ABŞ prezidenti Polşaya yola düşür

DÜNYA Hit
Spread the love

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümü ərəfəsində fevralın 20-dən 22-dək Polşaya səfərə yola düşür. Səfər zamanı prezident Baydenin Polşa prezidenti Andjey Duda ilə görüşərək, ikitərəfli əməkdaşlıq, eləcə də Ukraynaya dəstək məqsədilə birgə səyləri müzakirə edəcəyi gözlənilir.

Baydenin həmçinin Birləşmiş Ştatların Alyansın təhlükəsizliyinə sarsılmaz dəstəyini təsdiqləmək üçün NATO-nun şərq cinahında müttəfiq ölkələrin liderləri ilə görüşəcəyi bildirilir.

Ağ Evin bundan öncə açıqladığı bəyanatda ABŞ prezidentinin Polşaya səfəri zamanı Rusiyanın Ukraynaya qarşı əsassız hərbi müdaxiləsinin başlamasının ildönümü ərəfəsində nitq söyləyəcəyi bildirilib. Baydenin çıxışında “ABŞ-ın Ukraynanın azadlığını və demokratiyasını müdafiə etmək üçün dünyanı necə bir araya gətirdiyi və bizim Ukrayna xalqının yanında olmağa davam edəcəyimiz” barədə danışacağı qeyd edilib.

Ağ Ev rəsmiləri ABŞ prezidentinin səfəri zamanı yalnız Varşavada olacağını vurğulayıblar.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bazar günü Birləşmiş Ştatların Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləyəcəyini deyib.

Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlamasından bəri Birləşmiş Ştatlar Kyivə dəstək məqsədilə 113 milyard dollardan çox vəsait ayırıb.