Azərbaycana qarşı çirkin oyun: Rusiya “miatsum” ideyası üçün “nəfəslik” rolunda

Əsas Manşet SİYASƏT
Spread the love

Sülhməramlıların Qarabağdakı hərəkətləri Azərbaycan və Türkiyənin Rusiya üçün itirilməsinə gətirə bilər; politoloq: “Münaqişənin qalmasını istəyən başqa xarici güclər də var…”

Qarabağda 5 mart tarixində yaşanan silahlı erməni təxribatı bir qənaəti faktiki daşlaşdırmış oldu: ərazimizdə müvəqqəti yerləşmiş Rusiya “sülhməramlı” kontingenti qanunsuz silahlı dəstələri nə zərərsizləşdirmək, nə də onları Qarabağdan çıxarmaq niyyəti var. Daha betəri: nəinki bunu etmirlər, üstəlik, separatçı-kriminal dəstələrə ərazimizdə möhkəmlənmək üçün hər cür texniki və başqa dəstəyi verir, onları legitimləşdiməyə çalışırlar.

Məlum insidentlə bağlı Rusiya Müdafiə Nazirliyinin 6 martda yaydığı bülleten bunu bir daha təsdiqləyir. Sitat: “2023-cü il martın 5-də saat 10:00-da Dükanlar qəsəbəsi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçiləri Dağlıq Qarabağın hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu avtomobili atəşə tutublar. Toqquşma nəticəsində 3 nəfər həlak olub, avtomobildə olan bir işçi isə yaralanıb. Azərbaycan tərəfdən itkilər: iki ölü, bir yaralı olub. Rusiya sülhməramlılarının səyi ilə toqquşma dayandırılıb. Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”.

Məlumatda o da deyilir ki, guya rus sülhməramlılar yaralı azərbaycanlı hərbçilərə də kömək ediblər.

Beləcə, erməni terrorçuları təmizə çıxaran Rusiya hərbi kontingenti rəhbərliyinin növbəti saxtakarlığı ortada. Görəsən, hansı “Dağlıq Qarabağ”dan, hansı “Dağlıq Qarabağ hüquq-mühafizə orqanlarının əməkdaşları”ndan söhbət gedir?

Göründüyü kimi, Rusiya tərəfi, üstəlik, insidentə görə məsuliyyəti bütünlüklə öz ərazisində qanuni yoxlama aparmaq istəyən Azərbaycanın üzərinə qoyub. Halbuki məsuliyyət daşımalı əsas tərəf elə Rusiyadır. Qarabağda hələ də silahı dığalar gəzdiyi üçün, 10 noyabr sənədinin məlum 4-cü bəndini bu günədək qulaqardı elədiyi üçün.

Üstəgəl, hərbçilərimizə atəşi ilk kimin açdığı dəlil-sübutlar əsasında məlum: bu, yoxlama tələbinə məhəl qoymayan silahlı cinayətkarlardır.

“Təəssüflə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb”.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Bu barədə Müdafiə Nazirliyimizin müvafiq bəyanatında deyilir.

“Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulub və nəticədə iki hərbçimiz şəhid olub, biri isə yaralanıb. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilib və biri yaralanıb. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyil”, – deyə bəyanatda xüsusi qeyd olunur.

Həmçinin deyilir ki, insident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin ilkin tibbi yardım göstərməsi və təxliyə etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir: “Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib”.

*****

Rusiya tərəfi isə bütün bu faktları görməzlikdən gəlməklə əsasən iki məqsəd güdür: 1. Rus hərbçilərin ermənilərin avtomobilini yoxlamadığını, onlara sərbəst hərəkət imkanı verdiyini (öz missiyalarını yerinə yetirmədiyini) ört-basdır eləmək; 2. Azərbaycanı suçlu çıxarmaqla separatçıların əlinə işləmək, onların müttəfiqi olduğunu göstərmək. Ki, işinizdə olun, yanınızdayıq.

Bəs bundan sonra nə etməli?

Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

“Azərbaycan separatçılarla deyil, köhnə “miatsum” siyasəti ilə üz-üzədir. Ona görə də onlardan ötrü nəzarətsiz dəhlizin qalması fundamental xarakter daşıyır. Çünki bu siyasəti həyata keçirmək üçün onlara nəzarətsiz dəhliz lazımdır. Söhbət təkcə silahların ötürülməsindən deyil, həm də maliyyə axınından gedir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Politoloq xatırladıb ki, Ermənistan son 30 ildə xarici qüvvələrin dəstəyi ilə Qarabağda “miatsum” siyasətinə xidmət edən infrastruktur yaradıb: “Bu infrastrukturun maliyyə və hərbi-siyasi komponentlərini sıradan çıxarmaq Azərbaycan üçün çox vacibdir. Çünki bu strukturların dağıdılmaması münaqişə meydanının davam edəcəyi deməkdir. Ermənistanda bunu yaxşı başa düşürlər. Çünki nəzarətsiz dəhliz olmasa, seçilmiş siyasət uzun müddət aparıla bilməyəcək”.

Beləliklə, bir müşahidə edilən odur ki, Rusiya bölgədə öz qalıcılığını uzunmüddətli eləmək üçün separatçılarla birgə “miatsum” ideyasını diriltmək xətti götürüb. Bu isə Azərbaycanla birgə Türkiyəyə qarşı da açıq-aşkar düşmənçilik xəttidir. Hansi ki, Rusiya üçün iki qardaş dövlətin itirilməsinə, yaxud onların Qərb cəbhəsinə keçməsinə gətirə bilər. Rusiyaya bu lazımdırsa, olsun.   

Hərçənd politoloqun fikrincə, Rusiya ilə yanaşı, başqa xarici güclər də münaqişənin davam etdirilməsində maraqlıdır: “Biz bir sıra Avropa dövlətlərinin davranışını, Qarabağın öz müqəddəratını təyin etməli olduğunu deyən Almaniya kansleri Olaf Şolsun bəzi açıqlamalarını görürük. Görürük ki, bu qüvvələr münaqişənin davam etməsini istəyir. Bu, həmçinin İrandakı müəyyən qüvvələrə aiddir. Bu mənada son insident Azərbaycanla onun ərazisini münaqişə anklavına çevirmək istəyən qüvvələrin növbəti qarşıdurmasıdır”.

Sabiq xarici işlər naziri habelə Rusiya kontingentinin məsuliyyət zonasında erməni əhalisi arasında gedən çox maraqlı proseslərə diqqət çəkib: “Mən üç qrupu ayırıram: əhalinin birinci qrupu öz gələcəyini Azərbaycanın tərkibində görənlərdir. Kifayət qədər böyük olan ikinci qrup əmlakını satıb başqa yerə köçmək istəyənlərdir. Üçüncü qrup isə sonadək mübarizə aparmağa hazır olan radikallardır. Buna görə də bu qruplara münasibətimiz fərqli olmalıdır. Məsələn, yaşamaq istəyən insanlar üçün ünsiyyət vacibdir. İkinci qrupa gəlincə, düşünürəm ki, biz “Asan-xidmət”lə aktiv işin variasiyalarını nəzərdən keçirməliyik ki, onların əmlakı yenidən qeydiyyata alınsın ki, sata bilsinlər. Bu, çox yaxşı olacaq, çünki Azərbaycan etnik təmizləmə aparan Ermənistandan fərqli olaraq, sivil həll yolu təklif edir. Martın 5-də baş verənlər isə radikalların məhv edilməsi əməliyyatıdır. Lakin bu o demək deyil ki, birinci və ikinci qruplarla iş ləğv edilməlidir…”

Dünyanınsəsi.Az