Almaniya şirkətinin rəhbəri Azərbaycanda “ağıllı” şəhərlər, kəndlər qurmağın yollarını açıqladı

Manşet MÜSAHİBƏ
Spread the love

Bu yaxınlarda Azərbaycanda ilk dəfə 3D – mobil mapping (mobil xəritələmə) texnologiyasını tətbiq edən (“Azərişıq” ASC üçün) “EKM Global Consulting GmbH”  adlı Almaniya şirkətinin direktoru, Baden-Baden şəhərində fəaliyyət göstərən  Elşən Musayevlə geniş müsahibə dərc etmişdik. Həmin müsahibədə həmsöhbətimiz 3D mobil mapping texnologiyasının mahiyyəti və onun müxtəlif sahələrdə tətbiqinin əhəmiyyəti barədə ətraflı bəhs etmişdi. Bildirmişdi ki, 3D mobil mapping texnologiyası “ağıllı” şəhərlər, “ağıllı” ölkə konsepsiyasının baza elementidir.

Bu müsahibənin dərc edilməsi prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin bərpasına dair baxışlarını, strategiyasını açıqlaması ilə təxminən eyni vaxta təsadüf etmişdi. Prezident bəyan etdi ki, işğaldan azad edilmiş ərazilər smart-city, smart-village konsepsiyası ilə bərpa ediləcək, bu ərazilərdə “yaşıl enerji” istifadə olunacaq. Bəs prezidentin elan etdiyi strategiya üzrə hansı işlər görülür və Azərbaycanda ağıllı şəhərlər, kəndlər salmaq üçün müvafiq strukturlar özəl bizneslə əməkdaşlığı necə qurmalıdır?

Virtualaz.org  Elşən Musayevin bu günlərdə işgüzar məqsədlə Bakıya gəlişini fürsət bilərək mövzu üzrə yenidən ona müraciət edib, Azərbaycanda ağıllı şəhərlər, kəndlər konsepsiyasının perspektivləri, əhəmiyyəti barədə söhbətləşib:

 -Yenidən bu mövzuda mənə müraciət etdiyiniz üçün təşəkkür edirəm. Bəli, biz ötən ay 3D mobil mapping texnologiyası, ağıllı şəhər, ağıllı kənd konsepsiyası ilə bağlı söhbətləşmişdik, həmin vaxt mən Baden-Badendə idim. Hazırda, mən Azərbaycandayam, burada müəyyən layihələrimiz davam edir, görüşlərimiz olur, danışıqlar aparırıq.

Cənab Prezidentin müəyyən etdiyi, qarşıya qoyduğu məqsədlər mənim və rəhbərlik etdiyim şirkət mütəxəssisləri üçün həqiqətən də bir çağırış oldu. Çünki bu məqsədlər ilk növbədə, müasir texnologiyalara əsaslanır, yeni formatda bütöv Azərbaycanın müasir tələblərə uyğun qurulmasına xidmət edir. Ağıllı şəhər, kənd,  ağıllı ölkə, -bütün bunlar yeni dünya, müasir Azərbaycan formatıdır. Lakin təəsüflənirəm ki, Prezidentin böyük uzaqgörənliklə vaxtında müəyyən etdiyi bu konsepsiyanın həyata keçirilməsi üçün işlər ləng gedir, informasiyalar olduqca azdır, müzakirələr demək olar ki, aparılmır. Və özəl biznes hələ ki, bu sahəyə yaxın gəlməyib. Hamı gözləyir ki, ağıllı şəhər, ağıllı kənd layihələrini dövlət həyata keçirəcək. Əminliklə qeyd edim ki, bu məsələdə dövlət qurumlarının və özəl biznesin əməkdaşlığı, qarşılıqlı koordinasiyası olduqca mühümdür. Bütün bunlar gələcəyə hesablanmış biznes layihəsidir, burada dövlətin üzərinə düşən əsas vəzifə zəruri infrastrukturun yaradılmasıdır. İnfrastruktur yaradıldıqdan sonra artıq biznes üçün əlverişli mühit, şərtlər formalaşır. Ona görə də bu məsələdə dövlətin bizneslə əməkdaşlığı çox mühüm əhəmiyyət kəsb edir. Buna nümunə olaraq, smart layihələrinin bir sıra Avropa təcrübələrini göstərmək olar.

-Bəs Avropanın ən inkişaf etmiş ölkələrindən birində həmin texnologiyaların tətbiqini həyata keçirən şirkətin rəhbəri olaraq  Siz nə təklif edirsiniz?

-Düşünürəm ki, dövlət və özəl biznes arasında qarşılıqlı əməkdaşlığın qurulmasının vaxtı çatıb. Biz bu günlərdə  Şirvanşahlar sarayının 3D scan layihəsinin təqdimatını həyata keçirirdik – İçərişəhər Dövlət Qoruğunun direktoru Əsgər müəllim deyəndə ki, həmin layihə dövlətlə biznesin əməkdaşlığının gözəl nümunəsidir, bu mənim çox xoşuma gəldi. Doğrudan da maraqlı tərəflər vardı: İçərişəhər Dövlət Qoruğu, 3D scanning startap layihəsini hazırlayan Səbinə Zülalova və EKM Global alman şirkəti. Hesab edirəm ki, biz smart-city, smart-village layihələrini həyata keçirmək istəyiriksə hökmən və ləngimədən intensiv müzakirələr aparılmalıdır. Təcrübəmizdən bilirəm ki, bu layihələrin ilk növbədə, standartları müəyyən edilməlidir, planı cızılmalıdır, yol xəritəsi tərtib olunmalıdır, işgüzar təkliflər işlənib hazırlanmalıdır. Müəyyən edilməlidir ki, biz ağıllı şəhər, ağıllı kənd deyəndə nəyi nəzərdə tuturuq, bu layihələr sosial, yoxsa iqtisadi nöqteyi-nəzərdən vacibdir, insanlar üçün nə deməkdir.

 

Şirvanşahlar sarayının 3D skan layihəsinin təqdimatı

-Elədirsə, bu sonuncu ifadələri sual formasında təkrar edək-axı ağıllı şəhər, ağıllı kənd layihələri insanlar üçün nə deməkdir?

– Yenə də Avropa təcrübəmizə istinad edə bilərəm. Məsələn, hansısa rayonda bu layihələr heyvandarlığın inkişafına xidmət edə bilər, digər rayonda isə turizmin inkişafına – ilk növbədə bunu təyin etmək lazımdır. Hətta bu layihələrin insanların uzunömürlüyünə yönəldilməsi təcrübəsi də var. Məsələn, Yaponiyada ağıllı şəhər layihəsi var, orada insanın ömrünü uzatmağa yönəlib. Şəhər sakinlərinin səhhəti, onların kommunal xərcləri, gündəlik qəbul etdikləri dərmanlar və digər informasiyalar yerli bələdiyyə şöbələrinin vahid bazasında toplanır və onların rəqəmsal təhlili əsasında ağıllı həllər ortaya qoyulur, yekun qərar şəxsin ağıllı saatına göndərilir.

Ona görə də biz hesab edirik ki, Azərbaycan şirkətləri, o cümlədən, özəl sektor Prezidentin müəyyən etdiyi strategiyanın həyata keçirilməsinə cəlb olunmalıdır. Biz də alman şirkəti olaraq, bütün intellektual və texnoloji imkanlarımızla bu əməkdaşlığa hazırıq. Təklif edirik ki,  dövlətlə birlikdə konfranslar, dəyirmi masalar təşkil olunsun, müzakirələr aparılsın, özəl biznesin burada rolunun nədən ibarət olacağı müəyyən edilsin. Və bu müzakirələr əsnasında  uğurlu biznes modeli qurulacaq. Hər şeydən əvvəl insanlara izah edilməlidir ki, ağıllı şəhər, ağıllı kənd nə deməkdir, onların həyatına necə təsir edəcək və bunun hansı əhəmiyyəti var. Məsələn, bəsit nümunə – bu gün smartfonsuz, yəni ağıllı telefonsuz keçinmək çətindir. Çünki onların sayəsində insanlar ən müxtəlif işləri görə bilir, internetdə istədiyi məlumata çıxış əldə edir, bank köçürmələrini, ödəmələri həyata keçirir və s. Nəticədə həyatını xeyli yüngülləşdirir.

 

Yaxud cənab Prezidentin layihəsi olan ASAN xidmət-ə nəzər salaq. Bu layihə dövlətin vətəndaşlara göstərdiyi xidmətləri bir məkanda cəmləşdirir və asanlaşdırır, daha əlçatan edir. Yəni bu ağıllı həllərdən biridir. Deməli ağıllı şəhər, ağıllı kənd konsepsiyasının insanlar üçün nə demək olduğunu elə bu layihənin nümunəsində də izah etmək olar. Hamımız yaxşı xatırlayırıq ki, məsələn, pasport, yaxud digər sənədlər almaq üçün birneçə idarələrə getmək lazım gəlirdi. İndi isə bir məkanda bizə lazım olan bütün sənədləri rahat şəkildə əldə edirik. Deməli ağıllı həllərə əsaslann layihələr insanların həyatını asanlaşdırır.

-Bəs 3D mobil xəritə texnologiyasının ağıllı şəhər, kənd layihələrində rolu nədən ibarətdir?

-Ötən müsahibədə də bəhs etdiyimiz kimi biz “Azərişıq”la əməkdaşlıq edərək Azərbaycanda ilk dəfə elektrik şəbəkəsinin 3D mobil mapping texnologiyası əsasında xəritəsini hazırlamışıq. Bunun abonentlər üçün hansı faydasının olacağını da göstərmişik. 3D mobil mapping texnologiyası ağıllı həllərin əsasında dayanır və bunsuz ağıllı həllərdən danışmaq mümkün deyil. Həmin texnologiya hazırda dünyanın iri şəhərlərində tıxaclar, parklama və digər problemlərin həlli üçün uğurla tətbiq olunur.

3D mobil xəritə texnologiyası infrastrukturun qiymətləndirilməsi üçün də çox vacib texnologiyalardan biridir. Məsələn, indi Azərbaycanda və dünyada çox aktual olan içməli su ehtiyatlarının, su təsərrüfatının qiymətləndirilməsi üçün onların 3D mobil xəritəsinin hazırlanması çox vacibdir. Bizim “EKM Global Consulting GmbH” şirkəti “Leica” şirkəti ilə sıx əməkdaşlıq edir və bu şirkətin ən yeni “Leica BLK 247” kameralarının Almaniya və Azərbaycan üzrə distribütoruyuq.

Həmsöhbətimiz “Leica BLK 247” kamerası ilə

Həmin kameralar cəmi 2-3 həftədir bazara çıxarılıb və istənilən infrastrukturda hərəkətlərin 3D formatında, həftənin 7 günü, 24 saat ərzində analizini aparır, alarm sisteminə inteqrsiya olunur. Bu kameralar suyun səviyyəsində baş verən dəyişikliklər, təzyiqin azalması və artması kimi məlumatları qeydə alıb ötürür, yəni baş verə biləcək qəzaların qarşısını almağa , qabaqlayıcı tədbirlər görməyə imkan verir. Bu da ağıllı şəhər konsepsiyasında istifadə oluna biləcək çox mühüm komponentlərdən biridir və biz yüksək texnologiyaya əsaslanan həmin kameranı Azərbaycanda tətbiq etməyə hazırıq.

-Azərbaycanda smart-city qurmaq üçün yetərli kadr bazası tapmaq mümkündürmü? Yaxud kadrların yetişdirilməsi üçün hansı işlər görülməlidi?

Çox yerində verilmiş sualdır. Ümumiyyətlə, istənilən texnologiyanın tətbiqi üçün həmin texnologiyanın özü ilə yanaşı kadr potensialının olması da olduqca mühümdür. Hesab  edirəm ki, bu gün Azərbaycanda kifayət qədər kadrlar var. Amma həmin kadrları smart city qurulmasında istifadə etmək, Prezidentin müəyyən etdiyi strategiyanı həyata keçirmək üçün yeni texnologiyaları da öyrətmək, yeni bilik və vərdişlərə malik olmaları üçün xüsusi təlimlərə cəlb etmək lazımdır. Çünki hansısa texnologyalar Amerikadan, Avropadan digər yerlərdən gətirilirsə onların tətbiqi üçün kadrların yeni biliklər qazanması da şərtdir. Bunun üçün isə peşəkar kadrların hazırlanması  mərkəzlərİ olmalıdır. Çünki yeni peşələrin yaradılması labüd olacaq. Bütün bunların hamısı paralel şəkildə aparılmalıdır.

 

-Bu sahədə dövlət və özəl sektorun əməkdaşlığını nece görürsünüz?

-Dövlət və özəl sektorun bu sahədə əməkdaşlığı o formada olur ki, dövlət öz planlarını, strategiyasını müəyyən edir. Həmin ağıllı şəhərlərin, kəndlərin hansı istiqamətdə qurulmalı olduğunu göstərir. Bundan sonra özəl sektorla sərfəli əməkdaşlıq qurulur. Müəyyən hallarda sosial layihələr də həyata keçirilə bilər. Dövlətin əsas vəzifələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Bu texnologiyaların tətbiqi sayəsində yeni iş yerləri, yeni peşələr yaranacaq, özəl biznes inkişaf edəcək və deməli daha çox vergi ödəyəcək.

-Deməli smart şəhərlər konsepsiyası təkcə komforta deyil, eyni zamanda iqtisadi inkişaf üçün  zəmin yaratmağa xidmət edir. Bu baxımdan Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə dair dövlət başçısının müəyyən etdiyi strategiyanın daha uğurla həyata keçirilməsində həmin konsepsiyanın hansı rolu ola bilər? Və aidiyyatı strukturlar sizcə bu iki konsepsiya arasında qarşılıqlı əlaqəni görürmü ?

-Bu da çox dəqiq və yerində olan sualdır. Doğrudan da smart şəhər konsepsiyası təkcə komforta yönəlməyib, eyni zamanda iqtisadi inkişafa xidmət edən çox güclü vasitədir.  Burada bəhs etdiyiniz bu iki konsepsiya arasında əlaqəni müvafiq hökumət strukturlarının nə dərəcədə gördüyünü mən deyə bilmərəm. Amma bunu indidən və dəqiq şəkildə görmək, hesablamaq lazımdır. Çünki smart şəhərlər konsepsiyasının tətbiq edilməsi yeni iş yerlərinin açılması ilə nəticələnəcək.

Burada tətbiq olunan texnologiyalar yenidir, indiyədək tətbiq edilməyib. Deməli onun sayəsində yeni iş yerləri, xidmət sahələri və peşələr yaranacaq. Bu da iqtisadi inkişaf baxımından vacibdir. İkinci məsələ budur ki, smart həllər hazırda dünyada sərhəd tanımır. Onların uğurlu tətbiqi gələcəkdə bu həllərin ixracı imkanını da yaradacaq. Məhz bu səbəblərə görə bir daha qeyd etmək istəyirəm ki, vaxt itirmədən dövlətlə özəl biznes arasında mütləq dialoq aparılmalıdır, perspektivlər nəzərdən keçirilməlidir və yol xəritəsi hazırlanmalıdır.

Mən çox arzu edirəm ki, bu gün biznes mühiti, onun subyektləri cənab Prezidentin müəyyən etdiyi məqsədlər haqda daha çox məlumatlandırılsın və həmin vəzifələrin həyata keçirilməsi üçün öz töhfəsini verə bilsin. Ona görə də ləngimədən yol xəritəsinin, ümumi konsepsiyanın hazırlanması üçün müzakirələr aparılmalıdır. Biznes mühiti bilməlidir ki, hansı istiqamətlərdə nələr baş verəcək, hansı inkişaf məqsədləri qarşıya qoyulub və müasir tələblərə uyğun zəruri təkliflərini formalaşdırsın.

Müsahibəni apardı: F.Məmmədov

Virtualaz.org