ABŞ Qazaxıstanda keçirilən prezident seçkilərində siyasi rəqabətin olmadığını qeyd edib

DÜNYA Hit
Spread the love

ABŞ Dövlət Departamenti noyabrın 20-də Qazaxıstanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Sənəddə “ABŞ-ın ümumi məqsədlərə nail olmaq üçün prezident Tokayev və onun hökuməti ilə işləməyi səbirsizliklə gözlədiyi” və Vaşinqtonun Qazaxıstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilir.

Bəyanatda vurğulanır ki, bu prinsip 30 ildən artıqdır ki, ABŞ-Qazaxıstan tərəfdaşlığının əsasını təşkil edir.

Bununla belə, Dövlət Departamenti ATƏT-in Qazaxıstanda 20 noyabr seçkiləri üzrə müşahidəçilər missiyasının “Qazaxıstanda prezident seçkiləri siyasi rəqabətin olmadığı, ifadə və dinc toplaşma azadlığına davamlı məhdudiyyətlərin davamlı olduğu bir şəraitdə baş tutduğu” barədə ilkin nəticələrini dəstəkləyir.

Birləşmiş Ştatlar Qazaxıstan hökumətini 2023-cü ildə keçiriləcək parlament seçkiləri də daxil olmaqla, növbəti seçkilərlə bağlı ATƏT-in tövsiyələrinə tam əməl etməyə çağırır.

Dövlət Departamentinin bəyanatında həmçinin vurğulanır ki, “ABŞ bu il prezident Tokayevin təklif etdiyi geniş islahatları dəstəkləyir”. Buraya “nəzarət və tarazlıq sisteminin gücləndirilməsi, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi ilə yanaşı, iqtisadiyyatın monopoliyadan çıxarılması və korrupsiyaya qarşı mübarizə” daxildir.

Dövlət Departamenti qeyd edir ki, “güclü demokratik təsisatların və fəal vətəndaş cəmiyyətinin inkişafı Qazaxıstanın öz məqsədlərinə tam nail olması üçün çox vacibdir”.

“Biz (Qazaxıstan) hökumətini bütün Qazaxıstan xalqının mənafeyi naminə bu islahatları tam şəkildə həyata keçirməyə çağırırıq” – deyə, Dövlət Departamenti bildirib.