“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində “Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib.
DunyaninSesi “AZƏRTAC“-a istnadən xəbər verir ki, İctimai Birliyin sədr müavini Həbib Misirov tədbirin əhəmiyyətindən danışıb.
Bildirib ki, Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi ili” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə Prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.
Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Nəsimi və aşıq sənəti” mövzusunda məruzəsi dinlənilib. Alim qeyd edib ki, Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı və aşıq poeziyası ilə qoşa inkişaf edib, aşıq yaradıcılığına yeni janrlar gətirib, formaca onun inkişafına təkan verib. O Nəsiminin qıfılbənd bağlamalarının demək olar ki, bütün görkəmli aşıqlara təsir etdiyini xüsusilə vurğulayıb: “Biz görkəmli aşıqlar deyəndə bütün aşıq şeirinin ecazkar nümunələrini yaradan, ağır məclisləri yola verən, dastan qoşan, “bağlama deyişmələr”də cəsarətlə iştirak edən, bədahətən şeir demək qabiliyyətini nümayiş etdirən, aşıq şeir şəkillərindən yerli-yerində istifadə edə bilən, bütün aşıq havalarından xəbərdar olan, özü aşıq havaları yaradan “Dədə” aşıqları nəzərdə tuturuq. Hər aşıq “qıfılbənd bağlama” yarada bilməz. Bağlamaları yaratmaq və dərk etmək üçün gərəkdir ki, “Şəriət” və “Təriqət” elmindən xəbərdar olasan. Ordubadlı Kərim (XVII əsr), Xəstə Qasım (XVIII əsr), Ləzgi Əhməd (XVIII əsr), Meşkinli Məhəmməd (XIX əsr), Şəmkirli Hüseyn (XIX əsr), Aşıq Ələsgər və Bozalqanlı Hüseyn və XX əsr Azərbaycan aşıq sənətində isə Dədə Şəmşir hər iki elm sahəsini mükəmməl bilən qıfılbənd ustaları kimi məşhurdular”.
Qəzənfər Paşayev milli dəyərlərimizin təbliğindəki xidmətlərinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə və İctimai Birliyin sədri Qənbər Şəmşiroğluna minnətdarlığını bildirib.
Sonra məruzə ətrafında çıxışlar olub, professorun məruzəsi yüksək dəyərləndirilib, eyni zamanda, məruzəçiyə suallar ünvanlanıb.