32 mindən çox seçki komissiyası üzvü xüsusi treninqlərə cəlb edilib, seçkilərin “exit-poll”u da aparılacaq
Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniyanın başa çatmasına iki həftə qalıb. Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının (MSK) saytının məlumatlarına əsasən onlardan 2247 nəfər imza vərəqələri götürüb, 1774 nəfəri imza vərəqələrini qaytara bilib, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb.
Deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir. 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərin 100-ü siyasi partiya üzvləridir.
İndiyə qədər 100-ə yaxın namizəd isə deputatlığa namizədliyini geri götürüb. Beləliklə, namizədlərin sayı 1500-dən aşağı enib.