79 il öncə bu gün – 43 il əvvəl Tehranı xilas edən “Tehran-43” sazişi…

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Düz 43 il əvvəl bu günlərdə, daha dəqiqi, noyabrın 4-dən başlayaraq, minlərlə iranlı tələbə 444 gün ərzində ABŞ-ın Tehrandakı səfirliyini işğalda, əməkdaşlarını girovda saxlayıb.

Terrorçu tələbələrin əlində səfirliyin 52 əməkdaşı olub. Bu aksiyanı İranda islam inqilabına rəhbərlik edən Ruhulla Xomeyni “ikinci inqilab” kimi səciyyələndirib. Bu da o deməkdir ki, səfirliyin tutulması əmri birbaşa dövlət rəhbərliyi tərəfindən verilib. Sonradan o tələbələrdən biri hətta İranın prezidenti olub – Mahmud Əjmədinejad.

Bu hadisəyə görə Tehranla Vaşinqton arasındakı diplomatik əlaqələr kəsilib, müharibə vəziyyəti yaranıb, ancaq indi olduğu kimi, o zamanlar da həm hərbi, həm də kəşfiyyat baxımından dünyanın ən qüdrətli dövləti olan ABŞ islam respublikasına qarşı hərbi əməliyyata start verməyib.

Hazırda eyni situasiyanı təsəvvür etmək çətindir. İran eyni hərəkəti indi etsə, hansısa bir ölkədə və ya neytral sularda ABŞ vətəndaşlarını girov götürsə, bu, müharibəyə səbəb olarmı? Birmənalı şəkildə demək olar ki, bəli, bu ABŞ-a İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün tutarlı səbəb olar.

22.jpg (100 KB)

Bəs nədən 43 il əvvəl 52 vətəndaşı girov götürülən və ərazisi sayılan səfirlik binası işğal olunan ABŞ dişsiz davranıb, inqilab səbəbindən daxili sabitliyi pozulmuş, şahsevənlərlə klerikal qüvvələrin ciddi qarşıdurma halında olduğu İrana qarşı hərbi əməliyyatlara başlamayıb?

Nəzərə alaq ki, o vaxtlar İranın hərbi qüdrəti indikindən zəif durumdaydı və ABŞ kəşfiyyatı bu ölkənin hərbi gücü barədə müfəssəl bilgiyə sahib idi, üstəlik, iranın nüvə dövləti olmaması faktoru onun güclü müqavimət göstərməsini istisna edirdi.

55.jpg (92 KB)

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Şəxsiyyət və Zaman” adlanan kitabında bu hadisənin pərdəarxasına işıq salan detallar var.

Heç demə, həmin o gərgin, təlatümlü, qan və barıt qoxuyan günlərdə sovet dövləti Azərbaycandakı 4-cü ordusunu tam döyüş hazırlığı vəziyyətinə gətirib, Lənkəran-Astara və Culfa rayonları istiqamətində 22 diviziya yerləşdirərək İrana hərbi müdaxilə etmək niyyətində olub. SSRİ-dən belə bir xahiş edən olmayıb, əksinə, İran inqilabının lideri Ruhulla Xomeyni SSRİ-ni də ABŞ-a qoşaraq “ikinci böyük şeytan” elan etmək fikrindəymiş. Ancaq o, ABŞ-la ölkəsinin müharibə vəziyyətində olduğunu nəzərə alaraq Moskvaya barmaq tuşlayıb. Əvəzində İran şahının devrilməsini alqışlayan, islam inqilabına dəstək verən və sığındıqları ölkədən İrana qayıdan kommunistlərin, əsasən də “Tudə” partiyasının fəallarının həbsinə, SSRİ-nin 5-ci kolonunun neytrallaşdırılmasına başlanıb. Beləliklə, Moskvanın bulanıq suda balıq tutmaq niyyəti çətinə düşüb.

33.jpg (72 KB)

ABŞ isə İrana hərbi müdaxilənin nüvə dövləti olan SSRİ ilə hərbi münaqişəyə səbəb olacağını düşünərək, daha dəqiqi, bunu bilərək bu avantüradan çəkinib. ABŞ-da prezident seçkilərinin qızğın vaxtı olduğundan, həm də yenidən prezident seçiləcəyi şübhə altına düşdüyündən Ceyms Karter İranla müharibəyə başlamaq istəməyib. Böyük Britaniya və Kanada kimi ənənəvi müttəfiqləri də ABŞ-a dəstək verməyiblər.

1980-ci ildə sovet dövlətinin İranın tərəfində olduğu SİTA-nın (TASS – sovet dövlətinin baş xəbər agentliyi) yaydığı xəbərlərin tonundan da anlaşılır. Həmin ilin aprelində SİTA xəbər verir: “Karterin administrasiyası İran İslam Respublkasına qarşı təxribat həyata keçirmişdir. Ağ Ev nümayəndəsinin bu gün gecə təcili çağırılmış mətbuat konfransında elan etdiyinə görə, İran ərazisində, ayrıca bir yerdə, səhra şəraitində yaradılmış gizli aerodromdan Amerikanın Tehrandakı səfirliyinin bu ölkəyə qarşı casusluq fəaliyyətində günahlandırılan əməkdaşlarını azad etmək üçün desant əməliyyatı planlaşdırılırdı”.

Daha sonra xəbər verilir ki, əməliyyat “texniki nasazlıq” üzündən baş tutmayıb, yerdə iki ABŞ təyyarəsi toqquşub, 8 nəfər həlak olub.

Göründüyü kimi, sovet dövləti səfirlik əməkdaşlarını girov götürən terrorçuları dəstəkləyib, onların azad edilməsi cəhdini isə təxribat adlandırıb. Halbuki bir ölkənin casusluqda ittiham edilən dilomatlarını normal ölkələrin heç birində girov götürmürlər, sadəcə, “persona non qrata” elan edir, ölkədən çıxarırlar.

99.jpeg (300 KB)

Sözügedən kitabda bu məsələ haqqında o zamanlar SSRİ DTK-sının birinci müavini olmuş Filip Bobkovun da mülahizəsi yer alıb. Bobkov deyib: “İrandakı səfirliyin əməkdaşlarına yardım göstərmək üçün amerikanlar desant çıxarmağa hazırlaşırdı. Bilirsiniz ki, 1979-cu ildə orada səfirlik ətrafında iri münaqişə yaranmışdı. Belə olduqda, ABŞ Tehrana qoşun yeritməklə iranlıları cəzalandırmaq qərarına gəldi. Qoşun yeridilməsi yaxın günlərdə baş tuta bilərdi və bu, həlledici hal idi. Çünki amerikalılar İrana qoşun çıxarsaydı, müqaviləyə əsasən biz də qoşun çıxarmalı idik. Bir-birinə qarşı İranda iki qüvvə hərəkət edir. Təsəvvür edirsinizmi, bu nəyə gətirib çıxara bilərdi?”

tehran-konfransi.jpg (46 KB)

Beləliklə, aydın olur ki, 42-43 il əvvəl İranı ABŞ-ın qəzəbli revanşından SSRİ amili, daha dəqiqi, 1943-cü ildə müttəfiq dövlətlərin (ABŞ, SSRİ və Böyük Britaniya) Tehranda imzaladıqları müqavilə xilas edib. Həmin konfransda Almaniya və Yaponiyanın taleyi ilə yanaşı, xarici qoşunların bu ölkədən çəkilməsi və İrana müstəqillik verilməsi (!!!) məsələsi də müzakirə olunub. Ona görə də ABŞ həmin sazişin pozulacağı halında SSRİ-nin İrana soxulacağından, onunla qarşı-qarşı gələcəyindən qorxub.

İndi nə SSRİ var, nə də onun varisi Rusiya İrana görə ABŞ-la kəllə-kəlləyə gəlmək gücündə və həvəsindədir. Üstəlik, bu dövlət ərəb dünyası və Avropa ölkələri ilə ciddi münaqişə içindədir, Türkiyə ilə münasibəti çox da isti sayılmaz, İsraillə barışmaz düşməndir. Başqa sözlə, İran hazırda təklənmiş vəziyyətdə və onunla 43 illik intriqası, hətta daha dəqiq desək, düşmənçiliyi olan ABŞ-la qarşı-qarşıyadır. Belə bir vəziyyətdə İran dilini bir az şirin etməli, Azərbaycan, İraq, Pakistan, Türkiyə, Əfqanıstan kimi qonşularıyla “sıfır problem” siyasəti yeritməlidir ki, sabah-birigün xarici aqressiya ilə üzləşəndə qonşuları ən azı ona humanitar yardım göstərsinlər.