APRELİN 5-dən BU ŞƏHƏRLƏRDƏ MƏKTƏBLƏR BAĞLANIR – Rəsmi açıqlama

Hit ÖLKƏ
Spread the love

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində qeyd edib ki, yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur: “Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.