“60 MİLYONLUQ YENİ VƏ GÜCLÜ AZƏRBAYCAN ORTAYA ÇIXA BİLƏR…” – “Fransa Azərbaycandan Türkiyənin intiqamını almaq istəyir, amma…”

Manşet MÜSAHİBƏ
Spread the love

Sərdar Cəlaloğlu: “Ağıllı dövlətlər Azərbaycana əvvəlki qaydada kiçik dövlət kimi deyil, böyük perspektivi olan ölkə kimi baxmağa başlayıblar”

“Azərbaycan və Türkiyə de fakto konfederativ əlaqədədirlər, Şuşa Bəyannaməsi də bunu sübut edir”

“Gələn il Rusiya Cənubi Qafqazdan çıxacaq və bu zaman Azərbaycan-Ermənistan məsələsi də həll oluncaq”

Fransa və Ermənistanın səyləri nəticəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aparılan Azərbaycan-Ermənistan danışıqlar platformasının mövcudluğu sual altına alınmış olur. Son illərin ən effektiv platforması kimi işləyən Brüssel formatının gündəmdən çıxarılması Rusiyanın alternativ danışıqlar mərkəzi kimi imkanlarını artıra bilər.

“AzPolitika.info” regionda yaranmış durumu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

– Sərdar bəy, Azərbaycan-Ermənistan münasibətlərində gərginliyin artması müşahidə olunur. Nikol Paşinyan dekabrın 7-də Brüsseldə planlaşdırılan görüşdən faktiki imtina edir, yalnız Emmanuel Makronun qatılacağı təqdirdə görüşün baş tuta biləcəyini bildirir. Azərbaycanın buna qəti etirazı fonunda yaranan durumu necə qiymətləndirmək olar?

– Ümumi şəkildə dünyada qlobal dəyişikliklər baş verir və onun episentrlərindən biri də Cənubi Qafqazdır. Regionumuzda baş verənlər əslində qlobal dəyişikliklərin bölgəyə təsirlərinin təzahürləridir. Məsələn, Fransa burada vasitəçilik edə bilmədi, Rusiya onu sıxışdırdı. Türkiyənin nisbi “susqunluğu”, ABŞ-ın Azərbaycanı müdadfiə etməsi və s. əslində, yeni geopolitik reallıqlara və gələcəkdə kimin harada olacağına dair ipucu verir. Baş verənlərə bu kontekstdə baxmaq daha doğru olardı.

Konkret Fransaya gəldikdə, Parisin bizim bölgədə tarixən nə marağı olub, nə də ciddi təsirləri. Qənaətimcə, Türkiyənin digər regionlarda əldə etdiyi nailiyyətlərdən geri çəkilməsini istəyən Fransa Cənubi Qafqazda fəallaşmaqla ola bilsin ki, bazarlıq etmək istəyir. Bu saat Fransa ilə Türkiyənin maraqları Yaxın Şərqdə və Şimali Afrikada toqquşur. Fransa bu regionlarda heç nə əldə edə bilmir. Odur ki, məcbur olub Cənubi Qafqazda radikal mövqe nümayiş etdirir ki, nələrsə əldə etsin, bazarlığa getsin və s. Yəni Paris yalnız Azərbaycana görə deyil, həm də Türkiyəyə görə bizə təzyiq edir.

İlham Əliyevin də mövqeyi aydındır. O, başa düşür ki, nə oyunlar gedir. Odur ki, buna uyğun olaraq cavab verir.

Mən hesb edirəm ki, son vaxtlar daha vacib məqam bizim Güney Azırbaycanda yaşayan soydaşlarımızla bağlı Prezident Əliyevin verdiyi və getdikcə kəskinləşən bəyanatlarıdır. O, əvvəlcə Türk Dövlətlər Təşkilatının Baş katibi ilə görüşündə dedi ki, sərhədlərimizdən kənarda olan soydaşlarımızın hüquqları haqqında düşünürük. İndi isə açıq şəkildə Güney Azərbaycanda yaşayan soydaşlarımızın təhsil hüququ məsələsini qaldırdı.

Mən hesab edirəm ki, bütün bunlar təkcə Cənubi Qafqaz deyil, İranın özünün də daxil olacağı iri regional dəyişikliklərin təzahürüdür. Ola bilsin ki, bölgədə 60 milyonluq yeni və güclü Azərbaycan ortaya çıxacaq. Mümkündür ki, İran özünün ənənəvi rolunu bir qədər kiçiltsin. Çünki İran son 30-40 ildə dünya üçün problemlər yaratmağa başlayıb. Bir sözlə, baş verən hadisələrin mahiyyəti qlobal siyasətdə ayrı-ayrı siyasi coğrafiyaların rolunun yenidən qiymətləndirilməsi ilə bağlıdır. Hər halda, mənim gəldiyim qənaət belədir.

– Deyirsiniz ki, qlobal geopolitik dəyişikliklərin episentrlərindən biri də Cənubi Qafqazdır. Bəs, bu prosesdə Azərbaycanın yeri haradadır, rolu nədən ibarətdir?

– Bizim yerimiz Türk Dövlətləri Təşkilatı, eləcə də Avropa və Amerikanın yanındadır. Biz hələ yaxın 100 ildə ABŞ və Avropa ilə yaxın əməkdaşlıq xəttini davam etdirməliyik. Aydındır ki, Türkiyə ilə əbədi müttəfiqik. Eləcə də Türk Dövlətləri Təşkilatı ciddi şəkildə inkişaf etdirilməlidir.

– Dediniz ki, müəyyən proseslər kimin harada olduğuna dair ipucları verir. Azərbaycan, Türkiyə, İsrail, Pakistan əməkdaşlığını nəzərdə tutursunuzmu?

– Məncə, bu siyahıya Böyük Britaniyanı və Ukraynanı da əlavə edin. Eləcə də İsrailin arxasında dayanan ABŞ-ı. Bu zaman mənzərə aydınlaşacaq. Məsələn, ABŞ tərəfi bəyan etdi ki, Azərbaycanın müstəqilliyini və suverenliyini müdafiə edirik. Bu, olduqca ciddi məsələdir. Yəni bu, “bölgədə Rusiyanın və ya İranın Azərbaycana qarşı təzyiqi olacaqsa, ABŞ Azərbaycanın yanında olacaq” mesajıdır. Məsələn, dünən Əliyev açıq bildirib ki, Azərbaycan Ordusu Türkiyənin, Türk Ordusu Azərbaycanın ordusudur. Bunun özü çox ciddi məsələdir. Düzdür, mən də əvvəlcədən buna oxşar fikirlər səsləndirmişdim, amma dövlət başçısının yüksək səviyyədə bunu elan etməsi artıq Azərbaycan və Türkiyənin konfederativ əlaqələrdə olduğunu göstərir. Çünki hərbi güclərin və diplomatiyanın birliyi konfederasiya quruluşuna xasdır. Dövlət başçısı da bildirir ki, Azərbaycan və Türkiyənin bir ordusu var. Artıq Azərbaycan və Türkiyə de fakto konfederativ əlaqədədirlər, Şuşa Bəyannaməsi də bunu sübut edir. Bu da Azərbaycanın bölgədəki rolunu onun ərazisi və əhalisinin sayı ilə deyil,

Türkiyə ilə müttəfiqlikdən meydana çıxan gücü ilə hesablanmasını tələb edir. Ağlı başında olan bilir ki, söhbət 10 milyonluq Azərbaycandan deyil, 90-100 milyonluq gücdən və perspektivdə Azərbaycanın 60 milyonluq dövlətə çevrilə bilməsinin mümkünlüyündən, nəhayət, Türk Dövlətləri Təşkilatı formatında nəhəng gücün yaranmasından gedir. Tarixi reallıqlar göstərir ki, proseslər bu istiqamətdədir. Ona görə də ağıllı dövlətlər Azərbaycana əvvəlki qaydada kiçik dövlət kimi deyil, böyük perspektivi olan ölkə kimi baxmağa başlayıblar. Yerdə qalan dövlətlər isə tarixin təkərini ləngitməyə cəhd edir. Lakin heç kəs bunu dayandırmaq gücünə malik deyil.

– İndi bizim regionumuzda görünən odur ki, Paşinyan-Makron cütlüyü Brüssel formatını sıradan çıxarır, Qarabağda münaqişə ocağının kökünü nəyin bahasına olursa-olsun saxlamağa çalışırlar…

– Mənə elə gəlir ki, Praqa görüşü Brüssel görüşləri ilə müqayisədə ikinci dərəcəli məsələdir. Brüssel görüşləri Avropanın əksər ölkələrinin maraqlarını ifadə edir, Praqa görüşündə isə Paris bir qədər irəli çıxır. Praqa formatı Böyük Britaniya, ABŞ, İtaliya – yəni Fransa ilə maraqları toqquşan dövlətləri təmin etmirdi. Burada ən əsası Avropa Birliyinin iştirakı ilə məsələlərin yoluna qoyulmasıdır. Paşinyanın Makronun iştirakı ilə danışıqlara cəhd etməsi isə Ermənistanın Rusiyadan sonra özünə yeni ağa tapması ilə bağlıdır. Sadəcə, Paşinyan bir şeyi unudur ki, artıq dünyada xristianlıq, “əzilən ermənilər” məsələsi keçmir. Dünyanı elə təhlükələr təhdid edir ki, onların aradan qaldırılması üçün əhəmiyyətli dövlətlər müdafiə olunmalıdır və olunacaq da. Artıq heç kəs kiçik bir dövlətin və xalqın demoqoqluğu, sərsəm iddiaları ilə ciddi maraqlanmayacaq. Fransanın Ermənistanı dəstəkləməsinin arxasında isə sadəcə, Cənubi Qafqazda Türkiyənin intiqamını Azərbaycandan almaq niyyəti və bazarlıq imkanı əldə etmək məqsədi durur. Məncə, buna elə də ciddi fikir vermək lazım deyil.

 

 

– Bununla da Azərbaycan-Ermənistan görüşlərinin dayandığını söyləmək olarmı?

– Yox, görüşlər dayanmır, davam edəcək. Hazırda Cənubi Qafqazda təsir uğrunda mübarizə gedir. Rusiya burada zəiflədikcə, biz də real sülh danışıqlarına doğru gedəcəyik. Amma hadisələr göstərir ki, Rusiya Cənubi Qafazdan əl çəkmək istəmir, Ermənistanda olan hərbi gücü, Qarabağdakı müvəqqəti sülhməramlı kontingenti vasitəsilə addımlar atır, üstəlik alternativ danışıqlar platforması qurmağa çalışır. Amma bu, uzun müddət davam etməyəcək.

– Niyə?

– Çünki ABŞ və digər aparıcı ölkələrin Ukraynada yürütdüyü siyasətin nəticəsi tədricən özünü göstərir. Rusiyadakı ağıllı insanlar da anlayırlar ki, artıq Rusiyanın bu bataqlıqdan çıxmaq şansı yoxdur.

– Bir çox mütəxəssislərə görə, indiki Qarabağ prosesində Rusiya və Fransa birgə hərəkət edir. Siz bu fikirlə razısınız?

– Yox, bu yanlış qənaətdir. Ukrayna cəbhəsində Rusiya və Fransa faktiki olaraq müharibədədir, düşmən tərəflərdir. Ola bilsin ki, Türk məsələsində əməkdaşlıq var. Lakin Ukrayna cəbhəsində düşmən olduqlarına görə, onların arasında siz dediyiniz oyunun qurulması çətin məsələdir.

Sadəcə olaraq, Ukrayna cəbhəsində Rusiya uduzur və zəifləyir. Fransa isə Cənubi Qafqazda Rusiyanın zəifləməsilə yaranan boşluğu doldurmağa çalışır. Amma unudurlar ki, bölgədə Türkiyə var və o, yaranan boşluğu tədricən doldurur. Fransanın hətta Ermənistan üzərində öz təsirini gücləndirməsi və orada Rusiyanın yerini tutması belə çətin məsələdir. Azərbaycan və Gürcüstan isə Türkiyə ilə sıx əməkdaşlıq edir. Ortada Ermənistan qalır. İrəvan gah Fransa, gah Amerika ilə oynayacaq, amma sonda gəlib Azərbaycan və Gürcüstan kimi Türkiyə ilə əməkdaşlıq edəcək. Hazırda Türkiyə az qala supergüc kimi çıxış edir, Cənubi Qafqaz ona yaxın ərazidir. Türkiyə gələcəkdə ola bilsin ki, nəhəng qaz və neft anbarı olsun. Bütün bunlar göstərir ki, Türkiyə ilə razılaşmağa məcburdurlar. Fransanın zorakı yolla Türkiyəni bizim bölgəmizdən sıxışdırmaq və oyun oynmaq imkanı yoxdur. Qafqazın ən böyük dövləti olan Azərbaycan Türkiyənin, ən kiçik dövləti olan Ermənistan isə Fransanın yanındadır. Rusiya isə heç vaxt Fransa ilə əməkdaşlıq edə bilməz. Çünki Rusiyanın buraxdığı boşluğun məhz Fransa tərəfindən doldurulması gələcək perspektivdə rus dövlətçiliyi üçün böyük təhdidlər deməkdir.

– Sizcə, bundan sonra Azərbaycan-Ermənistan danışıqları əsasən harada gedə bilər?

– Hələlik ciddi danışıqlar, yəni hadisələri sonlandıracaq qərara gəlinməsi üçün zaman çatmayıb. Bir qədər də gözləmək lazımdır ki, danışıqların vahid platforması olsun. Alternativ platformaların olması əslində danışıqlarda irəliləyişlərə imkan vermir. Çünki Praqada görüş olur və bilinir ki, sabah Rusiya çağıracaq. Moskvada olur və aydınlaşır ki, Vaşinqton dəvət edəcək. Odur ki, heç bir platformada tərəflər nə ciddi addımlar atır, nə də üzərlərinə ciddi öhdəliklər götürürlər. Amma vahid platforma yarandıqdan sonra heç kəs prosesi uzada bilməyəcək.

– Demək istəyirsiniz ki, indi tərəflər daha çox vaxt udur və qlobal prosesin məntiqi sonluğunu gözləyir?

– Hadisələr olduqca dəyişgəndir. Belə proseslər fonunda ciddi beynəlxalq layihələri həyata keçirmək mümkün deyil. Odur ki, bir qədər sabitləşmə olmalıdır ki, sülh müqaviləsi imzalansın, tərəflər bir-birinə sözdə deyil, davranışda hörmət etsin. Amma hələlik Rusiyanın müəyyən gücü var. Məncə, gələn il Rusiya Cənubi Qafqazdan çıxacaq və bu zaman Azərbaycan-Ermənistan məsələsi də həll oluncaq.

Dunyaninsesi.Az