ABŞ-dan Çinə uyğurlarla bağlı təpki

DÜNYA Manşet
Spread the love

Elxan Şahinoğlu: “Uyğurların bir qismi demokratiya üçün mübarizə aparır, digər qrup isə İŞİD-ə qoşulub”

“Çində düşərgələrdən yayılmış görüntüləri iki yerə bölmək lazımdır. Birinci görüntüdə düşərgələr salınıb, uyğurlar gətirilib, idman edirlər, sexlərdə işləyirlər, sonra evlərinə gedirlər.
Təbii ki, onların bu düşərgələrə könüllü gəldiyini söyləmək olmaz. Amma onlara həmin düşərgələrdə işgəncə verilmir, işdən sonra evlərinə gedirlər”.
Bu sözləri “Yeni Müsavat”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu son vaxtlar Çində yaşayan uyğurlara işgəncələr verilməsi barədə yayılan kadrlar haqda danışarkən bildirdi.
Onun sözlərinə görə, ikinci görüntüdə isə işgəncə faktları var: “Ancaq biz deyə bilmərik ki, nə dərəcədə realdır. Hətta təxribat da ola bilər.
Deməzdim ki, Çində insan haqlarının vəziyyəti idealdır. Amma bu videoların içəridən yayılması Pekinin də maraqlarına uyğun deyil.
Necə ki, Amerika İraq həbsxanalarında işgəncələr vermişdi və görüntülər yayılanda Birləşmiş Ştatların imicinə zərbə vurdu. Ona görə Çindəki vəziyyəti analiz etmək lazımdır, nə məqsəd güdüldüyü öyrənilməlidir.
Doğrudur, uyğurların problemi var. Sadəcə, Çində iki kateqoriyalı uyğurlar var. Onların bir qismi insan haqları, demokratiya üçün mübarizə aparır, digər qrup isə radikal islamçılardır, İŞİD-ə qoşulublar.
İraq və Suriyada radikal uyğurlar döyüşür. Çin də bəyan edir ki, onlarla mübarizə aparır. Amma nə qədər mübarizə aparırsansa, sadə uyğur da bir o qədər əziyyət çəkir”.
Elxan Şahinoğlu ile ilgili görsel sonucu
Ekspertin fikrincə, Çinin rəqibləri də bu faktordan ona qarşı istifadə edir: “Məsələ burasındadır ki, Amerika uyğurların nə dərdini bölüşür, nə onların halına canı yanır.
Sadəcə, bəhanədir və Çinə qarşı təbliğat maşını kimi istifadə olunur. Sual doğurur – niyə indi Çində uyğurların vəziyyəti dünyanın yadına düşdü?
Necə ki, qondarma erməni soyqırımı qətnaməsi qəbul edildi və Türkiyəyə qarşı təzyiq siyasəti kimi həyata keçirildi, eynilə ABŞ-Çin münasibətlərinin gərgin vaxtında uyğur kartından istifadə edilir”.
ABŞ Nümayəndələr Palatası Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı edilən repressiya siyasətinə görə Çin səlahiyyətlilərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Çin rəsmisi baş verənlərin din, etnik mənsubiyyət və ya insan hüquqları ilə əlaqəli deyil, zorakılıq və terrorla mübarizə çərçivəsində olduğunu bildirib.
Nümayəndələr Palatası və Senatın qəbul etdiyi qanun layihələrinin birləşdirilərək imzalanması üçün “Ağ Ev”ə göndəriləcəyi gözlənilir.
Son illərdə Çində uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsindəki “təhsil mərkəzi” adı altında fəaliyyət göstərən düşərgələr yaradılıb. Uyğur türklərinin milli kimliyi və mədəniyyətinə qarşı edilən qanun pozuntuları beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur.
DunyaninSesi.AZ