Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarı artıq iki aydan çoxdur ki, elm və təhsil müəssisələrində, o cümlədən sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. İş artıq o həddə çatıb ki, təkcə AAK-ın qəraraları deyil, ümumən dissertasiya ilə bağlı qoyulan tələblər, məqalələrin nəşri ilə bağlı təlimatlar və digər mühüm sənədlərin məzmunu haqqında ardı-arası kəsilmədən yazılar yazılır, bu barədə çoxşaxəli fikir mübadiləsi aparılır. Bir çox hallarda isə bu müzakirələr mövzu baxımından xırdalana-xırdalana öz sərhədlərini aşır, nəticədə AAK-ın bir qurum kimi fəaliyyəti və taleyi də müzakirə obyektinə çevrilir. Bu müzakirələrdə zəngin fikir və polemikaların çoxluğu və rəngarəngiliyi ilk növbədə onunla bağlıdır ki, uzun illərdən bəri elmi ictimaiyyətin ürəyində və ruhunda kirəclənmiş, paslanmış hisslər – bu qurumun fəaliyyətindəki qeyri-obyektivliklər sanki okean dalğaları kimi qayalara sərt şəkildə çırpılır. Deyilməmiş, ya da sadəcə həmkarlar arasında həqarətlə müzakirə edilib elə yerindəcə bağlanmış söhbətlər artıq indi rahat şəkildə ifadə olunur, bu qurumun əvvəlki fəaliyyətindəki nöqsanlar da qalaq şəklində bügünkülərin üstünə gələrək daha da hiddət və nifrətlə müzakirələrə səbəb olur. Bəli, haradan qaynaqlandı bu addım? İllərdir ki, ürəklərdə yığılıb qalmış bu nifrət və həqarəti belə kobud şəkildə üzə çıxaran nə oldu?
Hələ, yadınızdırsa, düz 9-10 il əvvəl də belə bir fasilə yaranmışdı. Aspiraturadan doktoranturaya keçid prosesində. Hamı onda da böyük inqilabi dəyişikliklər gözləyirdi. Amma nə oldu? Forma dəyişdi, məzmun qaldı, ya da ad dəyişdi, ancaq məna qaldı – dildəki arxaizmlər kimi. Və belə bir axarla da hamının böyük maraqla bir il gözlədiyi yeni “Əsasnamə”nin qəbulu oldu. Hər kəs dörd gözlə bu yenilikləri gözləyirdi ki, nə olacaq. Əsasnamə qəbul olundu. Amma bu da o qədər inqilabi bir şey olmadı. Toplananların yerini dəyişdikdə cəm dəyişmir söhbəti kimi, yəni “üç opponent = aparıcı müəssisə” bərabərliyi kimi. Bunu qəbul eləyib, şükr olsun deyib, əşşi yolumuza davam edib, elmi işimizi sağ-salamat müdafiə edək deyərək, özümüzə təsəlli verdik. Amma sən saydığını say, gör AAK nə sayır.
AAK yeni əsasnaməni əlində bayraq edib başladı “innovativ” qərarlar verməyə. Bu qərarlardan biri – məlum 13 dekabr tarixli qərar o qədər innovativ oldu ki, bu lərzədən bütün növbədə dayanaların gözündən yaş gəldi. Amma sevinc göz yaşı deyil ha, fəryad, nalələrdən doğan göz yaşları.
Bütün doktorant və dissertantların iki aydan artıq apardıqları mücadiləyə baxmayaraq, öz “uzaqgörən” prinsiplərindən geri dönməyən AAK ona ünvanlanmış bütün məktub və teleqramlara cavab olaraq qərarın dəyişməcəyini bildirməklə qalmadı, elm və təhsil müəssisələrinə qapı-qapı düşərək öz qaydalarını əyani şəkildə anlatmaq məcburiyyətində qaldı. Öz mövqeyinin dönməzliyini haqqını tapdaladığı gənclərin şəxsiyyətlərini və fəaliyyətlərini aşağılamaqla əsaslandırmaqda gördü. Nüfuzlu adamların – müəssisə rəhbərlərinin kölgəsinə sığınıb, onlar vasitəsilə xal toplamağa, özünü daha da yüksəldib, suçladığı gəncləri elmi fəaliyyətlərini “nəzarət altına almağa” çalışdı. AAK özü də yaxşı bilirdi ki, verdiyi qərarın arxasında dayanmaq lazımdır. Müəyyən bir qurum hansı qərarı verirsə-versin, mütləq onun arxasında dayanmağı, şamil etdiyi insanlar qrupuna bu qərarın onların rifahı üçün qəbul edildiyini əsaslandırmağı bacarmalıdır. Görünür, AAK gənclərin bu qədər zəkalı, ağıllı, hazırlıqlı olacağını təsəvvür etmədi. Onun da hesablamamışdı ki, bu gənclər “növbədənkənar müdafiə üçün icazə alan dissertantlar”a görə qurbana çevrilmiş və illərdir əsəbləri tarıma çəkilənlərdir. Təsəvvür etmədi ki, verdiyi qərarın şamil olunduğu insanlar illərdən bəri elmi və təhsili özünün üfunətli niyyətlərinə alət etləmiş qoca qurdlardan deyil. AAK-ın yeni rəhbərliyinin təcrübəsizliyi göstərdi ki, haqsızlığa uğramış bu insanlar nəinki elmə faydası olmayan, hətta özünə belə xeyri dəyməyən, illərdir, intriqalara, şərə, rüşvətə bulamış “elm adamları” kimi deyil. İllərdir, AAK-ı Məkkə qapısına çevirən, oradan diplom alan hər kəsi həcc ziyarəti qəbul olunmuş şəxslər kimi təqdim edənlər məgər bu dəfə bilmirdilər ki, orada əvvəlki üləmalar və imamların yerini indi “baba dərvişlər” tutub? Nə isə…
Bütün bunların baş verdiyi və mücadilənin davam etdiyi bir müddətdə isə AAK birdən-birə “insafa gəlib” konstitusiyaya zidd olan qərarının bir hissəsini dəyişdirdi. İnsafa haa… Nə oldu bəs birdən? Xalq içində bir deyim var: “qeyrətsizin birdən –birə qeyrətə gəlməyi pis olur”. Ürəklərimi yumşaldı? Rəhmlərimi gəldi? Ya Allahdanmı qorxdular? Yox, heç birindən…
Bəli, sözün əsl mənasında haqq uğrunda aparılan mücadilədir bu. Aylardır ki, yazılır, fəryad edilir. Bu, gənclərin günahı nə idi axı?! İndiki dövrdə – gənclərin qayğılarla yükləndiyi bir zamanda (o qədər də yüksək olmayan maaşla kirayə, ipoteka ödəmək, ailə qayğıları ilə əhatə olunmaq, xəstəliyi və xəstəsinin yaşaması üçün mücadilə aparmaq) məgər asandırmı elmi iş yazmaq? Gəncləri öldürmək yox, elmə həvəsləndirmək lazımdır, əzizlərim! Bu, haqq-hüququ pozulmuş gənclərin apardıqları mübarizənin bir hissəsinin nəticəsidir. İnanmayanlar da vardı buna, hətta çox idilər də onlar. Müəyyən insanları və onları verdikləri qərarları toxunulmaz sayan şəxslər, xüsusilə müdafiələrdə özündən deyən alimlər vardı bu sırada. Hansı ki, 50 ildir ki, işlədiyi yerdə elm batalıqa çevrilib və dönüb düzəməlli baxmayıblar da arxalarına. Sadəcə sözlə elmə həvəsləndirmək propaqandası aparıblar. Nə isə. Bu, ilk addımda görk oldu. Cənab Prezidentimizin dediyi kimi, kimsə toxunulmaz deyil. Kimsə özünü toxunulmaz hesab edib millətə yuxarıdan aşağa baxmaqla bu milləti sındıra bilməz. Biz nə istəyirik? Ədalətli, insanların güzəranını yaxşılaşdıran qərarlar verilsin. Bu qədər sıxıntıların içərisində insanlar bezməsin, usanmasın. Hansı qərarlar verilirsə- verilsin, orada İNSAN amilini unutmaq olmaz. İnsalıq üçün qərarlar verilərsə, kimsə kimsəni incitməz, düşmən gözü ilə baxmaz bir-birinə.
Haqq uğrunda – ədalətli Azərbaycan uğrunda mübarizə davam edir. Biz Prezidentimizin yanındayıq. Allah hamımızın yardımçısı olsun!