Anar Kərimov korrupsioneri Masallıya rəis təyin edib

Hit ÖLKƏ
Spread the love

Məlum olduğu kimi, təxminən iki il öncə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalandı və sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin yerlərdə regional idarələri yaradılıdı. Yaradılan regional idarələrdən biri də Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət  İdarəsi oldu.

İki gün öncə isə bu idarəyə rəhbərlik edən Lətifə Əjdər qızı Mövsümova öz ərizəsi ilə vəzifəsindən azad edilib.Bu barədə Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Ancaq əsas məsələ 40 ilin mədəniyyət işçisi Lətifə Mövsümovanın vəzifəsindən azad olunmasından yox, 2018-ci ildə Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna təyınatın maraqlı məqamlarının üzə çıxmasıdır. Belə ki, həmin təyinatla  o zamankı nazir Əbülfəs Qarayevin xeyir-duası ilə Gündüz Mürsəlov bu vəzifəyə gətirilib.

G.Mürsəlovla bağlı media üzərindən aparılan araşdırmalar zamanı isə maraqlı məlumatlar əldə edilib.

Bildirək ki, Gündüz Mürsəlov uzun müddət Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri olub. Onun fəaliyyəti yoxlanarkən məlum olub ki, şöbəyə büdcədən ayrılan vəsaitlər məqsədyönlü şəkildə istifadə olunmur.

Cumhuriyyet.az-ın Gündüz Müsrəslovun Tərtərdəki maliyyə talanı haqda əldə etdiyi bəzi məqamlara nəzər salaq. Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsi 2017-ci ildə “Digər maşın və avadanlıqların satın alınması” məqsədi ilə 36500 manatı “Divanlı-SC” MMC-yə ayırıb. Bundan əlavə şöbə 22600 manatlıq «Avadanlıqların satın alınması» prosesini “Odlu Ürək” MMC-yə həvalə edib. 44 min manatlıq «Bərk inventarların satın alınması» prosesi “Nur Yolu-A” MMC-yə, 7800 manatlıq Soba (odun) yanacağının satın alınması “Zərrə-FM” MMC-yə, 8800 manatlıq yumşaq inventarların satın alınması yenə “Zərrə-FM” MMC-yə verilib. «Zərrə-FM» MMC təkcə bu işləri deyil, həmçinin şöbə üçün digər avadanlıqların alınması prosesini də həyata keçirib. Məsələn, 9400 manatlıq «İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması»nı bu şirkət reallaşdırıb. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasını da həyata keçirən “Zərrə-FM” MMC bunun müqabilində 12 min manata sahib olub. Bir sözlə, Gündüz Mürsəlov maraqlı tender oyunları həyata keçirib.

Nəticədə qazanan bu məmur, itirən isə dövlət büdcəsi olub. Bütün bunların nəticəsi olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi olan Gündüz Mürsəlov vəzifəsindən azad edilib və bu rəsmən təsdiqlənən korrupsiya faktına görə baş verib. Bütün bunlardan sonra, G.Mürsəlovun Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna gətirilməsi isə maraqlı suallar yaradır. Rayondakı mənbələrin bildirdiyinə görə, cənab Mürsəlov özü bu prosesin nazir müavini Vaqif Əliyevin himayədarlığı ilə həyata keçirildiyini bildirib. Mövzuyla bağlı araşdırmalar davam edəcək.

Yəqin ki, indiyə kimi adı maliyyə qalmaqallarında və maliyyə pozuntularında hallanan rəis müavini Gündüz Mürsəlov sürətli islahatlara başlayan yeni nazir Anar Kərimovun qara siyahısından kənarda qalmayacaq…

Redaksiya olaraq bildirək yazıda adı keçən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.