensasiya ödənilməsini qərara alıb.

Digər iki şikayət informasiya sorğularına cavab verməkdən imtina ilə bağlı olub. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi bu ərizələri məqbul saymayıb.