
9 MAY – QƏLƏBƏ, YOXSA MƏĞLUBİYYƏT PARADI… – Putin dəvət etdiyi liderlərdən “canlı qalxan” kimi istifadə edir?
Bir neçə gün əvvəl Kremlin üzərində Ukraynaya aid olduğu iddia edilən PUA-lar vurulanda çoxları Vladimir Putinin 9 may paradında iştirak və çıxış etməyəcəyini, tədbirə onlayn qaydada qoşulacağını proqnozlaşdırırdılar. Ancaq göründüyü kimi, Rusiya başçısı özünün Rusiya cəmiyyətinə “qorxaq” kimi təqdim olunmaması üçün paradda şəxsən iştirak etməyə qərar verib. Hansı ki, onun ən çox qorxduğu məqamlardan biri də onun məhz “qorxaq və uğursuz” obrazının formalaşmasıdır.
Məlum olub ki, Putin bu paradda dövlət başçısı kimi tək deyil. Rusiya mətbuatı bildirir ki, 9 may paradına Putinlə yanaşı, daha 7 ölkənin başçısı qatılır. Maraqlıdır ki, bunlardan yalnız üçü – Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov və Ermənistan Baş naziri Nikol Paşinyanın paradda iştirak edəcəyi əvvəlcədən məlum idi.
Digər 4 Orta Asiya respublikaları liderləri az qala son anda – mayın 8-də parada qatılmağa razılıq veriblər. Bunlar Tacikistan Prezidenti İmamoli Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyaye, və Qazaxısatn Prezidenti Kasım-Jomart Tokayevdir və . Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovdur.

Hazırda bir çox mətbu orqanlarda və sosial şəbəkəlrəd yarı-ironiya ilə bildirirlər ki, Putin bu dövlət başçılarını az qala zorla parada “dartmaqla” bir növ öz təhlükəsizliyini təmin edib, onlardan özü üçün “canı qalxan” düzəldib. Çünki Kremlə PUA hücumundan sonra 9 may paradında da analoji hadisənin baş verməyəcəyinə təminat yox idi.
Doğrudan da, Rusiyanın ürəyi sayılan Kremli xırda PUA-lardan qoruya bilməyən Rusiyanın “tərifli” Hava Hücumundan Müdfafiə Sisteminin parad kimi böyük tədbirin təhlükəsizliyinə təminat verməsi problemli görünürdü. İndi isə paradda təkcə Putin yox, daha 7 ölkənin başçısı iştirak edir. Ona görə belə bir az-çox beynəlxalq miqyas alan tədbirə hansısa formada hücum təşkil edilməsi “ağ olardı”…
Ancaq bu tədbirə daha ciddi yanaşsaq, görərik ki, məhz Putin Rusiyası sayəsində SSRİ xalqlarının faşizm üzərində qələbəsinin ildönümü olduqca sönük, hörmətsiz, urvatsız vəziyyətə gətirilib.
Məhz Putin Rusiyası babalarımızın qanı üzərində nail olunan şanlı qələbəni dəyərdən, hörmətdən salaraq, onu özünün ucuz təbliğat alətinə çevirib.

Məhz Putin Rusiyasının sayəsindəı bu tarixi qələbə günü Rusiyanın Ukraynaya qarşı amansız işğalçılıq müharibəsi və ümumilikdə onun istər keçmiş sovet respublikaları, istərsə də dünyanın digər ölkələrində apardığı imperiyaçılıq, təzyiq, təhdid, kobud hərbi və siyasi müdaxilə siyasəti ilə assosiasiya olunur.
Məhz Putin Rusiyasının sayəsində nə zamansa faşizm, nasizm, irqi ayrıseçkilik və digər pisliklər üzərində qələbə çalan xalqların istər-istəməz siyasi paytaxtı olmuş Moskva bu gün özü həmin bu pisliklərin mənbəyinə çevrilərək, qonşu dövlətlərə soxulmaqla, xalqları bir-birinə qırdıqrmaqla, müstəqil dövlətlərə qarşı işğalla, dinc əhalini qırmaqla, milyonlarla insanı öz yurd-yuvasından didərgin salmaqla, kəndləri, şəhərləri viran qoymaqla, bu da azmış kimi bütün dünyanı nüvə silahı ilə təhdid etməklə məşğul olan əcaib “monstra” çevrilib.
Ancaq bu gün Ukraynada baş verənlər və bütün sivil dünyanın, o cümlədən də keçmiş SSRİ respublikaları xalqlarının Moskvaya olan mənfi, hətta ikrah və bəzən nifrət dolu münasibəti göz qarşısındadır. Bunu görən ən qatı imperiyaçı və putinçi belə təəssüflə də olsa anlayır ki, nə Rusiya SSRİ, nə də Putin Stalindir və heç zaman da olmayacaq. Odur ki, Putin hakimiyyəti və onun təəssübkeşləri üçün artıq bu parad qələbə yox, məğlubiyyət paradıdır…
Cəlal Məmmədov
Dunyaninsesi.Az