“40 min imza qanunu”- vətəndaşlar ölkə həyatında iştiraka cəlb olunur

Manşet SİYASƏT
Spread the love

Əlövsət Allahverdiyev: “Elə ölkələr var ki…”

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Qanunu imzalayıb. Qanunda ən çox diqqəti qoyulan tələblər cəlb edir. Bu tələbləri təqdim edirik:
Maddə 3. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsinə dair tələblər
3.1. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 50-ci, 53-58-ci və 62.4-cü maddələrində müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
3.2. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində (bundan sonra – layihə) aşağıdakı məsələlər nəzərdə tutula bilməz:
3.2.1. dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;
3.2.2. əmək haqqının məbləği və onun ödənilməsi qaydası;
3.2.3. cinayət və ya inzibati xətalar;
3.2.4. ailə münasibətləri;
3.2.5. ərazi quruluşu və inzibati ərazi bölgüsü;
3.2.6. dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
3.2.7. seçki və referendum;
3.2.8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;
3.2.9. amnistiya;
3.2.10. seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.
3.3. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.
Ekspertlər bu qanunu vətəndaşların ölkənin həyatında iştiraklarının artması baxımından müsbət dəyərləndirirlər. 40 min imza ilə çox şeyləri dəyişməyin mümkünlüyündən söz açılır.
Digər ölkələrdə bu təcrübənin necə olması ilə maraqlandıq.
Hüquqşünas Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu
Hüquqşünas Əlövsət Allahverdiyev bir sıra ölkələrin adlarını sadaladı: “Bu məsələ bəzi ölkələrin qanunvericiliklərində müxtəlif formada tövsif olunub. Elə ölkələr var ki, onlarda müəyyən qədər seçici imzası qanunvericilik təşəbbüsü yaradır, elə ölkələr də var ki, ümumiyyətlə, seçici imzaları belə bir təşəbbüsün reallaşması üçün əsas hesab olunmur. Məsələn, Rusiya Federasiyası Konstitusiyasının 104-cü maddəsinə görə qanunvericilik təşəbbüsü hüququ Rusiya Federasiyasının Prezidentinə, Federasiya Şurasına, Federasiya Şurasının üzvlərinə, Dövlət Dumasının deputatlarına, Rusiya Federasiyasının Hökumətinə, Rusiya Federasiyasının təsis qurumlarının qanunverici (təmsilçi) orqanlarına məxsusdur. Qanunverici təşəbbüs hüququ həm də Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinə və Rusiya Federasiyasının Ali Məhkəməsinə aiddir.
Qanunverici təşəbbüs hüququ subyektlərinin dairəsi müxtəlif ölkələrdə dəyişir və əksər hallarda konstitusiyalarla müəyyən edilir. Ölkələrin böyük əksəriyyətində bu hökumət və parlament üzvlərini (hökumət və parlament təşəbbüsü) əhatə edir. ABŞ-da yalnız parlament üzvlərinin bu hüququ var (yalnız büdcə layihəsi prezident tərəfindən təqdim olunur, ancaq büdcə xüsusi bir akt növüdür). Bir sıra ölkələrdə bu dairəyə digər qurumlar – ali və birbaşa aşağı səviyyədə olan dövlət orqanları, mərkəzi dövlət qurumları, bəzən dini və digər ictimai birləşmələr (xüsusi təşəbbüs), parlamentlərarası orqanlar, parlamentlərdəki orqan və təşkilatlar və seçicilər qrupları (populyar təşəbbüs) daxildir. Bolqarıstanda istənilən xalq nümayəndəsi və Nazirlər Şurası qanunvericilik təşəbbüsü hüququndan istifadə edirlər (konstitusiyanın 87-ci maddəsi),
Slovakiyada qanun layihələri Milli Şuranın komitələri, deputatlar və hökumət tərəfindən təqdim edilə bilər (konstitusiyanın 87-ci maddəsinin 1-ci hissəsi),
Almaniyada isə qanun layihələri Federal Hökumət, Bundestaq və Bundesratın deputatları tərəfindən təqdim olunur (əsas qanunun 76-cı maddəsinin 1-ci hissəsi);
Çex Respublikasında bir qanun layihəsi bir deputat, bir qrup deputat, senat, hökumət və ya daha yüksək bir özünü idarəetmə ərazi vahidinin nümayəndəliyi tərəfindən təqdim edilə bilər (konstitusiyanın 41-ci maddəsinin 2-ci hissəsi);
Rumıniyada qanunverici təşəbbüs hüququ hökumətə, millət vəkillərinə, senatorlara, habelə ən azı 250 min seçiciyə məxsusdur (birinci cümlə, konstitusiyanın 73-cü maddəsinin 1-ci hissəsi);
Meksikada bu, respublika prezidentinə, Federal Konqresin deputatlarına və senatorlarına, əyalət qanunverici orqanlarına aiddir (konstitusiyanın 71-ci maddəsi); Kubada belə bir hüquq millət vəkillərinə, Dövlət Şurasına (ən yüksək daimi fəaliyyət göstərən səlahiyyətli orqan), Nazirlər Şurasına, Xalq Gücü Milli Məclisinin komissiyalarına, Kuba İşçi Mərkəzinin Milli Komitəsinə və digər kütləvi ictimai təşkilatların milli orqanlarına, Ədalət Administrasiyası üçün Xalq Ali Məhkəməsinə, Baş Prokurorluğa verilir. Səlahiyyətlərinə aid məsələlərdə, habelə 10 mindən az olmamaq şərti ilə seçicilər (konstitusiyanın 88-ci maddəsi)”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”