Ərdoğan Suriyada hansı müharibəni başlayacaq…

DÜNYA Manşet
Spread the love

“Türkiyə yerlərdəki müttəfiqlərinin köməyi ilə və ya öz gücü hesabına Suriyanın şimalındakı təhlükəni yox etməyə hazırdır”, – prezident Ərdoğan bildirib. O, əlavə edib ki, “səbir kasası dolub”. Ərdoğan bu sözləri Kürdüstan işçi partiyasının (PKK) silahlılarının Türkiyənin üç zabitinin ölümü ilə nəticələnən hücumundan sonra söyləyib.

Ərdoğanın Vladimir Putinlə görüşü zamanı Ankaranın İdlib məsələsindəki prinsipial mövqeyini qoruyub saxlamağa nail olması yalnız bir anlama gəlir – Türkiyə Suriyadakı hərbi mövcudluğunu saxlayacaq.  Bu isə Dəməşqi də, yerli kürdləri də, Moskvanı da, ABŞ-ı da qıcıqlandırır.

İraq Kürdüstanındakı seçkilərin nəticələri də vəziyyətin dramatikliyini artırır – hakimiyyətyönlü partiyalardan olan deputatların inamlı qələbəsi göstərdi ki, bu bölgədə PKK tərəfdarlarına yer yoxdur, yerli əhali isə muxtariyyətin Türkiyə ilə sıx əlaqələrinə və Ankaranın bölgədəki hərbi mövcudluğuna coşqunluqla olmasa belə, hər halda anlaşma ilə yanaşır.

Bunu nəzərə alaraq son həftədə istər PKK-ya bağlı, istər ABŞ-ın qulluğunda dayanan, istərsə də “Afrin azadlıq qüvvələri” kimi Moskva ilə xoş münasibətlərdə olan müxtəlif kürd qruplaşmalarının fəallaşmasına təəccüblənmək çətindir – Türkiyə hərbçilərinə hücumlar gündəlik xarakter almağa başlayıb.  Hər hücumdan sonra da Ankaranın və onun yerli proksilərinin ünvanına yezitcəsinə “onlar bölgənin təhlükəsizliyini təmin etmək gücündə deyillər” kimi ittihamlar başlayır.

Ərdoğan Putinlə görüşdə Türkiyənin Suriyaya dair mövqelərini qoruya bildi…

Türklər bu hücumlarda xüsusi təhlükə görmürlər, belə ki PKK silahlılarının “mövsümi kəskinləşmələri”  ilə effektiv mübarizə aparmağı çoxdan öyrəniblər.  Ancaq onlar ötən həftə Türkiyə ərazisini atəşə tutmağa cəhd edəndən sonra Ərdoğanın söylədiyi kimi səbir kasası həqiqətən də doldu. Kürd silahlılarına möhkəm dərs vermək, onları nümayişkaranə cəzalandırmaq lazımdır – buna şübhə yoxdur.  Ancaq bu cavabın miqyasları necə olmalıdır?

Ehtimal yürütmək üçün bütün əsaslar var ki, Türkiyə Suriyada hər hansı ordu əməliyyatına başlamayacaq, söhbət yalnız silahlıların və onların infrastruktur obyektlərinin sərrast zərbələrlə  məhvindən gedəcək.  Və bu məhdud miqyaslı əməliyyatlar özünü doğruldur, çünki indi fərqli dövrdür – terrorla mübarizənin siyasi amillərlə sıx bağlılığı var.

Suriyadakı xarici oyunçular bir bəlli faktı heç cür qəbul etmək istəmirlər ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatları özünümüdafiə hüququ  çərçivəsində həyata keçirilən müdaxilədir.  Ərdoğanın milli təhlükəsizlik üzrə məsləhətçisi İbrahim Kalın Ankaranın bu mövqeyini öz müsahibəsində bu cür ifadə edib: “Terror təhlükəsi ilə üzləşdiyimizə görə sərhədlərimizin təhlükəsizliyinin təmin olunması bizim tam təbii hüququmuzdur.  Bütün bu müdaxilələri qanuni özünümüdafiə çərçivəsində dəyərləndirmək lazımdır”.

Türkiyənin irimiqyaslı hərbi əməliyyatlardan daşınıb kürd qruplaşmalarına nöqtə zərbələri endirməyə üstünlük verməsində onlar üçün yaxşı heç nə yoxdur

Ancaq Moskvada da, Vaşinqtonda da bu yanaşmanı qəbul etmək istəmirlər.  Özləri bu hüquqdan fəal yararlanırlar, ancaq  Quod licet Jovi, non licet bovi,  yəni Yupiterə rəva olanlar öküzə  icazə verilmir, yəni, onların fikrincə, Türkiyənin bu cür hüququ yoxdur.  Odur ki, Ankara Mənbic və Tel-Rifatın ətraf rayonlarını təmizləmək üçün onların mövqeyini nəzərə alacaq.

O cümlədən Rusiya bu əməliyyata hər yolla mane olacaq, çünki Moskvanın kürdlərlə oyunu hələ bitməyib, onların heç olmasa bir hissəsini rusiyapərəst etmək ümidləri isə ölməyib.  Moskva kürdlərlə təmaslara Ankaraya əlavə təzyiq aləti kimi baxır və bundan imtina etmək istəmir.

Vaşinqtonun mövqeyi də aydındır:  Bayden administrasiyası hazırda Suriyanı tərk etmək planını hazırlayır və mühüm siyasi qərarlar ərəfəsində özünün müttəfiqi olan kürdlərə qarşı miqyaslı hücumlarla barışmayacaq.  Axı kənardan elə görünəcək ki, türklər ABŞ-ı Suriya ərazisini tələsik tərk etməyə məcbur edib. Necə ki, taliblər Vaşinqtonu Əfqanıstandan çıxmağa məcbur qoymuşdular.  Ağ Evin hazırkı sakinlərinin reytinqi isə siyasi planda ikinci “Kabil hava limanı”na tab gətirməyə bilər.

Türkiyənin miqyaslı əməliyyatdan vaz keçərək nöqtəvi zərbələrə üstünlük verməyinin kürd qruplaşmalarına əslində heç bir xeyri yoxdur. Ankara sübut edib ki, onun hərbi qüvvələri bu məsələnin öhdəsindən uğurla gəlir, ona görə də kürd terrorçularının geri çəkilmək də yox, sadəcə tələm-tələsik qaçmaqdan başqa yolları qalmayıb.