Araz çayı üzərində Azərbaycanla İranı birləşdirəcək avtomobil yolu körpüsünün təməli qoyulub

Əsas Manşet ÖLKƏ
Spread the love

Sentyabrın 21-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Ekspertlər hesab edir ki, layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.

Uzunluğu 112 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu İranın avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 metr, eni isə 24,5 metr olmaqla layihələndirilib. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.

Rəsmi məlumatlara görə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu layihəsi 59 faiz, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38 faiz icra olunub. Bu avtomobil yolu (Zəngəzur dəhlizi) azad edilmiş Füzuli, Cəbrayıl  Zəngilan rayonlarının ərazisindən keçir.

2022-ci il martın 11-də İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur.

 

Dünyanınsəsi.Az