Azərbaycanda yay turizmi: pandemiyanın keyfiyyətə və qiymətlərə təsiri – 2 rəy

Hit İQTİSADİYYAT
Spread the love

COVID-19 pandemiyası dünya üzrə turizm iqtisadiyyatını iflic vəziyyətinə saldı. Qlobal məhdudiyyətlər turizm sahəsində trilyonlarla vəsaitin dövriyyədən çıxmasına, 100 milyonlarla iş yerinin bağlanmasına səbəb oldu. Ölkələrin öz sərhədlərini yenidən xarici turistlərin üzünə açdığı bir zamanda bəşəriyyət yeni bir təhdidlə üz-üzə qaldı. Söhbət Rusiya-Ukrayna müharibəsindən gedir. Buna baxmayaraq, müsbət proqnozlar da var.

Bu arada məlum olub ki, qardaş Türkiyə 2022-ci ildə 42 milyon xarici turist qəbul etməyi planlaşdırır. Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib. Onun sözlərinə görə, Türkiyə böhranlara qarşı immunitetli və hazır olmalıdır: “Məqsəd bu il 42 milyon turist qəbul etməkdir və biz bu hədəfdən dönməyəcəyik”, deyə nazir bildirib.

O xatırladıb ki, 2019-cu il Türkiyə üçün bu xüsusda rekord il olub – ölkəyə 52 milyon turist gəlib və 34 milyard dollar gəlir əldə olunub. 2021-ci ildə Türkiyəyə 30 milyon əcnəbi səfər edib ki, bu da ölkəyə 24,5 milyard dollar qazandırıb.

İlin əvvəlindən xarici ölkələrlə hava sərhədlərinin açılması Azərbaycanda da turizm sektorunun dirçələcəyinə ümid yaradır. Əgər 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanı 162991 nəfər ziyarət etmişdisə, 2022-ci ilin müvafiq dövründə isə ölkəmizə 330679  nəfər gəlib. Ən çox ziyarətçi Türkiyədən gəlib-26,9%. Əcnəbilərin  15,7%-i İran, 6,9%-i Gürcüstan, 22,6%-i Rusiya, 11,8%-i Asiya, 10 % Avropa, 4,3% Yaxın Şərq ölkələrindən, 1,7%-i isə digər ölkələrdən gəlib.

Gülnar Mustafayeva mətbuat katibi təyin edildi

Gülnar Mustafayeva 

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva “Yeni Müsavat”a bildirdi ki, yay turizm mövsümündə turistlərin sayında proqnozları üstələyən statistika gözlənilir: “Artıq dünyada pandemiya qaydaları yumşaldılıb. Dünya turizmi post-pandemiya dövründədir və sürətli bərpa dövrünə keçib. Ölkəmizdə də eyni tendensiya müşahidə olunur. Rəqəmlər də bunu deməyə əsas verir. İlin əvvəlində ötən illə müqayisədə 50% artım gözləyirdik, lakin 4 ayın nəticəsinə əsasən daha çox turistin gələcəyini proqnozlaşdırırıq. Təkcə, aprel ayında ölkəyə 84402 nəfər gəlib, bu da ötən illə müqayisədə 84% çoxdur. Yanvar-aprel aylarında isə 330 mindən çox əcnəbi ziyarətçi gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 103% artım deməkdir”.

Yeri gəlmişkən, DTA-nın veb-saytında interaktiv statistika bölməsi istifadəyə verilib. Belə ki, gəlmə statistikası göstəricilərini özündə ehtiva edən bölmənin ilk səhifəsində cari il və ay üzrə Azərbaycana səfər edən xarici vətəndaşların sayı, ölkələr və regionlar üzrə filtrləmək funksiyası öz əksini tapır. Səhifədə ziyarətçilərə aylıq gəlmə sayına regionlar və ölkələr üzrə nəzər salmaq, eləcə də cari ilin hazırkı ayını əvvəlki ilin müvafiq ayı ilə rəqəm və faiz üzrə müqayisə etmək imkanı təqdim olunur.

Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ruslan Quliyev

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm eksperti Ruslan Quliyev 2021-ci ili ümid və bərpa ili kimi dəyərləndirib: “Proqnozlar da göstərirdi ki, mərhələli açılış uğurla davam edir. Ukrayna-Rusiya müharibəsi müəyyən problemlərlə müşayiət olunsa da, digər tərəfdən yollar açılır, bu da Azərbaycan üçün yeni imkanlar yaradır. Bu fürsətlərdən istifadə etmək lazımdır. Postpandemiya dövrünə hazırlıq görülürdü. Deyə bilərəm ki, Azərbaycan turizmçiləri bunun öhdəsindən yaxşı gəldilər: tanıtım, sərgilərdə iştirak, ikitərəfli görüşlər və s. Azərbaycan bir çox mötəbər beynəlxalq sərgilərdə təmsil olunub, eyni zamanda  85-dən çox ölkədən Azərbaycana girişə icazə verilib. PCR testinin və maska tələbinin ləğvi də əlavə imkanlar yaradır. İnanıram ki, quru sərhədlərin mərhələli şəkildə açılması ilin sonuna doğru turizm statistikasına müsbət təsir edəcək. Bu baxımdan çeşidli məhsulların hazırlanması çox vacibdir. Bölgələrdə büdcəyə uyğun xidmətlərin göstərilməsi, bunun təşviq olunması üçün imkan yaradılmalıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”