3-cü Qarabağ savaşı OLACAQMI? – TƏHLİL

Əsas Manşet QARABAĞ
Spread the love

44 günlük Vətən müharibəsinin yaratdığı daha bir gerçəklik də budur ki, tezliklə, ən azı yaxın illərdə miqyaslı müharibə olmayacaq. Rusların “Heç vaxt heç vaxt demə” məsələnin də yeri var, üstəlik, nəzərə alsaq ki, Bakının təklif və təkidlərinə baxmayaraq, Ermənistan rəhbərliyi sülh razılaşmasından qaçır, hər fürsətdə təxribatlar törədir. Bu da Qarabağda da , iki ölkəninin sərhədində də gərginliyin alovlanması riski yaradır.

Doğrudur, Qələbənin yaratdığı xoş emosiyalardan ayrılmaq da çətindir, hər səhər düşünəndə ki, Qarabağdakı hər iki mənada qəlbimiz Şuşa da daha işğalda deyil, günlər, aylar keçəsə də, bu sevinci doya-doya yaşamaq istəyirsən. İstəsən, başqa gerçəklikləri gözardı edib, “Qarabağda yenə müharibə olacaq”, “ordumuz İrəvana girəcək” kimi “toy havaları”na lap qol götürüb oynamaq da olar…

Baxıram, bəzi tanınmış ekspertlər də yeni mümkün müharibə haqda elə rahat danışırlar ki, sanki bu plesteyşinsə uşaq oyuncağıdır: pış-gış…

Müharibənin necə ağır nəticələrinin olduğunu Azərbaycan canında iki dəfə hiss edib. Birinci Qarabağ müharibəsində məğlub, ikinci Qarabağ müharibəsində isə qalib kimi! Hər iki müharibədə ağır itkilər vermişik, son Vətən müharibəsində şəhid olanların ana-bacılarının, nişanlılarının göz yaşları hələ qurumayıb. Bir çox analar yarıcan qalmış qazi övladlarının acılarını onlarla bərabər yaşayırlar, elələri var ki, övladı 8 aydır itkindir! Övladları hərbi xidmətdə olanlar da çoxdur, müharibədən sonra onların da ürəkləri daha çox səksəkəlidir, düşmənin atdığı hər xain güllə onların analarının ürəyinə sıxılmış kimidir…

Ən azı bu səbəblərdə rahat evlərində oturub, cəmiyyətə xoş görünmək üçün “müharibə olacaq” deyəndə bu gerçəkləri gözardı etməyək. Onların deməyi ilə əlbəttə müharibə olası deyil, dövlət işini də, reallığı da bilir. Amma bu müharibə pafosunun indilikdə qəti yeri yoxdur. Sözü güllə kimi atanda, gərək onun kimləri yaralaya biləcəyini də nəzərə alasan…

Azərbaycan-Ermənistan sərhəddində müharibə ehtimalından başlayaq. Baş verən son gərginliklər, intensiv atışmalar Qarabağda ağır mənəvi-psixoloji zərbə almış ermənilərin yalnız özünüqoruma instinkti ilə izah etmək olmaz. Sərhədimiz sentyabrın 27-dək Ağcabədi postunda indi, indi ordumuz gedib Göyçə gölü qənşərinə çıxıb (Qələbəmizi kölgələyən bəzi nadanlar bunu unutmasınlar), haqqımız olan bir qarış torpağımızı istəyir, sərhədlərin razılaşdırılmasına və bundan sonra sülh müqaviləsinə tərəfdarıyıq. SSRİ gorbagor olanda, iki qarşı-qarşıya durmuş ölkənin sərhədlərini razılaşdırmaq imkanı olmayıb. İki ay əvvəl qırğızlarla taciklər arasında sərhədə qan su yerinə axdı, amma geniş miqyaslı müharibə olmadı. Sərhəd həssas məsələdir və az qala 100 illik “Böyük Ermənistan” xəyallarını birdəfəlik itirən ermənilər indi heç olmasa, qalan əraziləri əlində saxlamaq istəyir. Bizim sərhəddə Ermənistana xüsusi ərazi iddiamız yoxdur, bunu vasitəçiliyini təklif edən Avropa İttifaqı da yaxşı bilir, əsas vasitəçi ölkə Rusiya da.

Sərhəddə gərginlik təkcə Ermənistanın işi deyil, erməni havadarları olan ölkələrin də burada birbaşa barmağı var. Konkret olar Fransa və Amerikanın. Biz o gerçəyi də qəbul etməliyik ki, indi Qarabağda da, Ermənistan sərhədində də süni gərginlik təkcə Bakıya qarşı yönəlməyib. Bu gərginliyə həm də Qərbin Rusiya, eləcə də Türkiyə ilə “hesablaşması” konteksində baxılmalıdır. Rusiyanın Qarabağ müharibəsində açar rolu oynaması, Türkiyənin bizə açıq dəstəyi ermənipərəst Qərbin də belini qırdı, dünyanın dörd bir tərəfinə səpəlnmiş erməni seçicisi yanında onların dillərini gödək etdi. Makronun da, Baydenin də indi ortada daha çox “toz-duman” etməsi əslində ermənilərin revanşist siyasətlərinin davamıdır. Qarabağda bir qələt edə bilmədilər, amma sərhəddə bizi təxribatlara çəkə bilərlər, “Rusiya erməniləri qoruya bilmir” deyib, hətta Paşinyanın razılığı ilə öz sülhməramlılarını sərhədə yeridə bilərlər. Yəni sərhəddə müharibə ehtimalı Azərbaycanın Qarabağda müharibəsinə bənzəməz. Ermənistanla sərhəddə bizi “vura bilərlər”, bunun üçün bəhanələr tapmaq mümkündür. O səbəbdən gerçəklik bu ki, Azərbaycan Ermənistanla sərhəddə mümkün gərginlikdən yayınanacaq, bizə atacaqlarsa, biz də atacağıq, bizim əsgəri öldürəcəyiksə, biz də onların əsgərini gəbərdəyəcək, amma genişmiqyaslı müharibəyə getməyəcəyik.

Rusiyanı çox bəlalarda suçlamaq olar, amma sərhəd məsələsində Moskva bizimlə müttəfiq kimi görünür, çünki onlar da baş verənlərin gerçək səbəblərini bilməmiş deyil. Ermənistan Rusiyanın patronajlıq etdiyi KTMT-ni sərhdəddəki konfkliktə yenə cəlb edə bilmədi və onlardan əllərini birdəfəlik üzdü. İndi fransız və amerikalı “mavi dəbilqəliləri”nin arxasınca düşüblər. Dünən axşam Azərbaycanın sərhəddə PUA qaldırıb yalanın arxasında duran niyyət də budur: “Rusiya bunu görmür, gəlin bizi xilas edin”. Fransa prezidentinin Ermənistana səfər ərəfəsi təxribatların daha da artacağını gözləmək olar, amma nə Makron sərhədə qoşun gətirəsidir, nə amerikalı Co…

Qarabağda müharibə ehtimalına gəlincə, bu barədə spekulyasiyalar xeyli azalsa da, yenə də var. “Xankəndinə girib dağıtmaq” emosiyalarının yerini, antiterror əməliyyatları, ermənilərin ram edilməsi kimi daha real görünə bilən riktorika əvəz edib. Qarabağ ermənilərinə nə lazımsa, Azərbaycan prezidenti deyir, həm də elə diplomatik tərzdə ki, “trassel güllə” kimi bir yerdən girib bir yerdən çıxmır, bədəndə fırlanır. Son olaraq Şuşa yüksəıkliyinin kimdə olduğuna işarə edərək və Xankəndini nəzərdə tutaraq “ayağımızın altındadırlar” ifadəsi beş antiterror əməliyyatına bərabərdir. Bunu biz deyəndə ermənlərin tükü tərpənmir, prezident deyirsə, dərhal qarın ağrısına düşürlər, tərcümə edib qaçırlar müsyö və sem dayılarının yanına.

Qarabağda bəzi problemlər, cəmiyyəti nsarahat edən problemlər qalır, amma müharibə bitib və Azərbaycan indən sonra quruculuq planları qumalıdır və qurur da…

Nazim SABİROĞLU,