ABŞ ordusu Qarabağ müharibəsinin ardınca İsraildən on minlərlə kamikadze-dron alır

DÜNYA Əsas Manşet
Spread the love

ABŞ ordusu, xüsusi təyinatlıları və dəniz piyadaları Azərbaycan ordusunun kamikadze-dronlarla Qarabağda Ermənistan qüvvələrini necə darmadağın etdiyini görəndən sonra İsraildən bu cür dronlar almağa hazırlaşır. Dünyanınsəsi.Az Virtualaz.org-a istinadən  xəbər verir ki, bu barədə “Breaking Defence” portalı bildirir. Konkret olaraq Birləşmiş Ştatlar ordusu “Uvision” şirkətinin istehsal etdiyi “Hero” kamikadze-dronlarını diqqətlə araşdırır. Bu dronların bir neçə tipi var və onlar həm əldə daşına, həm vertolyotlardan buraxıla və bir çox rollar yerinə yetirə bilər.

Məlumata görə, “Uvision” şirkəti “Hero” kamikadze-dronlarının zərurət yaranarsa modifikasiyasını aparmaq və ABŞ bazarına çıxmaq üçün “Raytheon” şirkəti ilə birləşərək alyans yaradıb.

 

Bu ilin yanvar ayında ABŞ ordusu artıq “Uvision Hero-30”  kamikadze-dronlarını sınaqdan keçirib. Həmin dronlarla ABŞ xüsusi təyinatlıları artıq bir neçə ildir maraqlanırdı. Bu dron cəmi 3 kiloqram ağırlığındadır və 0.5 kiloqram döyüş başlığına malikdir, 30 dəqiqə havada qala bilir. Lakin “Uvision” və “Raytheon” dronun ABŞ üçün daha yüngül variantını hazırlamaq üzərində işləyir. ABŞ xüsusi təyinatlılarına 25 min bu cür mini-dron almaq üçün tender elan edilib və müsabiqənin nəticələri yaxın aylarda açıqlaancaq. Şərtə görə dronlar 15 il ərzində təchiz edilməlidir.

Həmin ay ABŞ ordusu “Hero-120” dronlarını da sınaqdan keçirib, onun ağırlığı 12.5 kiloqramdır və 1 saat havada qala bilir. 1.5 kiloqramdan 3.5 kiloqrama qədər döyüş başlığı daşıyır. O cümlədən piyadalara qarşı qəlpəli fuqas başlığa malikdir. Bunlar avtomobillərin və infrastruktur obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub, amma dronların ağır tanklara qarşı döyüş başlıqları daşımaq qabiliyyəti də var.

“Hero-120” ABŞ dəniz piyadaları Korpusunun silahlanmasında yer alan 120 millimetrlik minomyotların əvəzlənməsi proqramı ilə bağlı elan edilmiş tenderdə iştirak edir.

 

May ayında isə ABŞ ordusu “Hero-400EC” dronlarını sınaqdan keçirəcək. Bu dronlar 4 saat uça bilir və gələcəkdə “Future Attack” vertolyotlarının silahlanmasına daxil edilə bilər. “Hero-400EC” 40 kiloqram ağırlığındadır, 10 kiloqram döyüş başlığı daşıyır və döyüş maşınlarını, hərbi gəmiləri məhv etmək üçündür. Dronlar operatorun komandası ilə hədəfə zərbə endirməyi təxirə sala və geri dönə, yaxud başqa hədəfə yönələ bilər. O, paraşütün köməyi ilə yerə enir.

Qeyd edək ki, Azərbaycan ordusu və Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunları 44 günlük Qarabağ müharibəsi ərzində İsrail istehsalı olan “Harop” kamikadze-dronlarını, o cümlədən “Orbiter-1K” zərbə dronlarını kütləvi şəkildə tətbiq edib. Yüzlərlə düşmən hədəfini sıradan çıxarıb, çoxsaylı canlı qüvvəsini məhv edib.

Dünyanınsəsi.Az